Rusiya qatil marşalını məsuliyyətdən yayındırsa da… - Foto
Tarix: 25-02-2020 14:14 | Bölmə: Slayd
Rusiya qatil marşalını məsuliyyətdən yayındırsa da…

“Dmitri Yazov 1990-cı ildə Bakıya SSRİ ordu birliklərini daxil edən şəxs olub. Qanun onun cəzalandırılmasını tələb edirdi. Həmçinin onun dövründə Vilnusda da müəyyən qırğınlar baş verib. Bütün bunlar sözsüz ki, cinayət hadisələri idi. Yazov məhkəmə önünə çıxarılmalı idi. Ancaq rus iradəsi buna imkan vermədi”.

Bu sözləri Reyting.az-a hüquq elmləri doktoru, professor Rüstəm Məmmədov SSRİ-nin sonuncu Müdafiə naziri marşal Dmitri Yazovun ölümündən danışarkən deyib.

Professor bildirib ki, dünyanın canı daha bir tirandan qurtardı: “Yazov məhkəmə qarşısına çıxarılmasa da, onun cəzasını Allah verdi. Hüquq həmin şəxsin cəzalandırılmasına imkan yaradırdı. Bu, birmənalıdır. Sadəcə, rus iradəsi öz əleyhinə gedə bilmədi”.

Rusiya qatil marşalını məsuliyyətdən yayındırsa da…
R. Məmmədov

Yazovun hərbçi olduğu, ona verilən əmri icra etdiyi, əsas məsuliyyətin Yazova göstəriş verən SSRİ-nin siyasi rəhbərliyində olması ilə bağlı sualın cavabında hüquq professoru deyib ki, bu cür yanaşmaları təbii hesab edir:

“Yazovun günahı var. Bu yanaşmada yalnız Yazovun hərbçi olması və əmrə tabe olması həqiqətdir. Amma hərbçilər də məhkəmə önünə çıxarılır. Sadəcə, rus iradəsinə qarşı getmək mümkün olmadı. Rusiyada özü-öz iradəsinə qarşı getməyəcək. Yazova elə özü əmri verib. Rusiya Yazovu müdafiə etdi, çünki Rusiyanın əmrini icra etmişdi. Əslində Rusiya özü istəsəydi Yazova cinayət işi aça bilərdi, amma buna getməzdi.

Qorbaçov SSRİ-ni dağıtdı. Niyə Qorbaçova cinayət işi açmadılar? Çünki bu, Rusiyanın marağıdır”.

Məlumat üçün bildirək ki, Sovet İttifaqı marşalı Dmitri Yazov Moskvada ölüb. 2019-cu ilin noyabr ayında D. Yazovun 95 yaşı tamam olmuşdu.

Dmitri Yazov 1924-cü ildə Omsk vilayətində dünyaya gəlib. Böyük Vətən Müharibəsi illərində Leninqrad cəbhəsində atıcı bölüyün komandiri olub, 1987-ci ildən SSRİ Müdafiə naziri vəzifəsini tutub.

1990-cı ildə Dmitri Yazov Sovet İttifaqının Marşalı adına layiq görülüb. O, 20 yanvar 1990-cı ildə Azərbaycanda baş verın qırğınların baş icraçısı hesab olunur.

Onu da qeyd edək ki, Litvada məhkəmə Yazovu barəsində qiyabi olsa da, həbs qərarı vermişdi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}