











Tarix: 23-11-2016 17:10 | Bölmə: Slayd
Bu gün ölkədə ətin və digər ərzaq məhsullarının qiymətinin artırılması əhali arasında narazılığı kritik həddə çatdırmağa hesablanıb. Bütün bunlar kənd təsərrüfatı naziri Heydər Əsədovun yürütdüyü "siyasət”dən qaynaqlanır.
Reyting.az saytı xəbər verir ki, belə bir iddia ilə Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev çıxış edib. H.Hacıyevin fikrincə, bəzi məmurlar ölkədə süni gərginlik yaratmaq istəyirlər. Belə məmurlardan biri isə kənd təsərrüfatı naziri Heydər Əsədovdur:
«Ölkə Heydər Əsədovun əlindən qan ağlayır, o isə bundan narahat olmur və tənqidlərə əhəmiyyət vermir. Yəqin ki, bu adamlar millətin indiki passivliyinə arxayındırlar. Mən bilmirəm, bu camaat nəyi gözləyir? Bu gün ətin, südün, yağın qiyməti qalxıb, yumurtanın biri 17-18 qəpikdir. Meyvə-tərəvəzin də qiyməti günbə-gün bahalaşır. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri isə utunmaz-utanmaz açıqlama verir ki, elə bir qiymət artımı yoxdur. Guya qısa müddətdə ətin qiyməti 5-6 manat olacaq. Hansı siyasətlə, hansı tədbirlə?”
Partiya sədri qeyd edib ki, H.Əsədovun aqrar sahədən anlayışı yoxdur:
"Biz ifşa edirik, amma bunlar utanmadan yalanlarını davam etdirirlər. Bütün bunlar xəyanətin göstəriciləridir.
Heydər Əsədov Ziya Məmmədovla qohumdur və hər ikisinin ən ali məqsədi hakimiyyəti ələ keçirməkdir. İstəyirlər ölkədə xaos yaransın, bunlar da öz bildiklərini eləsinlər».
Hacıyevin iddiasına görə, Azərbaycana qarşı xəyanət planının əsas icraçısı nəqliyyat naziri Ziya Məmmədovdur və o, məkrli planını reallaşdırmaq üçün bütün variantları işə salıb:
«Ziya Məmmədov Rusiyadakı müəyyən dairələrlə işbirliyinə girib deyir ki, prezident olum, sizə tam sədaqətlə işləyəcəm.
Tramp Amerika prezidenti olandan bəri okeanın o tayında da işləməyə başlayıb ki, dəstək alsın. Elə bilir ki, kimlərsə onu Azərbaycana prezident qoyacaq. Tamamilə yanılır. Azərbaycan xalqı İlham Əliyevi seçib və onun arxasındadır. Mən də hələ ölməmişəm, əziz qardaşımı müdafiə edəcəyəm. Əgər o prezident olmayacaqsa, növbəti prezident özüm olacam. Hakimiyyəti Ziya Məmmədovlara, Heydər Əsədovlara verəsi deyilik, bu xalq da onlara heç vaxt səs verməz. Ona görə də İlham Əliyev bu adamlara qarşı təcili sərt tədbirlər görməlidir. Xəyanətkarların komandada saxlanılması düzgün deyil».
MMP sədri onu da qeyd edib ki, havaların soyuması vəziyyəti daha da kritikləşdirib. Paytaxtın müxtəlif yerlərində qazlar kəsilib, istilik sistemi, yollar bərbad vəziyyətdədir:
«Bu adamların bir məqəsədi var - ölkəni iflic vəziyyətinə salmaq! Bununla göstərmək istəyirlər ki, İlham Əliyev ölkəni idarə edə bilmir. Ona görə deyirəm ki, bu adamlar İlham Əliyevin yerinə göz dikiblər. Bu adamların məqsədi prezidenti devirib hakimiyyəti ələ keçirməkdir”.
Partiya sədrinin iddiasına görə, Ziya Məmmədovun oğlu Anar Məmmədov atasının prezident olacağını deyir:
"Amma onların arzularını ürəklərində qoyacağıq. Onun nə atası, nə də qayınatası prezident olası deyil. Əksinə, onlar törətdikləri əməllərə görə qanun qarşısında cavab verməlidirlər. Prezident İlham Əliyevdir, ondan sonra da özüm olacağam”.
MMP sədri iddia edir ki, adını çəkdiyi nazirlərin Azərbaycanın radikal müxalifət düşərgəsində də ciddi dayaqları var: "Ziya Məmmədov qohumu Sabir Rüstəmxanlının vasitəsiylə Milli Şuraya dəstək verir. Dirçəliş günündə Ziya Məmmədovun adından partiya sədrlərini toplayıb banket verirdilər. Əsas söhbət də o idi ki, Ziya Məmmədova dəstək verək, hakimiyyətə gəlsin və bizədə pay versin. Bütün bunlar qardaşıma (Dövlət başçısın nəzərdə tutur-red.) qarşı planlardır. Mən imkan vermərəm ki, ona qarşı bu cür alçaq xəyanət planları hazırlansın».
H.Hacıyev söhbət zamanı digər maraqlı məqamlara da toxunub.
«Ölkədə qiymətlər o qədər yüksəlib ki, saxta və keyfiyyətsiz məhsulları bazara çıxarırlar. Baytarlıq xidmətinin rəis əvəzi icra başçısı ilə birləşib Daşkəsəndən illər əvvəlin dondurulmuş mal ətini gətirib camaata sırayırlar. Çindən saxta yumurta gətirirlər. Buütün bunlar xalqın genefondunu zədələməyə hesablanıb. Ona görə, geri çəkilmək lazım deyil, xəyanətkarlara qarşı lazımi addımlar atılmalıdır. Əgər bunlara qarşı sərt addımlar atılmasa, vəziyyət daha da pisləşəcək»,- deyə partiya sədri fikrini tamamlayıb.
Bölməyə aid digər xəbərlər