Raketlər üçün hissələr istehsal edən zavod vurulub
Tarix: 26-11-2025 18:36 | Bölmə: Dünya
Raketlər üçün hissələr istehsal edən zavod vurulub

Ukrayna müdafiə qüvvələri Rusiyanın Çeboksarı şəhərində qanadlı və ballistik raketlər üçün komplekt hissələr istehsal edən zavoda zərbələr endiriblər.

Reyting.az
xəbər verir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Telegram”da yayıb.

Məlumatda deyilir ki, Müdafiə Qüvvələrinin bölmələri 26 noyabr 2025-ci il gecəsi Çuvaşiya Respublikasının Çeboksarı şəhərində yerləşən, qanadlı və ballistik raketlər üçün naviqasiya avadanlıqları və komplekt hissələr istehsal edən “VNİİR-Proqress” zavodunu, o cümlədən digər hədəfləri vurublar.

Zavod ərazisinə dəqiq zərbə endirildiyi və nəticədə müəssisədə yanğın baş verdiyi qeyd olunur.

Baş Qərargah bildirib ki, sözügedən Rusiya zavodu GLONASS, GPS və Galileo peyk sistemləri üçün quraşdırılan qəbuledicilər və antenlər, xüsusilə “Kometa” tipli modullar istehsal edir. Bu modullar “Şahed” tipli kamikadze dronlarında, “İskander-M”, “Kalibr” raket komplekslərində, eləcə də aviasiya bombaları üçün uçuş idarəetmə modullarında tətbiq olunur.

Zərbələrin vurduğu ziyanın dərəcəsi dəqiqləşdirilir.

Bundan əlavə, Ukrayna dronları Zaporojyenin müvəqqəti işğal olunmuş Vasilyevka şəhərində Rusiyanın 58-ci ümumqoşun ordusunun tərkibindəki bölmələrdən birinin komanda məntəqəsini, Mariupolda “Tor-M1” zenit-raket kompleksini, Donetsk vilayətinin işğal altındakı Oçeretino və Kamenka yaşayış məntəqələrində briqada səviyyəsində sursat anbarlarını, həmçinin Pokrovsk istiqamətində rusların canlı qüvvə toplanma yerini məhv edib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər