Dövlət Təhlükəsizliyi Xidməti Gömrük Komitəsi ilə birgə məlumat yayıb – Həbs olunanlar var
Tarix: 11-03-2020 11:17 | Bölmə: Slayd
Dövlət Təhlükəsizliyi Xidməti Gömrük Komitəsi ilə birgə məlumat yayıb – Həbs olunanlar var

Azərbaycan Respublikasının dövlət sərhədindən qatar və yük maşınları ilə nəql edilməklə külli miqdarda tütün məmulatlarının ölkədən müntəzəm qaçaqmalçılıq yolu ilə çıxarıldığına dair əldə olunmuş məlumatlar əsasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsi birgə araşdırma aparıb.

Reyting.az
xəbər verir ki, bu, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsinin birgə məlumatında bildirilib.

Qeyd olunur ki, keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə Qusar rayonu ərazisində yerləşən Samur Gömrük postunda ümumi gömrük prosedur yoxlamasından keçib sərhəddən çıxışa buraxılan 40-BL-400 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobili saxlanılıb. Həmin avtomobilə baxış zamanı gömrük nəzarətinə başqa ad altında bəyan edilmiş, üzəri digər məhsulla qablaşdırılmış, xarici istehsallı 15 ton çəkidə tütün məmulatları aşkar edilərək götürülüb.

Qeyd olunan faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) maddəsi ilə aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşları - Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin rəis müavini Hüseynov Emin Əlmərdan oğlu, Hüseynov Kərim Əhmədağa oğlu və Əliyev Ramin Mehdi oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq, məhkəmənin qərarı ilə barələrində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda araşdırmalar davam etdirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər