











Tarix: 21-11-2016 13:47 | Bölmə: Slayd
Respublikaçılar Partiyasının namizədi Donald Tramp Demokratlar Partiyasının namizədi Hillari Klintonu məğlub edərək ABŞ-ın 45-ci prezidenti oldu.
Dünyanın əsas güc mərkəzi olan ABŞ-ın rəhbərinin dəyişməsi təbii ki, bundan sonrakı siyasətə təsirsiz ötüşməyəcək.
Maraqlı məsələlərdən biri də Amerikanın müsəlman dünyası ilə bağlı siyasətində nələrin baş verəcəyidir. Görəsən, müsəlman ölkələrində aranı qarışdıracaq daha hansı radikal qruplaşmalar formalaşa bilər?
Bu və ya digər məsələlərlə bağlı sualı cavablandıran şərqşünas-politoloq Vüsal Hətəmov "Reytinq"ə deyib ki, Tramp Yaxın Şərqlə bağlı ABŞ-ın siyasətini dəyişməyə məcburdur:
"Düzdür, dünya ictimaiyyətinin gözlədiyi nəticələr fərqli oldu. Hamı səs çoxluğuna görə Klintonun seçiləcəyini gözləsə də, sonradan Tramp önə keçdi. Nəticə gözlənilməz olsa da, bunu amerikalıların siyasi iradələrinin izharı kimi qəbul etməliyik. Yəqin ki, ABŞ əhalisi öz dövlətlərinin dünyada, xüsusilə də Yaxın Şərqdə demokratiyanın bərpası adı altında törətdiyi cinayətlərdən bezib.
Tramp qeyri-adi çıxışları ilə ABŞ-ın seçimi oldusa, deməli, ştatlarda yaşayan amerikalılar əvvəlki prezidentlərin, yəni Buş, Klinton, Obama hakimiyyətlərinin siyasətindən narazı olduqlarını ifadə etdilər. Yəqin ki, Tramp ABŞ-ın siyasətini birqütblü dünya iddiasından yayındırar. Əgər belə olarsa, dünyada sülhün müəyyən qədər bərqərar olmasından danışmaq mümkündür".
Əks qütbün böyük hərbi dövləti olan Rusiyanın Trampla bağlı mövqeyinə də toxunan V.Hətəmov bildirib ki, bu məsələdə də ziddiyyətli nəticələr gözləmək olar:
"Trampı demək olar ki, ilk təbrik edənlərdən biri elə Rusiya prezidenti oldu. Hətta Rusiyada bir sıra siyasətçilərin Trampın seçilməsilə əlaqədar bayram etdikləri də müşahidə olundu. LDPR-in lideri Vladimir Jirinovski "Vesti"nin canlı efirində şərab içərək hətta qələbə münasibətilə öz xalqını da təbrik edib. Amma bu o demək deyil ki, ABŞ Rusiyanın sevincinə sevinir. Qeyri-adi çıxışları ilə yadda qalan Tramp bu məsələdə də gözlənilməz açıqlama verib. Seçki kampaniyası dövründə öz ölkəsi ilə Rusiya arasında əlaqələri yaxşılaşdıracağını deyən Tramp prezident seçildikdən sonra əks mövqe sərgiləyib. Yeni prezident İŞİD-lə bağlı danışarkən Rusiyaya da söz atıb, halbuki seçkiqabağı Rusiya ilə ABŞ-ın münasibətlərini yaxşılaşdıracağını deyirdi.
CNN-əmüsahibəsi zamanı Donald Tramp İŞİD-i məhv edəcəyini deyərkən, həmçinin, Rusiyanın Krım və Donbassdakı işğalçı hərəkətlərini də pisləyib. Hətta bir az da sərt şərt qoymaqla bildirib ki, Moskvaya qarşı sanksiyaları sərtləşəcək və onu Şimali Koreya kimi təcrid edəcəklər. Təbii ki, ABŞ-ın Rusiya ilə mövqeyi sərtləşərsə, Yaxın Şərqdə heç bir sabitlikdən danışmağa dəyməz".
ABŞ-Azərbaycan münasibətlərinin gələcək ampulasına toxunan politoloq qeyd edib ki, Rusiya iləABŞ-ın münasibətləri istiləşməzsə, regionda heç bir dövlət üçün xoş gələcəkdən danışmaq olmaz: "Bu iki dövlətin soyuq münasibətləri Azərbaycanın da dünyaya sərbəst çıxışına süni maneələr yarada bilər. Belə ki, iqtisadi cəhətdən Avropaya inteqrasiya etməli olan respublikamız məcburi şəkildə Rusiyanın da "xətrinə dəyməməli" olacaq. Ən azından dondurulmuş Qarabağ münaqişəsinin mövcudluğu bu fikrimizi dəstəkləyir.
Bundan başqa, İranla Rusiyanın bir çox məsələlərdə həmrəy olmaları da, hətta son zamanlar Türkiyənin də bu iki böyük qonşu dövlətlərilə eyni münasibətdən çıxış etməsi bunu deməyə əsas verir ki, ABŞ-ın ölkəmizlə hər hansı strateji layihəsi mübahisəsiz ötüşməyəcək. Təbii ki, bu zaman ölkəmiz üçün yeni bir irəliləmə yolları da açıla bilər. Hər cəhətdən ABŞ-ın təsirindən çıxmağa çalışan Avropa dövlətləri ilə qura biləcəyimiz iqtisadi-ticari məsələlərdə əsas söz tərəfinə çevrilə bilərik".
ABŞ-ın Türkiyə vəİranla bağlı gələcək siyasətinə də toxunan V.Hətəmov məsələlərin müsbətə doğru dəyişməsini mümkün sayır: "Trampın
alman əsilli
olması ola bilsin ki, İranla münasibətlərdə dəyişiklik yaratsın. Bildiyimiz kimi,
almanlar ari tayfalarına xüsusi münasibət bəsləmişlər. Əlbəttə ki, bu bir halda baş verə bilər - əgər Tramp öz dövlətində siyasi iradə sahibi olarsa! Genetik bağlılıqları kənara qoysaq, digər sahələrdə heç bir müsbət dəyişiklikdən danışmağa dəyməz. Fələstin-İsrail, Əsəd və müxalifləri, bir sıra digər mövzular hər iki dövlət üçün prioritet məsələ səviyyəsindədir".
Trampın Türkiyə ilə gələcək münasibətlərinə gəlincə, müsahibimiz qeyd edib ki, yeni prezidentin təhlükəsizlik və kəşfiyyat üzrə sözçüsü general-leytenant Maykl Flayn maraqlı fikirlər səsləndirib: "Flayn bildirib ki, Türkiyə ilə əməkdaşlıq münasibətlərini bərpa etmək lazımdır və bunun üçün xarici siyasətdə bəzi tənzimləmələrə ehtiyac var. Hətta Barak Obamanın Ankaranı kifayət qədər anlamadığını deyən Flayn Türkiyəni İraq və Suriyada İŞİD-lə mübarizədə ən güclü müttəfiqi kimi görür. Qəribədir ki, Flayn hətta Fətullah Güləni Bin Ladenə bənzədib".
Reyting.az
Bölməyə aid digər xəbərlər