23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Azərbaycanda növbədənkənar parlament seçkisi: olacaq, ya olmayacaq?
Tarix: 09-09-2019 09:47 | Bölmə: Slayd
Azərbaycanda növbədənkənar parlament seçkisi: olacaq, ya olmayacaq?

Başlıqdakı sual neçə vaxtdır ki, eninə-boyuna müzakirə olunur. Ayrı-ayrı deputatlar, əsasən, iqtidaryönlü Milli Məclis üzvləri mənfi cavablar verməklə, mövzunu qapamağa çalışıblar. Bu yay mediada, parlamentin “fövqəladə sessiya” keçirilməklə, buraxılacağı barədə ehtimallar yer aldıqda isə Milli Məclisin mətbuat xidməti xüsusi bəyanat yaymaq məcburiyyətində qalıb. Bəyanatda qeyd olunub ki, “...nə Azərbaycan Respublikasının Konstitusiyasında, nə də Milli Məclisin Daxili Nizamnaməsində “təcili” və yaxud “fövqəladə” sessiyaların keçirilməsi nəzərdə tutulmayıb... Mətbuat xidməti bir daha bəzi KİV-lərə müraciət edir ki, əsası olmayan, yoxlanılmamış məlumatlarla ictimaiyyəti yayındırmasınlar”. Amma bu bəyanat da növbədənkənar seçki mövzusunu siyasi gündəmdən çıxarmayıb.

Həqiqət budur ki, bu fikrin davamlı iddiaçıları hakimiyyətin siyasi islahatlar çərçivəsində Milli Məclisin yenilənməsi düşüncəsində olduğuna dayaqlanırlar. Amma düşüncənin ümumiyyətlə, mövcudluğunu isbatlamaq çox çətindir. “İslahat” kəlməsi ən yüksək məqamdan dönə-dönə dilə gətirilsə də, seçkidən söz edilmir. Yəni yeniliklərin siyasi yön alacağına işartı yoxdur.

Əslində, hər kəsə bəllidir ki, hər şey çıxışlarında daim islahat vurğusu edən Birinci şəxsin siyasi iradəsindən asılıdır. Prezident İlham Əliyev dəfələrlə köklü islahatlar proqramının ölkənin bütün sahələrini əhatə edəcəyini bildirib. Lakin bu islahatların ümumən seçki qanunvericiliyinə, yaxud parlamentə şamil olunacağına dair açıq eyhamlar səslənməyib.

Konstitusiyaya əsasən, Milli Məclisə seçkiləri Prezident təyin edir. Fövqəladə və ya müharibə vəziyyətində seçkilərin təxirə salınması, eləcə də Milli Məclisin buraxılması yalnız Prezidentin səlahiyyətlərinə daxildir.

Əsas Qanunda qeyd olunur: “Milli Məclisin eyni çağırışı 1 il ərzində 2 dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Mərkəzi Bankın İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Prezident tərəfindən 2 dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Milli Məclisi buraxır”.

Bütövlükdə, Konstitusiyada “növbədənkənar seçki” anlayışı da mövcuddur: “Növbədənkənar seçkilərdə seçilən Milli Məclisin çağırışının səlahiyyət müddəti 5 ildən az ola bilər. Bu halda Milli Məclisə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Milli Məclis çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir”.

Növbədənkənar seçki niyyəti mövcud olduğu halda, bunun hansı strateji məqsədə xidmət etdiyi və ilk növbədə, hakim partiyada necə əks olunacağı da düşünülməlidir.

Hazırda Milli Məclisdə deputatlarının sayı 72 nəfər olan YAP hakimiyyətin əsas dayağıdır. Milli Məclisdəki “sistem müxalifəti” kimi səciyyələndiriləcək müxtəlif partiya (Ana Vətən, BAXCP və s.) təmsilçiləri və ya müstəqil deputatlara gəlincə, onların iqtidarın siyasətinə xilaf hərəkətləri müşahidə olunmur.

İndiyə qədər Prezidentin qanunvericilik təşəbbüsü ilə irəli sürülən heç bir qanun layihəsi Milli Məclisdən geri qaytarılmayıb. Arada-bərədə səslənən ürkək tənqidi fikirlərin isə qanunvericilik orqanı ilə demək olar ki, (deputat səlahiyyətlərinə xitam verilməsi məsələsi istisna olmaqla) əlaqəsi olmayıb. Deputat narazılıqları əsasən, hakimiyyətin icraedici qolundakı ayrı-ayrı məmurlara yönəlib.

Deməli, formal olaraq növbədənkənar parlament seçkilərinin keçirilməsinə ehtiyac görünmür.

Amma əks fikrin iddiaçıları daha çox parlamentdə siyasi rəngarəngliyin azlığını önə çıxarırlar. Lakin Milli Məclisdə palitranın çeşid çoxluğu proporsional seçki sisteminin bərpası ilə mümkündür.

Ayrı-ayrı deputatlar, hətta sistem müxalifətinin üzvləri, o cümlədən deputat Tahir Kərimli “Oxu.az”da proporsional seçki sisteminə qayıdış məsələsinin gündəmə gətirilməsinin vacibliyini söyləyib.

ADP sədri Sərdar Cəlaloğlu isə “Yeni Müsavat”a bildirib ki, proporsional seçki sistemi çoxpartiyalı dövlət sistemini stimullaşdıran əsas şərtlərdən biridir: “Majoritar sistemdə isə partiya inkişaf edə bilmir. Proporsional qaydada seçilmək millət vəkilinə daha çox hüquq verir. Bu seçki sistemi həm demokratikləşmənin inkişafı, həm də siyasi inkişaf və partiyaların siyasi həyatda iştirakı baxımından vacibdir”.

