











Tarix: 27-10-2016 16:19 | Bölmə: Slayd
2016-cı ilin 9 ayı ərzində Azərbaycanda İİV-ə (insanın immunçatışmazlığı virusu) yeni yoluxma halları 374 nəfər təşkil edib.
Reyting.az saytı Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinə istinadla bildirir ki, İİV-ə yeni yoluxanlardan 365-i (98%) Azərbaycan vətəndaşı, 9-u (2%) əcnəbilərdir.
Qeydiyyata alınmış 365 yerli sakindən 232-i (63,6%) kişi, 133-ü (36,4%) qadındır. Bu dövr ərzində Azərbaycan vətəndaşı olan 118 İİV-li xəstə QİÇS mərhələsinə keçib və İİV-infeksiyasından 43 nəfər dünyasını dəyişib.
2016-cı ilin 9 ayı ərzində İİV-ə yoluxması təsdiq olunmuş Azərbaycan vətəndaşları arasında yoluxma yolları aşağıdakı kimidir:
72 nəfər (19,7%) parenteral, 228 nəfər (62,5%) heteroseksual, 8 nəfər (2,2%) homoseksual kontakt nəticəsində, 5 nəfər (1,4%) şaquli yolla, 52 nəfərin (14,2%) yoluxma yolu müəyyənləşdirilməkdədir.
Ümumilikdə, Azərbaycanda ilk dəfəİİV-infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2016-cı ilin 9 ayının sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-infeksiyası təsdiq olunmuş 5025 İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 3642-si (73,2%) kişi, 1383-i (26,8%) qadındır.
QİÇS mərhələsində olan İİV-lə yaşayan insanların sayı 1360 nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 788 nəfərdir.
Respublika QİÇS-lə Mübarizə Mərkəzində qeydiyyata götürülmüş vətəndaşların 48,8%-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 40,1%-də heteroseksual, 1,8%-də isə homoseksual kontakt nəticəsində, 1,8%-də anadan uşağa keçməklə, 7,5% -də isə yoluxma yolu müəyyən edilməyib.
İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi, əvvəlki illərdə olduğu kimi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən davam etdirilib. Belə ki, 08.11.2006-cı il tarixdən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 3346 İİV-lə yaşayan insan cəlb olunub, onlardan 386 nəfərə müalicə 2016-cı ilin ilk 9 ayı ərzində başlanıb.
01.06.2015-ci il tarixdən etibarən, Ailə Məcəlləsinə dəyişikliklərlə əlaqədar, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi cərçivəsində, bu ilin 9 ayı ərzində 114660 şəxs İİV-ə görə müayinəyə cəlb olunub və 79 nəfərdə İİV-ə yoluxma faktı təsdiqlənib ki, onlardan da 49 nəfəri yeni aşkar olunan şəxslərdir.
Səhiyyə Nazirliyinin məlumatına görə, Azərbaycan İİV-infeksiyasına yoluxma səviyyəsi üzrə aşağı olan ölkələr sırasındadır. Burada epidemiya əsasən yüksək riskli qruplara aid olan əhali təbəqələri, o cümlədən inyeksion narkotik istifadəçiləri arasında yayılıb. Belə ki, 2016-cı ilin III rübünün sonuna kimi aşkar olunan İİV-ə yoluxma hallarının 19%-i, 1987-01.04.2016-cı illər ərzində isə aşkar olunan halların 49%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib.
Reyting.az

Bölməyə aid digər xəbərlər