Azərbaycan hərbi toqquşmaya hazırlaşır
Tarix: 23-11-2016 12:43 | Bölmə: Slayd

"Bloomberg” agentliyinin Azərbaycanın son 10 il ərzində silah alışına 22,7 milyard dollar xərcləməsi (xəbərin ingilis dili versiyasında silah alışı da daxil olmaqla hərbi xərclərin tamamından söhbət gedir) və bununla Avropada ən iri hərbi texnika idxalçısına çevrilməsi xəbəri müzakirə predmetinə çevrilib.

 "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, bu xəbər yerinə düşüb. Çünki, Ermənistan anlamalıdır ki, bu qədər silah-sursat hərbi kazarmalarda saxlanmaq üçün alınmır.

Azərbaycanın silahlanmaya hər il milyardlarla dollar xərcləmək məcburiyyətində olduğunu qeyd edən politoloqun fikrincə, bunun əsas səbəbi Azərbaycan torpaqlarının işğal altında olmasıdır:

"Faktiki Azərbaycan gələcək hərbi toqquşmaya hazırlaşır. Çünki, indiki şərtlər daxilində Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli mümkün deyil. Azərbaycan cəmiyyətinin aprel döyüşlərindən sonra böyük dövlətlərin Ermənistan hakimiyyətinə təzyiq edərək Dağlıq Qarabağ ətrafındakı rayonların danışıqlar yolu iləazad olunacağına ümidləri özünü doğrultmadı. Əksinə, ATƏT-in Minsk Qrupu həmsədrləri torpaqların azad olunmasını Dağlıq Qarabağın status müzakirələri ilə əlaqələndirdilər. Bu isə münaqişənin "paket həll” variantıdır ki, Azərbaycan heç bir halda bunu qəbul etməyəcək”.

Politoloq qeyd edib ki, danışıqlarda hazırki susqun gedişat Azərbaycanın siyasi dairələrində və ictimaiyyətində belə bir inam formalaşdırır ki, torpaqları geri almaq üçün mütləq ordudan istifadə etmək lazım gələcək: "Apreldəki döyüşlər də buna nümunədir. Azərbaycan ordusu bir neçə strateji yüksəkliyi geri aldı və Ermənistan bu yüksəklikləri yenidən nəzarəti altına almaq üçün əks-hücuma keçmədi. Reallıqla barışdı. Demək, Ermənistan daha böyük əraziləri itirməklə başqa reallıqla da barışa bilər. Qarşı tərəf Azərbaycan ordusunun daha böyük gücünü görməyənə qədər işğal altındakl torpaqları geri qaytarmayacaq.

Azərbaycan silah və hərbi texnikanı yalnız Dağlıq Qarabağ münaqişəsinə görə əldə etmir. Azərbaycan həssas bölgədə yerləşir. Belə bir bölgədə Azərbaycan mütləq şəkildə güclü orduya malik olmalı və silahlanmaya böyük pullar xərcləməlidir.

Birincisi, Azərbaycan güclü ordu formalaşdırmaqla kənar müdaxilələrdən özünü qoruyur və sığortalayır.

İkincisi, Yaxın Şərqdəki müharibələr və dövlətlərin parçalanması da Azərbaycanı güclü orduya malik olmasını diqtə edir”.

Politoloq bildirib ki, Dağlıq Qarabağ münaqişəsi olduğuna görə bölgənin böyük dövlətləri Azərbaycanın silahlamaya milyardlarla dollar xərcləməsinə normal yanaşırlar. Ancaq Azərbaycanın torpaqları işğal altında olmasaydı böyük dövlətlər rəsmi Bakının silahlanmaya bu qədər vəsait xərcləməsini narahatlıqla qarşılayardılar:


"Rusiyanın Ermənistana verdiyi "İsgəndər” raketləri hələ də müzakirə predmetidir. Moskva Ermənistanla müqayisədə hərbi balansın Azərbaycanın xeyrinə pozulmasını istəmir. Ona görə də Moskva "İsgəndər” raketlərini Ermənistanda yerləşdirdi.

Buna cavab olaraq rəsmi Bakı hərbi balansın yenidən Azərbaycanın xeyrinə dəyişməsinə çalışır. Hazırda Bakı yeni və modern silahların alınması məqsədilə Pakistan, İsrail, Türkiyə və Ukrayna ilə danışıqlar aparır. Bu ölkələrdən alınacaq yeni silahlar hərbi baxımdan yenidən Azərbaycanın Ermənistan üzərindəki üstünlüyünü əyani nümayiş etdirəcək. "İsgəndər” raketləri müvəqqəti olaraq Ermənistanı müəyyən üstünlük qazandırıb. Hərbi balansın yenidən Azərbaycanın xeyrinə dəyişəcəyi vaxt uzaqda deyil. Azərbaycanın maliyyə gəlirləri ötən illə müqayisədə azalsa da, rəsmi Bakı əvvəlki illərdə olduğu kimi silah və hərbi texnikanın alınmasına milyardlarla dollar xərcləyəcək. Ermənistan bu yarışda Azərbaycanla ayaqlaşa bilmir. Bunu Ermənistan prezidenti Serj Sərkisyan da Rusiyanın "Sputnik” agentliyinə verdiyi son müsahibədə etiraf edib. Sərkisyanın ən böyük etirafı o idi ki, Ermənistanın silah almağa pulu yoxdur.

Silah almağa pulu olmayan Ermənistan daha çox Rusiyaya sığınmalı olur vəbu onun müstəqlliyini məhdudlaşdırır. Beləçıxır ki, illərlə Dağlıq Qarabağın "müstəqilliyi” uğrunda savaşan, Azərbaycan və Türkiyə ilə düşmən olan, vətəndaşlarını ölümə göndərən Ermənistanın özü müstəqilliyini itirib”.





Bölməyə aid digər xəbərlər