29 avqust 2002-ci ildə keçirilən referendumla Azərbaycanda proporsional seçki sistemi ləğv olunub. Hakimiyyətin onun bərpasına meyilli olduğu fikri əsla əsaslı deyil. İqtidar cəbhəsi cəmiyyətdə siyasi fəallığın minimal həddi aşmasını, xüsusən də onun bölgələrdə yayılmasını istəmir, “idarə olunan sabitlik” düsturunu hər vəchlə gözləyir.

Bununla belə, son 15 ildə heç bir seçki uğuru olmayan radikal siyasi müxalifət (AXCP, Müsavat və s.) belə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi gümanındadır (1992-ci ilin təcrübəsi mövcud iqtidara bir dərsdir. Ali Sovetdəki məhdud müxalif deputat sayı – “Demblok”un cəmi 25 üzvü vardı – parlamentin fəaliyyətini iflic etməyə, hətta dövlət çevrilişinə imkan yaratmışdı).

Azərbaycan Xalq Partiyasının (AXP) lideri, sonuncu dəfə 2005-2010-cu illərdə Milli Məclisin deputatı olmuş Pənah Hüseyn “Reyting.az”a açıqlamasında hazırda təcili siyasi müzakirələri vacib sayaraq onun bir istiqamətinin də parlament seçkiləri ola biləcəyini açıqlayıb. “Çünki gələn il ölkəmizdə parlament seçkiləri keçiriləcək. Hətta mümkündür ki, növbədənkənar parlament seçkiləri olsun”.

Əgər Milli Məclisə növbədənkənar seçki keçirilməsi ideyası həqiqətə azca yaxındırsa, bəlkə də hakimiyyətin strateqləri bu qənaətə gəlib ki, Prezidentin sədri olduğu hakim partiya sürətlə dəyişən qlobal-regional vəziyyətdə yeni çağırışlara cavab vermir, yaxud YAP-ın cəmiyyətdəki nüfuzu dövlət başçısının ümumi portreti ilə uyğunluq yaratmır.

Məlumdur ki, 2003-cü ildən başlayaraq hər bir, o cümlədən 11 aprel 2018-ci ildə keçirilmiş növbədənkənar prezident seçkilərində İlham Əliyev YAP-ın dəyişməz namizədi olaraq ortaya çıxıb. Fransanın “Opinion Way” şirkətinin bu ilin martında Azərbaycanda keçirdiyi rəy sorğusunun nəticələri bir daha Prezident İlham Əliyevin etimad faizinin cəmiyyətdə yüksək olduğunu təsdiqləyib. Amma bu müsbət reytinq göstəricisinin Yeni Azərbaycan Partiyasına da şamil olunacağı şübhə doğura bilər.

Üzvlərinin sayı təxminən 700 min nəfər olan hakim partiya daxilində zahirən Prezidentə müxalif olan hər hansı bir fraksiya yoxdur. Amma YAP-ın icra katibinin müavini Siyavuş Novruzovun sabiq nazirlərlə bağlı “Yeni Müsavat”a son açıqlaması müəyyən gizli qrupların mövcudluğunu önə çəkir. “Onlar arasında YAP Siyasi Şurasının, hətta İdarə Heyətinin üzvləri də var. Hətta bitərəfi də… Onları xəbərdar edirəm ki, ya çıxın meydana, mövqeyinizi ortaya qoyun, ya da mən mövqeyimi ortaya qoyacağam... Mən heç vaxt əsassız yerə danışmamışam, danışmıram da. Konkret məlumatlarım var”, – Siyavuş Novruzov bildirib.

Təkcə “göstəbəklər”ə aid acı etiraflar deyil, KİV və sosial şəbəkələrdə korrupsiya və məmur özbaşınalığı halları ilə bağlı günbəgün çoxalan ifşalar və narazılıqların açıq dilə gətirilməsi də iqtidar mənsubları üçün düşündürücü olmalıdır. Bütün bunlar hakim partiyada daxili təmizlənmə, yenilənmə, kəmiyyət üstünlüyünü keyfiyyət göstəricisinə çevirməni zərurətə çevirir.

Bu mənada növbədənkənar seçki iddiaçıları Rusiya nümunəsinin Azərbaycanda da tətbiq edilə biləcəyini irəli sürürlər. Orada “hakim partiya təmsilçilərinin geniş yayılmış korrupsiya və vəzifədən sui-istifadə halları və prezident Putinin uğursuz pensiya islahatı ilə etimad reytinqinin azalması siyasi fəndgirliklərə rəvac verib. Məsələn, sentyabrın 8-də keçirilən Moskva Şəhər Dumasına, habelə bir sıra bölgələrdə qubernator seçkilərində “Yedinaya Rossiya” rəsmən namizədlər irəli sürməyib. “Yedinaya Rossiya” üzvü olan bütün mamizədlər “müstəqil” köynəyi geyib.

2019-cu ilin sonunda Azərbaycanda keçirilməli olan bələdiyyə seçkilərində hakimiyyətin bu təcrübədən yararlanması ehtimal oluna bilər. Lakin bu, nəzəri baxışdır. Eyni düşüncə ilə “2019-cu ilin növbədənkənar parlament seçkiləri”, yaxud 2020-ci ilin növbəti parlament seçkilərində də məhz “müstəqil namizədlər”in YAP çoxluğunu üstələməsi ssenarisinin tətbiqi mümkündür.

Sevinc ABBASOVA
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}