Növbəti devolvasiya təhlükəsi yaranıb: manat yenidən ucuzlaşa bilər
Tarix: 09-03-2020 19:47 | Bölmə: Slayd
Növbəti devolvasiya təhlükəsi yaranıb: manat yenidən ucuzlaşa bilər

London birjasında neftin qiyməti 31.27 dollaradək ucuzlaşıb. Elektron birjalarda isə qiymətlər 33.95-dir. Bu gün Bakı vaxtı ilə saat 3-dən 7-yə qədər Şərq birjalarında neft daha 14 dollar qiymət itirib. Bu isə bəzi ölkələr üçün həm də devolvasiya təhlükəsi yaradıb. Azərbaycan da bu təhlükədən sığortalanmayıb.

İqtisadçı-ekspert Natiq Cəfərli Reyting.az-a açıqlamasında deyib ki, dünya bazarında neftin qiymətinin ucuzlaşmasından sonra Azərbaycan manatına təzyiqlər artıb. O, devolvasiyanı qaçılmaz sayır.

N. Cəfərlinin sözlərinə görə, əgər neftin qiyməti aylarla 30-35 dollar civarında qalarsa, devolvasiya qaçılmaz olacaq. Çünki Azərbaycanda makroiqtisadi göstəricilərin hamısı neftin qiymətindən asılıdır.

İqtisadçı xatırladıb ki, Rusiya rublu kəskin, Türk lirəsi isə tədricən ucuzlaşır. Qazaxıstan təngəsində və Gürcüstan larisində də ucuzlaşma müşahidə olunur: “Gürcüstan və Türkiyə neft istehsal edən ölkə olmasa da, bunlar bir-birinə bağlı məsələlərdir. Yəni bu ölkələrin də ticarət tərəfdaşlarından asılılığı var. Əslində istehsal və ixracatı yüksək olan ölkələr devolvasiyadan çəkinmirlər. Yəni öz milli valyutalarının azca dəyərdən düşməsinə sevinirlər. Çünki bu, ixracatı artırır və turizmə stimul yaradır”.

İqtisadçı qeyd edib ki, hazırda Rusiyada rublun dəyərdən düşməsi ciddi prosesdir: “Bu gün 1 dollar 74, 75 rubl olub. Hansı ki, 2 həftə əvvəl 61 rubl 1 dollar idi. Rusiyada artıq bu proses başlayıb. Qiymətdə itirilən vəsaitin bir qismini Rusiya rublun dəyərdən düşməsi ilə geri qaytaracaq. İqtisadiyyatında ciddi dövlət təşviqi hesabına canlanma yaranmasına səbəb olacaq”.

Növbəti devolvasiya təhlükəsi yaranıb: manat yenidən ucuzlaşa bilər
N. Cəfərli

Ekspertin fikrincə, Rusiyadan fərqli olaraq Azərbaycanda belə imkanlar məhduddur: “Bizdə manatın məzənnəsinə ən çox təsir edən amil neftdir. Ümid edirəm ki, Azərbaycan hökuməti 2015-ci ildən ibrət götürəcək. 2014-cü ildə neft ucuzlaşanda çağırışlar edirdik ki, devolvasiya olacaq və bunu gecikdirməyin. Amma bu prosesi bir ildən çox gecikdirdilər və nəticədə Mərkəzi Bankın 11 milyard dollar ehtiyatı “yeyildi”. Bunun da müsbət təsiri olmadı və üstəlik, devolvasiya özünü daha kəskin şəkildə göstərdi. Yəni iki dəfə devolvasiya oldu. Ümid edirəm ki, Azərbaycan hökuməti bu səhvi təkrarlamayacaq”.

N. Cəfərli diqqətə çatdırıb ki, təqribən iyun ayına qədər gözləyəcəklər, əgər bazarda qiymətlər sabitləşməsə, hətta qiymət 40 dollar olsa, manatın təqribən 10-15 faiz devolvasiyası üçün addımlar atılacaq.

“Gözləntim odur ki, neftin qiyməti aylarla indiki kimi qalsa, manat dollar qarşısında 1.95 səviyyəsində ucuzlaşa bilər”, - deyə N. Cəfərli bildirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər