











Tarix: 24-10-2016 13:05 | Bölmə: Slayd
Azərbaycan iqtisadi böhrana qədəm qoyandan əhalinin yoxsullaşması sürətlənib, xalqın maliyyə vəziyyəti daha da ağırlaşmaqdadır.
Ekspertlər iddia edir ki, əhalini öncəki illərdən daha ağır günlər gözləyir.
Ən təəssüfləndirici məqamlardan biri də insanların siyasi proseslərə biganəliyidir. Bu isə ölkə müxalifətinin də siyasi təşəbbüslərinə əngəl törədir. Ona görə də, son bir neçə ildə ictimai-siyasi arenada proseslər süstləşib. Bir-iki xırda hərəkətlənməni nəzərə almasaq, siyasi cəbhədə hər hansı tərpəniş yoxdur.
Müsavat başqanının müavini Tofiq Yaqublu "Reytinq"ə deyib ki, ölkədə kifayət qədər problem olsa da, əhali real vəziyyətdən əziyyət çəksə də, hələ də etiraz ab-havası yoxdur. T.Yaqublunun fikrincə, mövcud hakimiyyətin gücü ondadır ki, əhali onun hərəkətlərinə adekvat reaksiya vermir:
"Ölkədə vəziyyət olduqca pisdir, sadəcə olaraq, camaat gərəkən addımları atmır. Narazılıq pik həddədir, seçkilər saxtalaşdırılır, ölkə talan edilir, insan haqları pozulur, digər neqativ hadisələr baş verir. İndiki dövrdə bu qədər problemə rəğmən süstlük hökm sürür. Normal ölkələrdə bu qədər haqsızlıq, talançılıq, işsizlik, inflyasiya olsaydı, insanlar kükrəyib ayağa qalxardı. Təəssüf ki, Azərbaycan xalqı hələlik mövcud vəziyyətə adekvat reaksiya vermək niyyətində deyil. Amma ümid edirik ki, cəmiyyət bu zülmə etirazını bildirəcək".
Tofiq Yaqublu: "Narazılıq pik həddədir, seçkilər saxtalaşdırılır, ölkə talan edilir, insan haqları pozulur… "
Müsavat yetkilisi siyasi qüvvələrin ölkədəki prosesləri aktivləşdirməsinə və mübarizəni istiqamətləndirməsinə də münasibət bildirib. Deyib ki, nə lazımdırsa, müxalifət onu edir:
"Normal ölkələrdə müxalifət hakimiyyətin səhvlərini açaraq xalqa göstərir, mövcud durumdan çıxış yolunu ortaya qoyur. Onu anlayan xalq da ardınca gələrək seçkilərdə müxalifətə səs verib, hakimiyyətə gətirir. Azərbaycan müxalifəti bu hakimiyyətin oğru, talançı, yalançı olduğunu və digər cinayətlərini açıb cəmiyyətə göstərir. Bu gün cəmiyyətin bu sahədə heç bir problemi yoxdur. İnsanlar nə baş verdiyini gözəl bilirlər. Biz yol da göstəririk, bildiririk ki, mübarizənin yolu dinc nümayişlərdən keçir.
Kimsəiddia edəbilməz ki, Azərbaycan müxalifəti dünyada təbiq olunan metodlardan yararlanmır. Problem cəmiyyətin mövcud duruma adekvat reaksiya verə bilməməsindədir. Çox təəssüf ki, bu vəziyyət hakimiyyətin işinə yarayır".
Nəsimi Məmmədli: "Hazırkı situasiyanı dəyişəcək yeganə amil xalqın müxalifətə açıq və kütləvi dəstəyi ola bilər…"
Siyasi təhlilçi Nəsimi Məmmədliisə bildirib ki,əslində nəinki indi, heç ölkəyə milyardlarla dollar neft gəlirləri daxil olanda da xalqın əksəriyyəti yaxşı yaşamayıb. Onun sözlərinə görə, əhalinin gəlirlərini ifadə edən rəsmi statistika ilə real vəziyyət təzad təşkil edib, hər kəs banklardan kredit almaqla orta və iri problemlərini birtəhər yoluna qoyub: "Dövlət büdcəsi 25 milyard dollar olanda da, 10 milyarda enəndə də xalqa bundan çox az çatırdı. Əhali ümumiyyətlə, öz yaşayışında neft gəlirlərinin elə də üstün təsirini hiss etmirdi. Bu məsələdə hökumət çox "uzaqgörən" tərpənib və ümumiyyətlə, əhalinin ən aşağı təbəqəsinin böyük gəlirlərə çatmasına imkan yaratmayıb. Odur ki, həmin qrup əhali büdcə azalmalarını öz dolanışığında elə də ciddi hiss etmir. Aza qane olmaqla yaşamağa vərdiş etmiş adamların durumunda hansısa ciddi fərq hiss olunmur. Yəni 25 milyardlıq büdcədən onlara nə çatırdısa, elə 10 milyardlıq büdcədən də o çatır. Onlar üçün pisə doğru dəyişən çox az şey var".
