ReAL Partiyası ölkə müxalifətinə çağırış etdi
Tarix: 04-06-2019 13:47 | Bölmə: Slayd
ReAL Partiyası ölkə müxalifətinə çağırış etdi

Son dövrlər müxalifətdaxili çəkişmələrdə ReAL Partiyasının da adı hallanır. Opponentlərinin ReAL-ın mövqeyində yumşalmaların olması ilə bağlı iddialarına qarşı tərəf cavab vermək məcburiyyətində qalır.

Məsələyə münasibət bildirən ReAL Partiyasının icra katibi Natiq Cəfərli Reyting.az-a deyib ki, bu ittihamları səsləndirənlər özləri bunu izah etməyə borcludurlar.

Onun sözlərinə görə, qarşı tərəfdən normal, siyasi dildə, əsaslandırılmış hər hansı açıqlama olmayıb, yalnız fərziyələrdir:

“Azərbaycan siyasətində 25 ildir boş və mənasız qarayaxma kampaniyası davam edir. ReAL-ın mövqeyi, Azərbaycan siyasətinə baxışı heç vaxt dəyişməyib. Biz cümhuriyyətin bərpası, Azərbaycanın parlamentli respublikaya keçidi ilə bağlı ilk gündən necə yola çıxmışıqsa, bu gün də o yolda davam edirik. Sadəcə, bizim əsas qayəmiz ondan ibarətdir ki, Azərbaycanda siyasət mədəni müstəviyə otursun. Bunun üçün müəyyən addımlar atmışıq. 40 min imza kampaniyası keçirdik, onun ilkin nəticələrini əldə etdik”.
N. Cəfərli müxalifət partiyalarının cəmiyyəti aktiv olmağa çağırmasına tərəfdarıdır: “Biz müxalifəti seçki institutunu xalqın gözündən salmamağa çağırırıq. Əslində, müxalifət bununla hakimiyyətin əlinə oynayır. Çünki hakimiyyət istəyir ki, camaat seçkiyə getməsin. Müxalifət də bu mövqeyi başqa yöndən sərgiləyəndə, biz vətəndaşı seçki məntəqəsinə necə gətirəcəyik? Biz bu yola inanır, bu yolda addımlayırıq. Başqaları prosesi başqa cür görürsə, onların qarşısını kəsmirik, getsinlər, görək hara qədər gedəcəklər”.

N. Cəfərli sonda qeyd edib ki, ReAL-ı ittiham edən müxalifətin 25 ildə nəyə nail olduğu göz önündədir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}