Dünya yeni qaydalar diktə edir: Avropa təsirini itirir, Türkiyə və digər ölkələr önə çıxır
Tarix: 18-11-2025 12:18 | Bölmə: Slayd
Dünya yeni qaydalar diktə edir: Avropa təsirini itirir, Türkiyə və digər ölkələr önə çıxır

Avropa əsrlər boyu qlobal nizamı formalaşdırsa da, bu gün artıq təzyiq altında qalan tərəfə çevrilir. Bu barədə “Financial Times” nəşrinin şərhçisi Gideon Rəhman yazıb.

Reyting.az
xəbər verir ki, G. Rəhmanın sözlərinə görə, Avropanın müdafiə sahəsindəki zəifliyi onun ticarət gücünə də mənfi təsir göstərir. O hesab edir ki, bu vəziyyət daha dərin struktur problemlərinin yalnız bir təzahürüdür.

Şərhçi qeyd edir ki, bir zamanlar dünyaya hakim olan qitə indi ABŞ, Çin, Türkiyə, ərəb monarxiyaları və hətta Rusiyaya “yol verir”.

G. Rəhmanın fikrincə, Moskva, Ankara və Pekin Balkanlarda daha fəal mövqe tutur. Çin qitədəki təsirini genişləndirmək üçün investisiya və kreditlərdən istifadə edir. Rusiya isə Avropa İttifaqında artan daxili parçalanmalardan, xüsusilə Kremlə yaxın partiyaların populyarlığının yüksəlməsindən bəhrələnməyə çalışır.

Müəllif yazır ki, Avropanın əsas problemləri nə maliyyə, nə də silah çatışmazlığıdır. Əsas məsələ xroniki süründürməçilik, bürokratik maneələr, siyasi iradə çatışmazlığı və keçmiş oyun qaydalarına psixoloji bağlılıqdır. Brüssel qaydalara və prosedurlara riayət etməkdə ustadır, lakin mövcud qlobal güclər kimi sürətli və qətiyyətli qərarlar verə bilmir.

Qeyd olunur ki, Avropa özünü əxlaq və beynəlxalq hüququn müdafiəçisi kimi görməyi sevsə də, Afrika və Asiyanın bir çox ölkəsində bu ritorika müstəmləkə keçmişi səbəbindən etimadsızlıqla qarşılanır.

Analitikin fikrincə, dünya hazırda yeni bir “Avropa uğrunda mübarizə” mərhələsinə qədəm qoyur. Bu prosesdə xarici oyunçular Avropa İttifaqının siyasətinə və iqtisadiyyatına təsir imkanlarını genişləndirir, daxili parçalanmalardan faydalanırlar.

Məqalədə həmçinin bildirilir ki, Slovakiya və Çexiya kimi Avropa İttifaqı (Aİ) ölkələrində Rusiyaya daha rəğbətlə yanaşan partiyaların seçkilərdə qalib gəlməsi Avropa Birliyinin gələcəyi üçün ciddi risklər yarada bilər.

Sonda G. Rəhman qeyd edir ki, Avropanın “sərt güc” çatışmazlığını “yumşaq güc” - mədəni cəlbedicilik, sosial model və rifahla kompensasiya edə biləcəyinə dair populyar inanc illüziya ola bilər: “Qətiyyətli addımlar atmadan bu üstünlüklər də təhlükə altına düşə bilər. Əgər Avropa güc tətbiq etməyi öyrənməsə, onun cəlbediciliyini təmin edən sərvət və təhlükəsizlik itəcək”.

N. ORUCOV




Bölməyə aid digər xəbərlər