Sərdar Cəlaloğlu: “Partiya olaraq həm müxalifətin yanındayıq, həm də iqtidarın…”
Tarix: 17-05-2019 13:16 | Bölmə: Slayd
Sərdar Cəlaloğlu: “Partiya olaraq həm müxalifətin yanındayıq, həm də iqtidarın…”

“Tutaq ki, iqtidar ölkəni dağıdır, camaata zülm edir. Mən müxalifətçi kimi ona qarşı nə qədər sərt olsam, gərginliyi artırsam, onun məqsədinə xidmət etmiş olaram”.

Bu fikirləri Reyting.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

Onun sözlərinə görə, hazırda müxalifətlə iqtidar arasında münasibəti daha da gərginləşdirmək yanlışlıqdır:

“Hər iki tərəflə müəyyən məsafə saxlayan qüvvələr olmalıdır ki, qüvvələrin toqquşmasının qarşısı alınsın. Yəni, partiya olaraq həm müxalifətin yanındayıq, həm də iqtidarın yanında kimi görsənirik. Heç olmasa, bu iqtidarla müxalifət arasında körpü rolunu oynayaq ki, sabah ölkədə milli həmrəyliyə ehtiyac olduqda qüvvələr bir araya gələ bilsinlər”.

S. Cəlaloğlu qeyd edib ki, uzun illərdir hakimiyyət mövqeyindən geri çəkilmir. Müxalifətin sərt yanaşması da nəticə vermir. Deməli, prosesə fərqli yanaşma lazımdır.

Partiya sədri siyasi arenada gərginliyin azaldılmasını ən doğru yol hesab edir. Onun qənaətincə, müxalifət də zorakılığa yox, yumşaq mübarizə üsuluna keçməlidir:

“Bəziləri deyir ki, iqtidar bizə zülm edirsə, biz də ona zülm eləməliyik. Bu, çox yanlış yanaşmadır. İqtidar zülm edir, biz onu pisləyirik, müxalifət də onun tayı olsa, bunun sonu necə olacaq? Bu baxımdan, rəqibin silahından imtina eləmək lazımdır. Həzrəti Əli deyir ki, rəqibin silahını götürmək, bəri başdan onun günahına şərik olmaqdır. Ona görə də rəqibin silahını götürməməliyik. Hakimiyyət nə qədər kin, nifrət, zorakılıqla silahlanıbsa, biz də o qədər sevgi ilə silahlanmalıyıq. Qandi də deyirdi ki, zorakılığa qarşı zorakılıq onu qidalandırmaq, gücləndirmək deməkdir. Bu mənada iqtidar zorakılıqla mübarizə aparırsa, biz loyallıqla mübarizəyə başlamalıyıq”.

Z. ƏHMƏD
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}