Müsavatın çağırışı iqtidar əleyhdarlarını iki cəbhəyə böldü
Tarix: 24-10-2019 16:33 | Bölmə: Slayd
Müsavatın çağırışı iqtidar əleyhdarlarını iki cəbhəyə böldü

Dünən Müsavat Partiyasının başqanı Arif Hacılı müxalifətin bir araya gəlməsi üçün çağırış edib. Amma onun birliklə bağlı müzakirəyə dəvət etdiyi şəxslər sırasında bəzi partiya rəhbərlərinin adı yoxdur.

ADP sədrinin müavini Həsrət Rüstəmov Reyting.az-a deyib ki, Müsavat başqanının çağırışından xəbərsizdir.

Onun sözlərinə görə, hətta ADP-nin adını qəsdən unudubsa belə, Müsavat başqanının və ya istənilən bir siyasətçinin birliklə bağlı təşəbbüslərinin dəstəklənməsini zəruri hesab edir:

"Azərbaycan müxalifətinin indikindən qat-qat güclü vaxtları olub. O cümlədən, ADP-nin indikindən fərqli olaraq təkbaşına hakimiyyətə iddia edəcək səviyyədə gücü və imkanı var idi. Biz, həm o zaman, həm də indi birliyin tərəfdarı olmuşuq. Əgər indiki hakimiyyətdən fərqli olaraq demokratik dəyişikliklər etmək istəyiriksə, ilk növbədə kompromis və qarşılıqlı əməkdaşlıq kimi demokratiyanın mühüm elementlərini təcrübədə təsdiq etməli və xalqa nümayiş etdirməliyik ki, seçicilərin böyük dəstəyini qazana bilək. Eyni zamanda, onu da nəzərdən qaçırmamalıyıq ki, avtoritar rejimlərdən demokratiyaya keçid demokratiya tərəfdarlarının sıx birliyini tələb edir.

Fikrimcə, məğlubiyyətimizin əsas səbəbi budur: xalqa rəhbərlik haqqı olmayanlar, həmişə bu haqqı olanlardan daha yaxşı birləşə bilib.

Yaxın tariximiz də göstərir ki, hazırkı hakimiyyətin bu qədər davam etməsinin mühüm bir səbəbi də müxalifətin birləşə bilməməsi və ya hakimiyyətin bunun baş verməməsi üçün ciddi işləməsidir".

AMİP Siyasi Şurasının üzvü Əli Orucov isə bildirib ki, müxalifətin birliyini pozan, onun birləşməsinə və yaxınlaşmasına əngəl törədənlər tərəfindən bu tipli çağırışların səsləndirilməsi təəccüb doğurur. Ona görə də bu çağırışa səs verənlərin olacağına inanmır: “Mənim bu çağrışın səmimiliyinə və birliyin reallaşcağına şübhəm var. Amma bununla belə, birləşə bilirlərsə, birləşsinlər”.

Ə. Orucov diqqətə çatdırıb ki, kiminsə AMİP-i müxalifət sayıb-saymamağı heç bir mararaq və əhəmiyyət kəsb eləmir: “Kimlərinsə də belə bir status verməsi üçün yetki sahibi olduğu düşüncəsində deyiləm. Cəmiyyətin bizə olan böyük ümid və inamları vacibdir ki, bunu da hiss edir və görürürük".

Reyting.az




Bölməyə aid digər xəbərlər