Qazaxıstan iki limanı Azərbaycan gəmiləri üçün bağlayır - Yenilənib
Tarix: 04-03-2020 11:22 | Bölmə: Slayd
Qazaxıstan iki limanı Azərbaycan gəmiləri üçün bağlayır - Yenilənib

Qazaxıstan martın 5-dən Xəzər dənizindəki Aktau və Kurık limanlarına xaricdən gələn gəmilərin daxil olmasını dayandırır. Buna səbəb koronavirusun yayılmasının qarşısını almaqdır.

Reyting.az
xəbər verir ki, bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) bildiriblər.

Bununla bağlı Qazaxıstan tərəfi Xəzər dənizində gəmiçilik fəaliyyəti ilə məşğul olan şirkətləri, o cümlədən ASCO-nu məlumatlandırıb.

Qərara əsasən, sərnişin, sürücü, vaqon bələdçiləri və təkərli texnikaların ölkəyə daxil olması qeyri-müəyyən müddətədək təxirə salınıb. Bərələrlə vaqon daşımaları isə həyata keçirilməkdə davam etdiriləcək.

Bununla əlaqədar olaraq, ASCO sərnişinlərin və yük daşımaq istəyən sahibkarların nəzərinə çatdırır ki, bilet satışı dayandırılıb. Məhdudiyyət aradan qaldırıldıqdan sonra bu barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, koronavirusla bağlı ASCO əks-epidemik profilaktik tədbirlər həyata keçirir. Şirkətin balansında olan gəmilərdə, struktur idarələrdə mütəmadi aparılan dezinfeksiya işləri gücləndirilib. Profilaktik tədbirlər çərçivəsində Qazaxıstan və Türkmənistan istiqamətində üzən bərə gəmiləri (13 bərə, 2 Ro-Ro) əlcək, respirator, eynək, kombinezon kimi qoruyucu vasitələr və məsafədən hərarət ölçən cihazlarla təmin olunub.

***

Koronovirusla əlaqədar Qazaxıstanın Xəzər dənizindəki Aktau və Kurık limanlarına bərə daşımalarına martın 5-dən tətbiq edəcəyi məhdudiyyət qərarına dəyişiklik edilib.


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən APA-ya verilən məlumata görə, bununla bağlı Azərbaycan və Qazaxıstanın aidiyyatı qurumları arasında danışıqlar aparılıb. Danışıqlardan sonra ölkəmizdən bərə gəmilərlə Qazaxıstan istiqamətində vaqonla yanaşı, sərnişin və yük avtomobillərinin daşınmasına da icazə verilib. Minik avtomobillərinin daşınmasına qoyulan qadağa isə qüvvədə qalıb.

Bununla belə, İrana aid hər növ avtomobilin, eləcə də İran vətəndaşlarının ASCO gəmiləri ilə Qazaxıstanın Aktau və Kurık limanları istiqamətində daşınmasına yenə də icazə verilməyəcək.

Qərarla əlaqədar olaraq, ASCO sərnişinlərin və yük daşımaq istəyən sahibkarların nəzərinə çatdırır ki, bilet satışı bərpa olunub.

Onu da əlavə edək ki, hazırda ASCO-ya məxsus “Professor Gül” gəmi-bərəsi yükləmə üçün Ələt limanındadır. Yükləmə əməliyyatı və sənədləşmə başa çatdıqdan sonra gəmi Qazaxıstanın Kurık limanı istiqamətinə yola düşəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər