Cəlaloğlu: İndi dünyada axtarış mərhələsidir, daha sonra yeni nizam qurulacaq
Tarix: 18-11-2025 18:56 | Bölmə: Slayd
Cəlaloğlu: İndi dünyada axtarış mərhələsidir, daha sonra yeni nizam qurulacaq

“Türk Dövlətləri Təşkilatı Orta Asiyada dörd türk dövlətinin, eləcə də Azərbaycan və Türkiyənin iştirakı ilə yaradılan beynəlxalq təşkilatdır. Düzdür, bu qurum hələlik güclü birlik səviyyəsinə çatmayıb, lakin bu istiqamətdə addımlar atılır. Eyni zamanda ABŞ-ın təşəbbüsü ilə Orta Asiya respublikalarının dirçəlişi və təhlükəsizliyi ilə bağlı layihə həyata keçirilir. Bu yaxınlarda Tacikistan da daxil olmaqla, Orta Asiya ölkələrinin rəhbərləri ABŞ-a səfər edərək bir sıra müqavilələr imzaladılar. Söhbət yüz milyardlarla dollarlıq sərmayədən və iqtisadi əməkdaşlıqdan gedir”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

S. Cəlaloğlu bildirib ki, Tacikistan Türk Dövlətləri Təşkilatına (TDT) üzv olmadığı üçün Orta Asiyanı vahid platformaya çevirmək mümkün olmur: “Bu səbəbdən Məşvərət Şurası yaradılıb və Tacikistan da bu qurumda təmsil olunur. Məncə, Orta Asiya respublikalarının bir araya gətirilməsi Çin və Rusiya faktorunun zəiflədilməsinə yönəlib. Digər tərəfdən, bu dövlətlər qədim “İpək Yolu”nun üzərində yerləşirlər. Onların birləşməsi həm bu yolun təhlükəsizliyini, həm də rentabelliyini artıra bilər”.

ADP sədri əlavə edib ki, Azərbaycan coğrafi baxımdan Orta Asiya ölkəsi sayılmır:

“Azərbaycanın Orta Asiya liderlərinin Məşvərət Şurasına daxil olması müsbət haldır. Biz coğrafi olaraq Orta Asiya ölkəsi olmasaq da, həm Avropa, həm də Asiya ölkəsi kimi tanınırıq və bu məkanların qovşağında yerləşirik. Bu baxımdan Qazaxıstanın təklifi ilə Azərbaycanın tamhüquqlu üzv kimi Məşvərət Şurasına qəbul edilməsi əhəmiyyətli hadisədir”.

S. Cəlaloğlunun fikrincə, bu formatda Türkiyənin maraqlarına zidd addımlar atılmamalıdır: “Azərbaycanın bu qurumda iştirakı belə halların qarşısını almağa da kömək edə bilər. Şübhəsiz ki, Azərbaycanın bir sıra regional və beynəlxalq təşkilatlarda təmsil olunması ümumi işin xeyrinədir. Əgər məqsəd TDT-nin güclənməsinə əlavə stimul yaratmaqdırsa, bu çox önəmlidir.

Məşvərət Şurasında təmsil olunan dövlətlərin beşi türk dövlətidir. Ona görə də bu təşəbbüsü alqışlamaq lazımdır. Azərbaycanın bu prosesdə iştirakı və Prezident İlham Əliyevin məlum mövqeyi sayəsində ölkəmiz bu platformada həm də Türkiyənin maraqlarını müdafiə edə biləcək. Üstəlik, gələcəkdə Tacikistanın da TDT-yə daxil olması ümumi proseslərə qoşulmasına mane yaratmayacaq”.

Cəlaloğlu qeyd edib ki, hazırda yeni dünya nizamının müəyyənləşdirilməsi istiqamətində “axtarış mərhələsi” yaşanır: “Faktiki olaraq nə Avropa Birliyinin, nə də digər birliklərin gələcəyi tam aydın deyil. Son dövrlər bəzi təşkilatlar yaranır, bəziləri isə fəaliyyətini genişləndirir. Beləliklə, dünya ölkələri keçid mərhələsindədir. Bu mərhələ başa çatdıqdan sonra yeni dünya nizamı formalaşacaq. Mən hesab edirəm ki, Orta Asiya respublikalarının Məşvərət Şurası bu mənada önə çıxa bilər. Təbii ki, burada kənar təsirlərdən uzaqlaşmaq və regionun gələcək inkişafını təmin etmək üçün səylər birləşdiriləcək”.

Müsahibimiz sonda əlavə edib ki, dünyada süni intellekt məsələsi ön plana çıxır: “Eyni zamanda, qiymətli nadir elementlərin əhəmiyyəti getdikcə artır. ABŞ artıq Ukrayna ilə nadir elementlərlə bağlı saziş imzalayıb və digər ölkələrlə də oxşar razılaşmalar əldə edir. Orta Asiyada da çox böyük nadir element ehtiyatları mövcuddur. Əlbəttə, ABŞ bu ehtiyatlara çıxış əldə etməyə və bölgədə ciddi təsirə malik dövlətləri zəiflətməyə çalışa bilər”.

Nemət ORUCOV
Reyting.az




Bölməyə aid digər xəbərlər