Rusiya-Türkiyə münasibətləri daha da gərginləşərsə... – Politoloq şərh edir - Foto
Tarix: 02-03-2020 16:08 | Bölmə: Slayd
Rusiya-Türkiyə münasibətləri daha da gərginləşərsə... – Politoloq şərh edir

“Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın martın 5-nə planlaşdırılan Moskva görüşündə razılıq əldə ediləcək”.

Bunu Reyting.az-a politoloq Rasim Ağayev deyib.

Onun sözlərinə görə, indi gərgin münasibətlər atmosferində ən aktual məsələ Ankara ilə Moskvanın arasının dəyməməsidir.

Politoloqun fikrincə, əslində Türkiyə və Rusiya rəhbərliyi Suriyaya dair çoxdan anlaşma əldə edib: “Əgər bu gün ruslar vəziyyətin qəlizliyindən istifadə edərək kürdlərə dəstək versələr, onda ərəb ölkələri ilə arası dəyəcək. Sonradan bu münasibətləri kim düzəldəcək? Çünki sonunda kürdlər yenə də uduzacaqlar.

Biz kürd qüvvəsini yaxşı tanıyırıq. Onların arasında ingilislərə, almanlara, yəhudilərə, ruslara işləyənlər var. Odur ki, Rusiya tərəfi buna getməyəcək”.

Rusiya-Türkiyə münasibətləri daha da gərginləşərsə... – Politoloq şərh edir

R. Ağayev gözlənilən Ərdoğan-Putin görüşündə razılığı mümkün sayır:

“Hər iki tərəf maraqlıdır ki, razılıq əldə edilsin və münasibətlər daha da kəskinləşməsin. Razılığa gəlməsələr, Suriyaya nəzarət Amerikanın əlinə keçəcək və o, nə istəyirsə, onu da edəcək. Amerika indi-indi Suriyada vəziyyətini müəyyən edir. Ruslar isə Suriyada SSRİ dövründən işləyir, onu müdafiə edən yerli siyasətçilər, təbəqə var. Əgər rus-türk razılaşması əldə olunarsa və rusların vəziyyəti möhkəmlənərsə, fikrimcə, bu, ərəblərin də marağına uyğun olardı”.

Mütəxəssis hesab edir ki, Rusiya-Türkiyə münasibətlərinin daha da kəskinləşən xətt üzrə davam etməsi ABŞ-dan savayı heç kimin xeyrinə olmayacaq:

“Sözsüz ki, Suriya ərazisində yeni dövlətin yaradılması heç kimin maraqlarına uyğun deyil. Əgər belə bir dövlət yaranırsa, deməli, kiminsə əlindən torpaq gedəcək. Bu, nə Türkiyəyə, nə Rusiyaya, nə də ərəb coğrafiyasına lazımdır. Bu halda sabah yeni dövlətin hansı ölkənin ərazisinə iddia etməsini indidən bilmək olmaz. Odur ki, hadisələrin bu istiqamətdə inkişafı arzuedilən deyil. Bu mənada ruslar türklərlə oturub danışsınlar, paylaşsınlar və razılaşsınlar. Kompromis variant tapmaq imkanları var. Əgər bu alınmasa, “tərəflər bir-birilə razılaşmır, hər tərəf öz mövqeyini gücləndirməyə çalışır” və s. mənzərə yaranacaq. Bu da ABŞ-ın Yaxın Şərqdə güclənməsi deməkdir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər