Növbədənkənar parlament seçkiləri başlayır? – Milli Məclis yenidən toplanır + Açıqlamalar
Tarix: 02-07-2019 16:42 | Bölmə: Slayd
Növbədənkənar parlament seçkiləri başlayır? – Milli Məclis yenidən toplanır

İyulun 9-12-də Milli Məclisin növbədənkənar iclasının keçirilməsi nəzərdə tutulur.

Deputatların tətilə çıxdığı bir vaxtda, özü də iyul ayında növbədənkənar iclasın çağırılması cəmiyyətdə birmənalı qarşılanmayıb. Belə ki, müxalifət düşərgəsi bu iclasın növbədənkənar parlament seçkiləri ilə bağlı ola biləcəyini ehtimal edir.

Növbədənkənar parlament seçkiləri başlayır? – Milli Məclis yenidən toplanır

Bu barədə Reyting.az-a açıqlama verən Müsavat Partiyasının başqanı Arif Hacılı deyib ki, Azərbaycan hakimiyyətinin addımlarını proqnozlaşdırmaq çətindir. Onun fikrincə, hakimiyyətin bir çox addımları normal məntiqə uyğun deyil: “Addımlar yalnız prosesləri idarə etmək və hakimiyyətin qorunması məqsədi ilə atılar. Bu baxımdan, yaxın günlərdə növbədənkənar parlament seçkilərinin elan olunmasını istisna etmirəm. Əslində isə ölkədə normal seçkilərin keçirilməsindən əvvəl ciddi islahatlara ehtiyac var. Seçki qanunvericiliyinin dəyişdirilməsi, komissiyaların tərkibinin yenidən demokratik prinsiplərlə formalaşdırılması, parlament üzvlərinin sayının artırılması kimi məsələlərdə dəyişikliklərə ehtiyac duyulur. Yalnız bu dəyişikliklərdən sonra parlament seçkilərinin keçirilməsi məntiqə uyğun ola bilər.

İlham Əliuyev son dövrlər tez-tez demokratik islahatların davam edəcəyini bəyan edir. Əgər doğrudan da islahatların keçirilməsi üçün siyasi iradə varsa, ilk növbədə seçkilərin azad və ədalətliliyini təmin edəcək mexanizmlərin əvvəlcədən qurulması zəruridir”.

Növbədənkənar parlament seçkiləri başlayır? – Milli Məclis yenidən toplanır

ReAL Partiyanın icra katibi Natiq Cəfərli isə Reyting.az-ın əməkdaşına deyib ki, erkən parlament seçkilərinin keçirilməsi ilə bağlı qərarın verilməsi inandırıcıdır. Onun sözlərinə görə, son dövrlər müxtəlif mənbələrdən erkən parlament seçikilərinin keçirilməsi ilə bağlı xəbərlər gəldiyi üçün bu ehtimalı ciddi qəbul eləmək mümkündür: “Amma başqa bir məsələ də ola bilər. Azərbaycanda sentyabr ayından minimum əməkhaqqı, oktyabr ayından isə minimum pensiya artır. Bununla bağlı Prezident sərəncamı var, amma büdcədə bunların mənbələri göstərilməyib. Yəni, büdcə dəyişikliklərinə getmək lazımdır. Bunun üçün də Milli Məclis toplanmalıdır.

Avqust da tətil ayıdır, deputatların çoxu Bakıda olmur. Ona görə də, mümkündür ki, sessiyanı iyul ayına təyin edib büdcə dəyişiklikləri həyata keçirsinlər. Amma erkən parlament seçkiləri də ehtimallardan biridir. Bu məsələnin də gündəmə gəlməsi mümkündür”.

N. Cəfərli bildirib ki, seçki ilə bağlı qərarı Prezident verir: “Amma bir məsələ də var ki, 80-ə yaxın deputat mandatdan imtina edər, o zaman parlament buraxılar və yeni seçki elan oluna bilər. Yəni, bu cür maraqlı siyasi proseslərin baş verməsi də mümkündür. Hər halda, yəqin ki, gələn həftə hər şey aydın olacaq”.

Növbədənkənar parlament seçkiləri başlayır? – Milli Məclis yenidən toplanır

Siyasi şərhçi Zəlimxan Məmmədli isə deyib ki, hazırda cəmiyyətimizdə bir gərginlik var və bu, hər bir sahədə hiss olunur. Onun sözlərinə görə, siyasi, hüquqi, sosial sahədə ciddi islahatlara ehtiyac duyulur: “Bu, baş verməsə, arzuolunmaz proseslər bizi haqlaya bilər. Bəzi mərkəz və fiqurların tələskənliyində, həyacanında da növbədənkənar parlament seçkiləri ehtimalı hiss olunmaqdadır. Amma ilk növbədə növbədənkənar parlament seçkilərinin hansı zərurətdən irəli gəldiyini aydınlaşdırmaq lazımdır. Əgər bu, ciddi siyasi islahatların tərkibi olacaq və bütün tərəflərə bərabər imkanlar tanınacaqsa, azad, ədalətli, demokratik seçki prinsipləri tətbiq ediləcəksə, bunu yalnız alqışlayardım.

Saxtakarlıqlar ucbatından 5 dəfə mandatımı mənimsəyiblər. Yox, əgər cəmiyyətdəki enerjini çıxartmaq və bəzi "fədakar" fiqurları parlamentə soxaraq oyun oynayarlarsa, onda Azərbaycan ağır sınaqlarla üz-üzə qalacaqdır”.

Son olaraq onu da qeyd edək ki, hakimiyyətin bəzi təmsilçiləri ölkəmizdə növbədənkənar parlament seçkilərinin keçiriləcəyini təkzib edir və buna zərurətin olmadığını bildirirlər.

Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu isə parlamentin növbədənkənar sessiyasının çağırılması ilə bağlı iyulun 2-də bəzi KİV-lərdə yayılan xəbərlərə münasibət bildirərkən deyib ki, iyulun 9-da və 12-də keçiriləcək plenar iclaslar əvvəlcədən planlaşdırılıb:

"Heç bir təcili iclasdan söz gedə bilməz. Sadəcə, Milli Məclisin növbədənkənar sessiyası adi qaydada hələ davam edir və növbədənkənar sessiyanın daha bir neçə iclası keçiriləcək.

Növbəti iclaslar iyulun 9-u və 12-si üçün nəzərdə tutulub. Həmin vaxtda növbəti iclasların keçirilməsi gözlənilir”.

Zaur ƏHMƏD
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}