Türkiyədə erməni telekanalının açılması… - Partiya sədri ilə deputatın təklifi nədir?
Tarix: 14-06-2019 15:30 | Bölmə: Slayd
Türkiyədə erməni telekanalının açılması… - Partiya sədri ilə deputatın təklifi nədir?

Türkiyədə erməni dilindən tərcümədə “işıq” mənasını verən “Luys” TV-nin açılması adıçəkilən ölkə ilə yanaşı Azərbaycanda da birmənalı qarşılanmayıb .

YAP-çı deputat Aydın Hüseynov Reyting.az-a açıqlamasında deyib ki, Türkiyədə erməni telekanalının açılması ilk baxışdan normal qarşılana bilər. Onun sözlərinə görə, həmin telekanalın hansı istiqamətdə təbliğat aparacağı önəmlidir: “Əgər bu telekanalda ermənilərin işğalçılığı, aqressivliyi ilə bağlı obyektiv təbliğat aparılacaqsa, burada qəbahət bir iş yoxdur. Uzun illərdir ki, ermənilər dünyaya car çəkirlər ki, guya türklər onlara qarşı soyqırımı həyata keçiriblər. Ona görə də bu kanalda qondarma soyqırımı iddialarının əsassız olduğu erməni dilində təbliğ olunmalıdır. Yox, əgər həmin kanalda erməni xisləti güdüləcəksə, erməni maraqlarına xidmət edən qərəzli təbliğat aparılacaqsa, buna qətiyyən yol vermək olmaz. Hesab edirəm ki, belə bir təbliğatın aparılmasına Türkiyə hökuməti imkan verməz”.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə Reyting.az-ın əməkdaşına deyib ki, bu məsələyə səthi və emosional yanaşmaq olmaz. Onun fikrincə, prosesi izləmək lazımdır: “TV-nin siyasətinin antitürk olacağına inanmıram. Niyə? Çünki Ərdoğanın himayəsində olan hər hansı bir quruluşun Türk və Türkiyə ideallarına zərbə vuracağını düşünmürəm və görməmişəm.

İkincisi, son illərdə baş verən hətta beynəlxalq miqyaslı hadisələrdə dövlət himayəsində olan erməni bağlı fərd və qurumlar da sapmayıb, dövlətçilik maraqlarından çıxış ediblər. Bunu istər "soyqırımı", istərsə də İstanbul yeparxiyasının dini davranışları zamanı müşahidə etmişəm.

Digər tərəfdən, Ərdoğanı ağıllı siyasət adamı kimi tanıdığımdan, düşünürəm ki, o, elə ermənilərin öz əli və dili ilə dünyada Türkiyə və Türk dünyasının təbliğatını qurmaq istəyir”.

Ə. Əliyev qeyd edib ki, hər halda gözləmək və TV-ni təqib eləmək lazımdır: “Fikrimcə, mənim ehtimallarım özünü doğruldacaq. Amma hayların xislətini bildiyimizdən diqqəti əldən verməməliyik”.

Qeyd edək ki, “Luys” TV-nin təsisçisi Aram Kuran “Anadolu” agentliyinə açıqlamasında bu işin ərsəyə gəlməsində böyük dəstəyinə görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}