











Tarix: 08-11-2016 17:16 | Bölmə: Slayd
Ölkədə səhiyyə sisteminin bərbad olduğu heç kimə sirr deyil. Qanunvericiliyə görə, dövlət xəstəxanalarında müayinə, müalicə və digər tibbi prosedurlar ödənişsiz olsa da, vətəndaşlar tibbi xidmət qarşılığında pul ödəmək məcburiyyətində qalırlar.
Amma hökumət artıq səhiyyə sistemində dəyişiklik etmək qərarına gəlib. Yeni dəyişiklikdən sonra Azərbaycanda publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək dövlət xəstəxanaları qismən, bələdiyyə xəstəxanaları isə əsasən pullu xidmət göstərəcək. Bu, Nazirlər Kabinetinin "Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi"nə etdiyi dəyişiklikdə əksini tapıb.
Nizamnaməyə əsasən, indiyə qədər dövlət xəstəxanalarının vəzifəsi pulsuz tibbi xidmət göstərmək olub. Bu müəssisələrin yalnız növləri Nazirlər Kabineti tərəfindən müəyyən edilən ixtisaslaşdırılmış pullu tibbi yardım göstərmək hüququ var idi. Dəyişikliyə əsasən, bundan sonra dövlət xəstəxanaları yalnız "Əhalinin sağlamlığının qorunması haqqında" Qanunla müəyyən edilmiş hallarda pulsuz xidmət göstərəcək. Eyni zamanda, dövlət adından yaradılan müəssisələrdə əvvəlki qaydada növləri Nazirlər Kabineti tərəfindən müəyyən edilən ixtisaslaşdırılmış pullu tibbi yardım xidməti olacaq.
Nizamnaməyə edilən digər dəyişikliyə əsasən, bələdiyyə adından yaradılan müəssisələrdə pullu tibbi xidmət göstəriləcək. Yalnız "Əhalinin sağlamlığının qorunması haqqında" Qanunda müəyyən edilmiş pulsuz tibbi xidmət göstərmə halları istisna olacaq.
Hökumətin
səhiyyə sistemində planlaşdırdığı dəyişikliyi "Reytinq"ə şərh edən Tibb Universitetinin müəllimi, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli
Əliyev deyib ki, bu, ölkənin səhiyyə sistemində qaydaların təkmilləşdirilməsi,
yeni iqtisadi şərtlərə uyğun qanunverici bazanın yaradılması üçün göstərilən təşəbbüsdür.
Ə.Əliyevin sözlərinə görə, dövlətin kəskin maliyyə defisiti şəraitində olduğu bir vaxtda büdcə yükünün azaldılması hökumətin ümdə vəzifəsidir. "Baş verən yeniliklərin nədəni burada gizlənir. Çox güman ki, hökumət yaxın gələcəkdə Tibbi Sığorta Proqramının tətbiqinə start verməyi düşünür",-deyən Ə.Əliyevin fikrincə, cəmiyyətdə yaranan narahatlıq Nazirlər Kabinetinin "Dövlət orqanları və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi"nə edilən dəyişiklikdən qaynaqlanır:
"Belə təəssürat formalaşır ki, dərhal pullu tibbi xidmətin tətbiqinə başlanacaq. Amma yanlış qənaətdir. Ədalət xatirinə deməliyəm ki, belə fikrin mövcud olmadığı deyilir. Hər halda, bu günə qədər rəsmi şəxslərin açıqlamalarından məlum olur ki, baş verənlər tədrici tərzdə yeni səhiyyə qaydalarına keçidin, daha düzü keçidə hazırlığın tərkibidir. Eyni zamanda dəyişikliyin ideya müəllifləri hələ özləri sona qədər nə etdiklərini izah edə bilmirlər. Çünki sona qədər bitkin baxışlar sistemi ortaya qoya bilməyiblər. Nazirlər Kabineti bu günə konseptual olaraq fikrini ictimailəşdirməyib. Bəlkə kimlərsə bundan məlumatlıdır, lakin hələlik mütəxəssislərdə belə dolğun anlayış mövcud deyil. Fikrimcə, yaranmış vəziyyət, təəssüf ki, bütövlükdə hakimiyyətə şamil oluna bilən haldır. İqtidar strateji deyil, məhəlli düşünə bilir və proseslərə məhəlli şəkildə refleks nümayiş etdirir".
Onu da nəzərə çatdıraq ki, son dövrlər icbari tibb sığortanın tətbiqi istiqamətində ciddi addımların atılması da planlaşdırılır. Bildirilir ki, gələn il iki inzibati ərazi vahidində tibbi sığortaya keçidin pilot layihəsi icra edilməyə başlanacaq. Rəsmilər yalnız sınaq dövrü zamanı ortaya çıxan praktik məsələlərə aydınlıq gələcəyini bildirirlər. Hətta sınaq müddətində belə, həmin ərazilərdə pullu tibbi xidmətin tətbiqindən söhbət getməyəcəyini anons edirlər.
Ə.Əliyev hesab edir ki, qaydalarda edilən dəyişikliklərdə nəzərdə tutulan pullu tibbi xidmət barədə dəyişikliklər ölkə üzrə tibbi sığorta proqramı ilə eyni vaxtda keçiləcəyi dəqiqdir. Ona görə, onsuz da durumu gərgin olan əhaliyə əlavə mənəvi yük vermək düzgün olmaz. Onun sözlərinə görə, çalışmaq lazımdır ki, əhali baş verənblərdən məlumatlı olsun.
Müsahibimiz qeyd edib ki, Səhiyyə Nazirliyi də kafi qədər iş aparmır. Yəni, təbliğatın olmaması və bilgisizlik belə şəraitdə bəzi fırıldaqçılara sui-istifadə üçün bəhanə verə bilər.
Ölkədə səhiyyə sisteminin mövcud durumuna gəlincə, Ə.Əliyev deyib ki, problemin siyasi, sosial və peşə tərəfləri mövcuddur. Onun sözlərinə görə, səhiyyə sahəsindəki vəziyyət ümumi vəziyyətdən heç nə ilə fərqlənmir: "Aşağı-yuxarı durum bütün sahələrdə eynidir. Başqa cür olduğunu iddia etmək də düz olmaz. Çünki hökumət bütövdür. Onun bütün orqanları eyni beyindən komanda alır. İmpuls alındıqdan sonra ona göstərilən reaksiyada subyektiv faktor rol alsa da, bu iştirak həlledici olmur. Ona görə də səhiyyə sahəsinə əlahiddə qiymət vermək yanlışdır. Hökumətin bütövlükdə qiymətini isə əhalinin əksəriyyətinin maddi və sosial vəziyyətinə baxmaqla müəyyənləşdirmək asandır. Milli valyutanın üzüaşağı durmadan dığırlanması hökumətin fərasətinin indikatorudur. Korrupsiya və özbaşınalığın testləri ola biləcək Beynəlxalq Bank və keçmiş MTN məmurları barədə gedən məhkəmə prosesləri, hakimiyyətin cəmiyyətə münasibətidir.Nə isə... Siyahını böyütmürəm. Səhiyyə də belə bərbad idarəçiliyin bir şaxəsidir. Problemin siyasi, sosial və peşə tərəfləri də mövcuddur. Müşkülün siyasi kökünə baxarkən, oradan digər fəsadlar aydın görünəcək".
Partiya sədri qeyd edib ki, səhiyyə təhsil sahəsi ilə birlikdə cəmiyyətin ən geniş təbəqələri ilə sıx təmasda olan sahədir. Hər iki sahənin auditoriyası çox genişdir: "Ona görə də iqtidar cəmiyyətə bu qədər həlledici təsirə malik olan adıçəkilən sahələri xüsusi şəkildə "yükləyir". Əvvəla, seçkilər ilk növbədə cinayətkar şəkildə həkim və müəllim kontingentinin əli ilə saxtalaşdırılır. İkinci dəfə bu insanlar cinayət işlətməyə onlara az maaş kəsilən zaman məhkum edilirlər. Məvacibləri ailə büdcəsini təmin etmədikdə, xəstə və şagirdin əlinə gözü zillənən bu insanlar növbəti dəfə çirkaba bulaşdırılır ki, seçki cinayətləri və ictimai problemlərə "lal" olsunlar.
Ümumiyyətlə, cəmiyyətdə ən az maaşlı təbəqə məhz həkimlərdir. Dövlət müəssisələrində çalışan personalın maaşı 200 manat civarındadır. Bu gülünc pulla kim normal və keyfiyyətli həyat sürə bilər? Təbii ki, heç kəs. Bu yerdə səhiyyədə qeyri-rəsmi pul və rüşvət üzə çıxır. Bəraət qazandırmasam da, həkimlərin yaşaması üçün rüşvət mühüm əhəmiyyətə malikdir. Cəmiyyəti narahat edən səhiyyədə neqativ hallar əsasən süni problemdir. İstisna etmirəm ki, həkim personalının belə davranışına az miqdarda şəxsi nəfs də qoşulur".
Müsahibimiz onu da nəzərə çatdırıb ki, səhiyyədə hökm sürən neqativ halların sosial tərəfi cəmiyyətin əhəmiyyətli hissəsinin kasıblığıdır. Onun qənaətincə, əhalinin sosial baxımdan müdafiəsiz hissəsi demək olar ki, keyfiyyətli tibbi yardımdan məhrumdur, yaxud dövlət müəssisələrində göstərilən "pulsuz" xidmət keyfiyyətcə aşağı və təmənnalıdır:
"Sıravi insanın davasız pulsuz xidmətə nail olması praktik baxımdan mümkün deyil. Xəstələrin öz dərmanı olmadan müalicə almasının mümkünsüzlüyünü orta statistik azərbaycanlı bilməmiş deyil. "Xəstənin sahibi kimdir?"- sualının qəbul şöbələri və xəstəxana dəhlizlərinin ən populyar sualı olduğunu desək, yanılmarıq.
Bahalı sayılan tibbi xidmət növlərindən şuntlama və ya stend qoyuluşu isə ümumiyyətlə, bir çox həmvətənimizin qazancı ilə əlçatmaz nemətə çevrilib. Bir çoxları belə əməliyyat növündən istifadə edə bilmədiyindən sakitcə oturub Əzrail mələyini gözləyir. Digər qrup xəstələr borclanaraq belə xidmət növündən yararlanırlar. Təbii ki, əməliyyatın uğurlu sonucunda kredit faizləri həmin şəxsləri məhv edir. Düşünək ki, Azərbaycanda nə qədər adam 5 min manatdan başlayıb, 20-30 min manat civarında dəyəri olan əməliyyatı ödəmək gücündədir. Eləcə də digər növ xidmətləri".
Ə.Əliyevin fikrincə, tibbi çətinliklərin bir qismi də peşə fəaliyyəti ilə bağlıdır. Dediyinə görə, son illər səhiyyəyə külli kapital yatırımları olsa da, sərmayənin yüksək effektivliyindən danışmağın yeri yoxdur: "Dediklərimin ən bariz təsdiqi Azərbaycan xəstəxanalarında yüksək və orta çinli məmur təbəqəsinin görünməməsidir. Kim xəstəxanada şəxsi şikayəti ilə bağlı nazir və ya komitə sədrinə rast gəlib? İnanmıram ki, suala müsbət cavab verilə. Ölkənin varını acgözcəsinə mənimsəyən ekip - yəni hakimiyyət təmsilçiləri tibbi xidməti xaricdə alırlar. Hətta chek-up müayinəni belə öz klinikalarımıza etibar etmirlər. Bircə laborator müayinələri konfidensial qaydada, özlərinə yaxın klinikada həyata keçirirlər. Narahatlıq göstəri-ciləri ortaya çıxan kimi Almaniya, İsrail, ABŞ xəstəxanalarına gedirlər. Bu ona görə belədir ki, yerli səhiyyənin səviyyəsinə etibar etmirlər. Nə qədər ki, dövlətə cavabdeh şəxslər ölkə xəstəxanalarında müalicə almırlar - səhiyyənin yüksək səviyyəsindən, pullarını bank və biznesimizə yatırmırlarsa - maliyyə və iqtisadiyyatımızdan, övladlarını xaricdə oxutdururlarsa - təhsilimizin keyfiyyətindən danışmağın yeri yox-dur. Hələ son dövrlər demək olar ki, hamısı övlad və ailələrini kənara qaçırıblar. Belə olduğu təqdirdə bütövlükdə dövlətə etibar etdiklərini söyləmək çətindir".
Müsahibimiz sonda qeyd edib ki, Azərbaycanda İcbari Tibbi Sığorta Proqramının tətbiqinə çoxdan başlanılmalıydı. Onun fikrincə, bunun iqtisadi çətinliklərin təzyiqi altında edilməsi yanlış siyasətdir. Çünki yanaşma fərqli olacaq. Belə bir şəraitdə tətbiq olunacaq proqramın prioritet qayəsi əhalinin xidmətini yüksəltmək deyil, maliyyə məsrəflərini azaltmaq olacaq. Necə olmasından asılı olmayaraq, bütövlükdə iki ziyandan daha azı faydalıdır:
"Tibbi sığortanın sosial baxımdan az müdafiəyə malik təbəqə üçün müstəsna əhəmiyyəti vardır. Bu sahədə işlər sürətləndirilməlidir. Səhiyyə məmurları keçidin sürətlənməsi üçün daha intensiv çalışmalıdır. Səhiyyə sahəsində keçidin yubanması, gündəlik yüzlərlə insanın əzab girdabında qovrulması deməkdir. Bütövlükdə icbari tibbi sığortaya keçid baş tutarsa, cəmiyyətin sosial yükünün azaldılması baş verəcək. Lakin keçid zamanı daxili mafioz qüvvələrin yaranacaq yeni maliyyə dövriyyəsi uğrunda savaşı qaçılmaz olacaq. Bu qarşıdurma bütün pozitiv başlanğıcları məhv etmək potensialındadır. Çalışmaq lazımdır ki, onsuz da heç nədən gözü doymayan məmurların iştahası bu vacib niyyəti "udmasın".
Reyting.az
Bölməyə aid digər xəbərlər