ABŞ Türkiyəyə qarşı təhlükəli planın icrasına başlayır - Şərh
Tarix: 15-10-2019 12:50 | Bölmə: Slayd
ABŞ Türkiyəyə qarşı təhlükəli planın icrasına başlayır

ABŞ Türkiyəyə qarşı iqtisadi sanksiyaların tətbiqinə hazırlaşır. Bu, Türkiyənin Suriyanın şimalında terrorçulara qarşı başlatdığı “Sülh bulağı” əməliyyatına Ağ Evin etirazıdır.

Reyting.az
-ın məlumatına görə, artıq ABŞ prezidenti Tramp sanksiyaların tətbiqinə razılıq verib.

İlkin məlumatlarda bildirilir ki, bu sanksiyalar Türkiyənin dövlət rəsmilərinə də şamil olunacaq. Eyni zamanda ABŞ-la Türkiyə arasında ticarət dövriyyəsinin 100 milyard dolları aşmasına dair tərəflərin razılaşması təxirə salınacaq.

İqtisadçı Vüqar Bayramov bu sanksiyaların Türkiyəyə mümkün təsirlərini Reyting.az-a şərh edib.

ABŞ Türkiyəyə qarşı təhlükəli planın icrasına başlayır
Vüqar Bayramov

İqtisadçı hesab edir ki, ABŞ-ın Türkiyəyə qarşı sanksiya planı qonşu ölkənin iqtisadiyyatına təsirsiz ötüşməyəcək. Onun fikrincə, artıq təsirlər özünü göstərir: “Son bir həftədə lirə 4 faiz dəyər itirib. Ötən həftə 1 dollar almaq üçün 5.7 lirə ödəmək lazım gəlirdisə, indi bu rəqəm 5.9 lirəyədək geriləyib.

Ağ Ev sanksiyaları gücləndirərsə, bu, Türkiyə iqtisadiyyatına yalnız məzənnə deyil, digər formalarda da neqativ təsir göstərəcək”.

V. Bayramovun fikrincə, sanksiyaların gücləndirilməsi xüsusən Türkiyə iqtisadiyyatına yönəldilən birbaşa xarici investisiyaların həcmində azalmalara səbəb ola bilər: “Türkiyə Azərbaycan üçün yalnız strateji baxımdan deyil, həmçinin iqtisadi aspektdən də vacib tərəfdaşdır. Azərbaycan son illər Türkiyə iqtisadiyyatına 15 milyard dollardan çox sərmayə yönəldib. Türkiyə Azərbaycanın qeyri-neft ixracatında ikinci əsas tərəfdaşdır. Qeyri-neft məhsullarımızın 1/3-i Türkiyənin payına düşür. Bu baxımdan, lirənin dəyərsizləşməsi fonunda Azərbaycanın Türkiyəyə ixracatında azalmalar müşahidə edilə bilər. Doğrudur, hələlik ciddi azalmalar proqnozlaşdırılmasa da, ucuz lirə Türkiyə bazarına Azərbaycan məhsullarını milli valyuta ifadəsində bahalaşdıracaq. Bütün hallarda Türkiyə iqtisadiyyatının zəifləməsi bizim üçün məqbul hesab olunmur. Bütövlükdə, sanksiyalar genişlənəcəyi halda lirənin 6 bəndlik pisxoloji həddi aşacağı gözlənilir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər