











Tarix: 23-11-2016 18:27 | Bölmə: Slayd
Azərbaycan müstəqillikəldə etdikdən sonra ölkədə xeyli sayda terror aktı törədilib. Zaman-zaman qarşısı alınan terror cəhdləri də olub.
Neft Akademiyasında baş verən terror aktından sonra bir sıra sahələrdə təhlükəsizlik tədbirləri gücləndirilsə də, bəzi mütəxəssislər bu sahədə vəziyyətin ürəkaçan olmadığını iddia edirlər.
Nəzərə alsaq ki, Azərbaycan müxtəlif güc mərkəzlərinin diqqət mərkəzində olan ölkədir, o zaman burada terror aktlarının törədilmə ehtimalını daha yüksək saymaq olar. Eyni zamanda, həssas bir regionda yerləşməyimiz, etnik zəmində qarşıdurma imkanlarına açıq olmağımız, dini zəmində gərginlik üçün münbit şəraitin mövcudluğu bu sahədə daha diqqətli olmağımızı tələb edir.
Amma təəssüf ki, hələ də, bu günə kimi terror aktı törədilən metro stansiyalarının giriş-çıxışlarında, atovağzallarda, ali və orta məktəblərdə təhlükəsizlik tədbirləri yüksək səviyyədə deyil.
Bununla yanaşı, məhkəmə binalarının girişlərində də təhlükəsizlik demək olar ki, çox aşağı səviyyəsindədir. Yəni, istənilən məhkəmə binasında terror aktı törədilə, yaxud hər hansı bir şəxs, üzərində odlu silahla içəri daxil olub hakimi, prokuroru güllələyə bilər. Eyni zamanda mühakimə olunan bir şəxsdən qisas almaq üçün, kiminsə məhkəmə zalını daha əlverişli yer kimi seçməsi mümkündür.
Apardığımız araşdırma zamanı demək olar ki, rayon məhkəmələrindən tutmuş, Ağır Cinayətlərə dair işlər üzrə Məhkəməyə qədər bütün binalarda analoji tədbiri həyata keçirmək mümkündür. Bəs görəsən, nəyə görə aidiyyatı orqanlar bu riskləri nəzərə almır?
Təbii ki, terrordan heç bir dövlət, heç bir insan sığortalanmayıb, amma təhlükəsizlik tədbirlərini ən yüksək səviyyədə həyata keçirmək olar. Görünən odur ki, hazırda bu sahədə Azərbaycanda kifayət qədər problemlər var.
MTN-in keçmiş şöbə rəisi, ehtiyatda olan polkovnik-leytenant İlham İsmayıl "Reytinq"ə deyib ki, total şəkildə bütün idarə-müəssisələri aeroportda olduğu kimi, yoxlamaq qeyri-mümkündür vəbu halın fiziki cəhətdən çatdırılması bir tərəfə, yoxlanılan insanlarda da yalnız əsəb doğura bilər, psixoloji diskomfort yaradar.
Onun sözlərinəgörə, əksər ictimai yerlərdə, ümumiyyətlə, hər hansı bir obyektdə, özəl ofisdə belə, gücləndirilmiş yoxlama tədbirləri o zaman həyata keçirilə bilər ki, təhlükə haqqında əməliyyat məlumatları, şikayət, xəbərdarlıq olsun:
"Tutaq ki, dərs mövsümünün açılışı günü məktəblərdə gücləndirilmiş mühafizə var idi. Ölkənin təhlükəsizlik orqanlarının da vəzifəsi, hər hansı bir təhlükə barədə məhz qabaqlayıcı informasiya əldə edib zəruri tədbirlər görməkdir. Təbii ki, müəyyən avadanlıqlar quraşdırıla bilər. Lakin bu, azsaylı kollektivlərdə mümkündür. Ali və orta məktəblərdə, metroda isə problem yarada bilər. Adətən, az qala hamının cibində qəpik, açar və sair gündəlik gəzdirdiyi əşyalar olur. Təsəvvür edin ki, tələbələr keçir, aparat səs salır və hamı cibini boşaltmalıdır. O zaman dərs belə keçmək mümkün olmayacaq, o cümlədən metro və başqa çox girişli-çıxışlı yerlərdə də problemlər yaranacaq".
İ.İsmayıl sonda vurğulayıb ki, təhlükə hər zaman ola bilər, heç kəs, heç bir dövlət terrordan, təhlükədən sığortalanmayıb. Sadəcə, təhlükəsizlik xidmətlərinin də vəzifəsi onları qabaqlamaqdır.
Məsələylə bağlı tanınmış hüquqşünas-tədqiqatçı, kriminalist-ekspert İlqar Altayın fikirləri isə bir qədər fərqlidir.
Əməkdaşımızla söhbətləşən İ.Altay bildirib ki, normal və sakit ölkələrdə, cəmiyyətlərdə polisin, təhlükəsizlik qüvvələrinin sayının çox olması məqbul deyil. Çünki o yerlərdə ictimai nəzarət güclü olur və ümumi sabitlik hökm sürür. Onun sözlərinə görə, nə qədər arzu etsək də, Azərbaycan kifayət qədər təhlükəsiz məkan deyil:
"Ona görə ki, çox çətin, qarışıq, ziddiyyətli bir regionda yerləşir. Ölkəyə, dövlətə və cəmiyyətə xaricdən yönələn çoxlu və müxtəlif pozucu cərəyanlar var. Dini və siyasi ekstremizm, separatçılıq, beynəlxalq terrorizm, narkotrafik vəs. ölkəmizdən iraq deyil. Bundan başqa, nə qədər cəza və profilaktik tədbirler görülsə belə, ölkədaxili pozucu qüvvələr də yetərincədir".
İ.Altayın iddiasına görə, ölkədaxili kriminal durum da qaneedici görsənmir: "Vətəndaşlara və hətta dövlət idarələrinə qarşı müxtəlif cür fərdi və ya mütəşəkkil cinayətkar qruplar tərəfindən basqılar, hərəkətlər baş verir. Bu hadisələrin isə çoxu ziddiyyət və mübahisələrin araşdırılıb həll olunduğu məhkəmə prosesləri gedən binalar və zallarda baş verir. Bu da təbiidir və hətta ən sivil ölkələrdə də mühakimə məhkəmə gedən yerlərdə olur. Çünki bura insanlar toya, şənliyə, dostluğa yığışmır. Söhbət cinayətdən, cəzadan, zərərçəkəndən, zərərvurandan, hirsdən, acıqdan gedir. Söhbət bəzi hallarda mühakimə olunan qatı cinayətkarlardan və onları nə yolla olur-olsun, güc tətbiqi ilə belə azad etmək istəyən kriminal aləmdən, birləşmələrdən gedir. Terror, təxribat məqsədli basqı və partlayışların törədilə bilməsindən gedir".
Ekspert onu da nəzərə çatdırıb ki, məhkəmələr gedən yerlərdə nəzarət və təhlükəsizlik tədbirləri bir neçə dəfə gücləndirilməlidir. "Həmin binaların, xüsusilə ağır cinayət prosesi gedən vaxt mühafizəsi yalnız məhkəmə nəzarətçilərinin ixtiyarına buraxılmamalıdır. Polis qüvvələrinin də bu işə hər dəfə cəlb edilməsi aidiyyətsiz olmaqla effektsiz ola bilir. Düşünürəm ki, bu cür təhlükə gözlənilən hallarda istifadə üçün Ədliyyə Nazirliyinin öz nəzdində xüsusi hazırlıqlı çevik və operativ mühafizə bölümü, yeni güc strukturu fəaliyyət göstərməlidir. Lazımi ciddi məqamlarda həmin çevik qrup məhkəmə prosesini təhlükəsizlik baxımından təmin etməlidir",- deyə müsahibimiz fikrini tamamlayıb.
Reyting.az
Bölməyə aid digər xəbərlər