Təhsil naziri koronavirusla mübarizəyə ciddi yanaşmır: məktəblərdə təhlükəli vəziyyət yaranıb
Tarix: 02-03-2020 15:01 | Bölmə: Slayd
Təhsil naziri koronavirusla mübarizəyə ciddi yanaşmır: məktəblərdə təhlükəli vəziyyət yaranıb

Bütün dünyada hökm sürən koronavirus ölkəmizdən də yan keçməyib. Artıq bir neçə şəxsdə təhlükəli virus aşkarlanıb və Azərbaycan hökuməti bu təhlükəyə qarşı müxtəlif tədbirlərin görülməsi üçün müvafiq qərarlar verib.

Hökumətin gördüyü tədbirlərə paralel olaraq, bəzi ekspertlər bir çox ölkələrdə olduğu kimi, Azərbaycan məktəblərində də tədrisin mart ayının sonuna kimi dayandırılmasını təklif edirlər.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov təklifə münasibət bildirərkən deyib ki, hələlik bu barədə heç bir qərar verilməyib və mövcud vəziyyət müzakirə olunur.

Nazirlik rəsmisinin sözlərinə görə, koronavirus epidemiyası ilə bağlı mübarizə ilk gündən diqqət mərkəzindədir: “Artıq yüzlərlə məktəbdə dezinfeksiya işləri aparılıb və proses növbəti günlərdə də davam edəcək”.

Amma reallıq Təhsil Nazirliyinin gördüyü tədbirlərin formal olduğunu deməyə əsas verir. Belə bir qənaətə Ağdam rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanovanın ötən şənbə günü məktəb direktorlarına WhatsApp-da göndərdiyi səsli mesaja qulaq asdıqdan sonra da gəlmək olar.

Şöbə müdirinin Reyting.az-ın redaksiyasına da təqdim edilən mesajında deyilir ki, qarşıda bazar günü olmasından istifadə edərək məktəblərdə hansı yolla olursa-olsun dezinfeksiya işləri aparılmalı, bu gün (Bazar günün nəzərdə tutur-red.) üçün ən azı məktəblərin 80 faizi dezinfiksiya edilməlidir.

Şöbə müdiri məktəb direktorlarına mesjında deyir:

“Bilirsiniz ki, Təhsil Nazirliyində koronavirusla bağlı “qaynar xətt” yaradılıb. Bununla bağlı göstəriş verilir ki, sabahdan gec olmayaraq, bütün məktəblərdə dezinfeksiya işləri aparılmalıdır.

Bu gün 14 saylı məktəbdə, bir də səhv etmirəmsə, Təzəkənd kəndindəki məktəbdə GEM vasitəsilə dezinfeksiya işləri aparıldı.

İstər Bakı şəhərində, istər Mingəçevirdə, istərsə Bərdədə, istəsə də Ağdam ərazisində olan bütün məktəblərin direktorları, sabah mütləq şəkildə, istər Təhsil Nazirliyinin verdiyi, istərsə də özünüzün tapdığınız hər hansı vasitə ilə məktəbi dərmanlayın və yaxud bunun üçün GEM-ə müraciət edin. Birinci gün saat 3-də bununla bağlı sizdən məlumat alacayıq.

Hər gün məktəbinizdəki müvafiq şagird sayı, dezinfeksiya işlərinin aparılması və bu işlərin GEM, yoxsa özünüz tərəfindən aparılması ilə bağlı məlumat verin”.

Qeyd edək ki, Ağdam Təhsil Şöbəsinin tabeliyində 142 orta məktəb, rayon üzrə bir neçə kollec və peşə məktəbi var. Bu məktəblərin təxminən 70 faizindən çoxu ölkənin müxtəlif şəhər və rayonlarında yerləşir. Ağdam rayon Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) bu məktəblərin hamısında bir gün ərzində deyil, hətta bir ay ərzində dezinfeksiya aparması mümkün deyil. Məktəb direktorlarının isə dezinfeksiya işlərini M. Misirxanovanın buyurduğu kimi, öz imkanları hesabına və qeyri-peşəkarlar tərəfindən aparması yalnız formal xarakter daşıya bilər. Bu isə Təhsil naziri Ceyhun Bayramovun məktəblilər arasında koronavirus epidemiyasının yayılma təhlükəsinə ciddi yanaşmadığını göstərir.

P.S. Reyting.az Təhsil Nazirliyinin məsələyə münasibətinə yer ayırmağa hazırdır.




Bölməyə aid digər xəbərlər