N.Məmmədli qeyd edib ki, aparılan peşəkar təhlillərə görə, nisbətən orta təbəqədən olan əhalinin durumu əvvəlki illərlə müqayisədə sürətlə pisləşir və getdikcə daha da pisləşəcək:
"Ölkədəiş yerləri bağlanır, gəlirlər azalır, qiymətlər yüksəlir, xərclər isə artır. Əvvəlki illərdən qalan cüzi ehtiyat da tükənmək üzrədir. Xüsusilə də payız və qış mövsümü cari xərclər daha da artır. İsti geyim almaq, evlərin qızdırılması üçün əlavə xərclər, mövsümi xəstəliklərin müalicəsi üçün xərclərin artması vəziyyəti daha da çətinləşdirir".
N.Məmmədlinin fikrincə, belə hallara qarşı adekvat reaksiyaların olmaması anti-demokratik idarəetmənin yaratdığı mühitlə bağlıdır. O, hesab edir ki, siyasi təfəkkürü aşılanmış cəmiyyət qorxaq olur və onları etiraza sövq etmək olduqca çətindir:
"Avtoritar rejimlərin ram etdiyi insanlar maddi sıxıntıya, hansısa çıxılmaz duruma düşəndəilk meyl etdiyi yalvarışlar, sonu isə intihar olur. Belə insanların sayı çox olsa da, etiraz limiti xeyli məhdud olur. Rejimlərin ram edəbilmədiyi cəsarətli, mübariz insanlar isə cəmiyyətdə azlıq təşkil edir. Onları hüquq-mühafizə orqanlarının gücü ilə əzməklə cəmiyyətin etiraz potensialını zəiflədirlər. Məhz bu amillərə görə əhali pis yaşasa da, uyğun reaksiyalar yoxdur".
N.Məmmədli müxalifət partiyalarının hazırkı situasiyanı istiqamətləndirmək imkanlarına toxunarkən deyib ki, bu ağır şərtlər daxilində nə etmək mümkündürsə, ölkə müxalifəti onu edir: "Öz mübarizəsində zorakılığı, şiddəti rədd edən və hər cür məhrumiyyətlərə baxmayaraq, yalnız dinc mübarizəyə sadiq qalan müxalifəti fəaliyyətsizlikdə tənqid etmək qətiyyən ədalətli sayıla bilməz. Həbsxanalarda yüzdən çox siyasi məhbusun olması da ölkənin siyasi mühitinin real durumunu ifadəedir. Təəssüf ki, indi ölkədə siyasi fəaliyyətin yalnız iki müstəvisini göstərmək olar. Biri sosial şəbəkələr və media, digəri isə razılaşdırılmış mitinqlərdir. Hətta bunlar belə, normal siyasi fəaliyyət üçün uyğun və təhlükəsiz deyil. Amma buna baxmayaraq, yenə də müxalifət öz mövcudluğunu qoruyur və mütəmadi olaraq çağırışlarını edir. Məncə, bu istiqamətlərdə fəaliyyət intensiv xarakter almalıdır. Hazırkı situasiyanı dəyişəcək yeganə amil xalqın müxalifətə açıq və kütləvi dəstəyi ola bilər ki, bunu da sosial böhranın təsirləri müəyyən edəcək".
N.Məmmədli sonda qeyd edib ki, qarşıdakı dönəmdə proseslərin bu şəkildə davam edəcəyi inandırıcı deyil. Ekspertlərin də fikirlərindən o qənaətə gəlmək olur ki, ölkəni uzun müddət gərginlikdə saxlamaq mümkün olmayacaq. Çünki ölkədə kifayət qədər narazılıq var, sadəcə, insanlar gözləmə mövqeyində dayanıblar. Səbr etməyin kvotası dolandan sonra etirazlar açıq müstəviyə keçə bilər. "Yerlərdə lokal sosial etirazlar artdıqca, resursları tükənən iqtidar öz yanaşmasını dəyişmək məcburiyyətində qalacaq. Təhlilçilər də hesab edir ki, ölkədə real demokratik islahatlara başlanmasa, yeni demokratik hərəkat üçün psixoloji zəminin yaranması qaçılmaz olacaq və proseslər nəzarətdən çıxacaq. Nəticə olaraq, onu demək olar ki, hazırkı süstlük tufanqabağı sakitlik kimi də dəyərləndirilə bilər. Amma bu sakitliyin nə zaman sona yetəcəyini bəri başdan söyləmək mümkün deyil",- deyə N.Məmmədli fikrini tamamlayıb.
Reyting.az
Bölməyə aid digər xəbərlər