Gömrük Komitəsi qanunsuz ƏDV tələbindən əl çəkmir - Müraciət
Tarix: 17-01-2020 13:44 | Bölmə: Slayd
Gömrük Komitəsi qanunsuz ƏDV tələbindən əl çəkmir

Dövlət Gömrük Komitəsi ölkədə fəaliyyət göstərən kütləvi informasiya vəsitələrinə (KİV) və mətbuat yayımı ilə məşğul olan ayrı-ayrı şirkətlərə xeyli müddətdir süni problemlər yaradır. Problemin yaranmasına səbəb KİV məhsullarına görə qeyri-qanuni olaraq Əlavə Dəyər Vergisinin (ƏDV) tələb olunmasıdır.

Yaranmış problemlə əlaqədar bir müddət əvvəl həm müxtəlif qəzetlərin baş redaktorları, həm də “Qaya Mətbuat Yayımı” MMC-nin direktoru Xanhüseyn Əliyev Azərbaycan Respublikasının Prezidentinə müraciət ediblər.

Xanhüseyn Əliyev Reyting.az-a bildirib ki, Vergi Məcəlləsi 3 ildir qüvvədə olsa da, Dövlət Gömrük Komitəsi idxal olunan KİV məhsullarına görə qeyri-qanuni olaraq ƏDV tələbindən əl çəkmir.

X. Əliyevin sözlərinə görə, əlaqədar qurumlar Gömrük Komitəsinin qanunsuz tələbinə biganə yanaşırlar: “Məhkəmələr də məsələ ilə bağlı ədalətli qərar vermir və bu zaman büdcə öhdəliklərini bəhanə gətirirlər. Bu da tək sahibkarların yox, həm də mətbuatın probleminə çevrilib. Özbaşnalığların səbəbkarı isə Dövlət Gömrük Komitəsidir”.

Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da məsələ ilə bağlı Baş Nazir Əli Əsədova müraciət etmək məcburiyyətində qalıb.

Reyting.az-a daxil olan müraciətdə bildirilir ki, Nazirlər Kabineti 2005-ci ildən idxal olunan 50-ə yaxın məhsulun, o cümlədən hazır çap məhsullarının və qəzet kağızının ƏDV-dən azad olunması ilə bağlı 11 saylı qərar qəbul edib:

“Vergi Məcəlləsinin eyni məsələni nəzərdə tutan 164.1 və 164.1.7-ci maddələri qüvvədə ola-ola belə bir qərara ehtiyacın hansı zərurətdən yarandığı anlaşılmaz idi. Nəticədə faktiki vəziyyət bu oldu ki, 2006-cı ildən başlayaraq, idxal olunan hazır çap məhsullarının və qəzet kağızının ƏDV-dən azad edilməsi həm 11 saylı qərarda, həm də Vergi Məcəlləsində əksini tapdı.

Gömrük Komitəsi qanunsuz ƏDV tələbindən əl çəkmir

Məlum olduğu kimi, 2015-ci ildə Nazirlər Kabinetinin 11 saylı qərarı ləğv edildi. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi məhz bunu əsas tutaraq ƏDV-nin tətbiqinə başladı. Yəni Vergi Məcəlləsinin 164.1 və 164.1.7-ci maddələrinin qüvvədə olduğu nəzərə alınmadı”.

Ə. Amaşov yazır ki, qeyd etdiyi məsələ ölkəmizin media ictimaiyyətini düşündürməkdədir: “Bununla əlaqədar Milli Məclisdə və digər aidiyyatı dövlət qurumlarında dəfələrlə müzakirələr də aparılıb.

Araşdırmalarımız nəticəsində məlum olub ki, ƏDV-nin tətbiqi dövlət büdcəsinə əhəmiyyətli olmayan vəsait qazandırır. Ancaq vergi tərbiqinin dayandırılması çap KİV-lərini, onların məhsullarını cəmiyyətə çatdıran yayım firmalarının iqtisadi vəziyyətinə, bu sferalarda çalışan işçilərin sosial durumlarının yaxşılaşmasına kifayət qədər müsbət təsir göstərəcək”.

Şura sədri bildirir ki, qeyd etdiyi məsələni Vergilər Nazirliyinin və Gömrük Komitəsinin səlahiyyətli nümayəndələri ilə də müzakirə ediblər: “Onlar ƏDV-nin dövlət büdcəsinə əhəmiyyətli vəsait qazandırmadığını nəzərə alaraq, onun tətbiqinin dayandırılmasını mümkün sayır, etiraz etmirlər.

Hörmətli Əli müəllim, arzu edirik ki, Nazirlər Kabineti də ƏDV-nin tətbiqinin dayandırılmasına etiraz etməsin, razılığını versin. Məsələnin media ictimaiyyəti üçün əhəmiyyətini nəzərə alaraq, bununla bağlı mövqe bildirməyinizi xahiş edirik. Əminik ki, müraciətimizə həssas yanaşacaq, zəruri köməyinizi əsirgəməyəcəksiniz".

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}