











Tarix: 08-11-2016 15:09 | Bölmə: Slayd
Son günlər cəbhədə vəziyyət yenidən gərginləşib. Ermənistan tərəfi Azərbaycan Ordusunun yerləşdiyi məntəqələri intensiv atəşə tutur. Silahlı Qüvvələrimiz cavab atəşi ilə düşməni susdursa da, qarşı tərəf təxribat əməllərindən vaz keçmir.
Ötən gün erməni silahlı birləşmələri mülki əhalinin gəzdiyi əraziləri yenidən atəşə tutub. Görünən odur ki, ermənilər vəziyyəti yenidən kritikləşdirmək üçün təxribat əməllərini davam etdirirlər.
Politoloq Mütəllim Rəhimli məsələni
şərh edərkən Reyting.az saytına deyib
ki, hər bir hadisənin arxasında onun mənası gizlənir və cəbhə bölgəsində baş
verənlər də təsadüf sayıla bilməz.
Onun sözlərinə görə, bu gərginliyi doğuran səbəblər aradan qaldırılmayıb, yəni ermənilər Azərbaycanın işğal etdiyi ərazini boşaltmayıblar. "Digər tərəfdən, dünyada və regionda çox ciddi geosiyasi proseslər gedir. Yeni ərazilərə nəzarət və səlahiyyətlərin artırılması uğrunda qarşıdurmalar nəinki səngimir, əksinə, getdikcə daha da qızışır. Bu isə münaqişə ocaqlarında vəziyyəti daha da gərginləşdirir və müharibənin başlama riskini artırır. Düşünürəm ki, məhz bu səbəblərdən də aprel hadisələri baş verdi. Bu döyüşlər, eyni zamanda, Azərbaycanın öz torpaqlarını azad etmək istəyindən geri çəkilmədiyini və hətta buna çox ciddi şəkildə hazırlaşdığını da sübut etdi.
Təəssüf ki, aprel döyüşlərindən sonra Azərbaycanın işğal olunmuş ərazilərinin, xüsusilə 5 rayonun azad edilməsi üçün vədlər verilsə də ciddi işlər görülmədi. Baxmayaraq ki, bu istiqamətdə planın razılaşdırıldığı və problemin mərhələli şəkildə həll ediləcəyi haqda ictimaiyyətə informasiya da sızdırılırdı. Çox güman ki, Azərbaycan tərəfi də beynəlxalq vasitəçilərin bu təklifinə inandığına görə aprel döyüşlərini yarımçıq saxladı. Lakin göründüyü kimi, cəbhə xəttində hər hansı dəyişiklik yoxdur. İndi ya beynəlxalq vasitəçilər üzərlərinə götürdükləri vədləri yerinə yetirməyə erməniləri məcbur edə bilmir, ya da erməniləri silahlandırmaq və qızışdırmaq yolu ilə onun yenidən üstünlüyünü formalaşdırmaq istəyir ki, apreldən əvvəlki status-kvo bərpa olunsun. Hər iki hal müharibənin yenidən başlama ehtimalını artırır. Deməli, proseslərin bu cür davam etməsi gərginliyin getdikcə artması və yaxın vaxtlarda yeni müharibənin başlaması ilə nəticələnə bilər".
Politoloq qeyd edib ki, istənilən halda müharibənin başlaması Azərbaycan tərəfi üçün məqbuldur. "Çünki biz işğala məruz qalan, torpaqlarını itirən tərəfik. Ona görə də yaranmış fürsətdən istifadə edə-rək işğal olunmuş ərazilərimizi geri qaytara bilərik. Aprel hadisələri bunun üçün çox yaxşı manevr sayıla bilər. Ordunun döyüş və hücum əməliyyatlarında, o cümlədən taktiki addımlarda olan qüsurları da aradan qaldırmaqla irimiqyaslı hücumla torpaqlarımızı azad edə bilərik",- deyə M.Rəhimli fikrini tamamlayıb.
Diqqətçəkən məsələlərdən biri də, Ermənistan tərəfinin cəbhədə gərginlik yaratmaqla yanaşı, danışıqlar prosesini uzatması, yaxud prosesin fərqli məcraya yönəlməsi üçün müəmmalı gedişləridir.
Belə ki, Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryan deyib ki, Azərbaycan Dağlıq Qarabağın separatçı liderləri ilə danışıqlara hansısa sonrakı mərhələdə deyil, məhz indi başlamalıdır.
Eyni gündə başqaları da bu mövzunu gündəmə gətiriblər. Məsələn, vaxtilə hakimiyyətdə təmsil olunan Demokrat Partiyanın lideri Aram Sərkisyan da eyni sözləri deyib.
Bunu şərh edən politoloq Elxan Şahinoğlu isə qeyd edib ki, Ermənistan hakimiyyəti bu tələbi qoymaqla, yeni hiyləyə əl atır: "Görünür, İrəvanda yüksək səviyyədə qapalı toplantı keçirilib, müharibə təhlükəsinin qarşısının alınması yolları haqqında müzakirə açıblar və yeganə "ağıllarına" gələn "danışıqlarda Dağlıq Qarabağ da iştirak etsin",- fikri olub".
E.Şahinoğlunun sözlərinə görə, bununla İrəvan iki məqsəd güdür: "Birinci məqsəd odur ki, guya İrəvan Dağlıq Qarabağın əvəzinə qərar verə bilməz, hətta onlar hipotetik olaraq danışıqlar prosesində Bakı ilə nəyəsə razılaşsalar, Xankəndinin "yox" cavabı həlledici olacaq. Bununla İrəvan Dağlıq Qarabağdakı separatçıları özünün əlaltısı yox, "müstəqil oyunçu" kimi bizə və beynəlxalq aləmə sırımaq istəyir.
İrəvanın ikinci məqsədi elə həmin beynəlxalq vasitəçilərlə həmrəylik nümayiş etdirməkdir. Çünki, təəssüf ki, həmsədrlər, özəlliklə də rusiyalı həmsədr tez-tez "danışıqlar prosesinə Xankəndinin də qoşulmasına ehtiyac var",- deyir".
Ekspertin sözlərinə görə, Ermənistan hakimiyyəti anlayır ki, növbəti hərbi toqquşma qaçılmazdır. Azərbaycan Ordusu bəlkə də tarixinin ən böyük hərbi təlimlərinə hazırlaşır: "60 minlik qoşunla hərbi təlimlər həm İrəvana, həm onun dəstəkçisi Moskvaya, həm də Qərbə ciddi mesaj olmalıdır. Mesajı belə oxumaq lazımdır: "Sizin başınız İraq və Suriyaya qarışıb, ancaq Cənubi Qafqazda da müharibə təhlükəsi realdır. Ya bunun qarşısını almaq üçün Ermənistan hakimiyyətinə təzyiq edib danışıqlar yolu ilə Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını sürətləndirməlisiniz, ya da toqquşma qaçılmazdır".
Reyting.az
Bölməyə aid digər xəbərlər