Gəncənin icra başçısı KİV-lərdə yalan məlumat yaydırır
Tarix: 28-11-2016 11:52 | Bölmə: Slayd

Gəncədə "İmamzadə” kompleksinin mütəvəllisi və Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə nümayəndəsi Hacı Tahir Abbaszadə ilə şəhərin icra hakimiyyətinin başçısı Elmar Vəliyev arasında baş verən insident Azərbaycanda böyük əks-səda yaradıb. Bir neçə ildir Hacı Tahirlə Elmar Vəliyev arasında davam edən bu qarşıdurma bu ilin Aşura günündə özünün pik nöqtəsinə çatmışdı. Aşura günündə prezidentə dualar edən Hacı Tahir buna görə Elmar Vəliyevin qəzəbinə tuş gəlmiş və başçı prezidentə dua etdiyinə görə, Hacı Tahirə şəhər ictimaiyyəti qarşısında "bütpərəst” demişdi.

Reyting.az Xural.com-a istinadla xəbər verir ki, bundan sonra hakimiyyət daxilində müəyyən hərəkətlənmələr olsa da, günümüzə qədər hadisə haqqında bir nəticəyə gəlinməyib. Elmar Vəliyev bir neçə dəfə Bakıya çağırılıb və bu haqda onunla söhbətlər olub. Ancaq görünən odur ki, Elmar Vəliyev bu söhbətlərdən nəticə çıxarmayıb. O, indi bütün imkanlarını səfərbər edərək, Hacı Tahir haqqında ölkə rəhbərliyinə şikayətlər yazdırmaqda və mətbuatın əli çatan hissəsində dezinformasiyalar yaydırmaqla məşğuldur. Ondan bəhrələnən bəzi media orqanlarında Elmar Vəliyev informasiya yaydırır ki, Hacı Tahir guya vəzifəsindən çıxarılıb.

Məsələ haqqında kiçik araşdırma zamanı bəlli olub ki, deyilənlər Elmar Vəliyevin xırda və önəmsiz dezinformasiyalarıdır. Məlumata görə, Hacı Tahir işinin başındadır. "İmamzadə”dən bildiriblər ki, Hacı Tahir heç bir yerə getməyib və öz işinin başındadır:

"Burada sadəcə, Namiq adlı bir adam var ki, o da kommunal təsərrüfat idarəsinin fəhləsidir. Bütün üstünlüyü isə Elmar Vəliyevin yaxın qohumlarından biri olmasıdır. O, burada təxribatla məşğul olur və biz bilirik ki, məqsədi aranı qarışdırmaqdır. Hacı Tahir İmamın 40 mərasimini də özü verdi və "İmamzadə”də oldu. İndi də öz işi ilə məşğuldur.”

Qafqaz Müsəlmanları İdarəsindən isə bildiriblər ki, Hacı Tahir öz işinin başındadır: "Hacı Tahir işinin başındadır və onu kimsə işindən azad etməyib. Hacı Tahir ölkənin tanınmış din adamlarından biridir. O, təkcə Gəncədəki "İmamzadə”nin mütəvəllisi yox, həm də Şeyx Allahşükür Paşazadənin Qərb bölgəsi üzrə nümayəndəsidir. Qərb bölgəsi isə bir neçə rayonu əhatə edir. Hansısa icra başçısının Qərb bölgəsinin ruhanisini, tanınmış din xadimini işdən çıxarmaq səlahiyyəti yoxdur. Hacı Tahiri vəzifəyə təyin edən də, onu oradan çıxaran da Şeyx Allahşükür Paşazadədir. Yayılan xəbərlər yalandır.”


Adının çəkilməsini istəməyən əməkdaş bu dezinformasiyanın başında Gəncənin icra hakimiyyətinin başçısı Elmar Vəliyevin durduğunu deyib.

Hacı Tahirə yaxın adamlar isə deyiblər ki, yaranan sakitlik fırtına öncəsi sakitlikdir.

Hacı Tahirin mübarizəyə hazır olduğunu və Gəncənin icra başçısı haqqında sensasion açıqlamalar verəcəyini bildirən mənbə qeyd edib ki, Hacı Tahirin artıq videoya çəkilmiş kasetləri var ki, onlar yayılanda Elmar Vəliyevin hansı din müqəddəsinə nə dediyini hamı biləcək.

Sonda qeyd edirik ki, Qafqaz Müsəlmanlar İdarəsinin təşkilat şöbəsinin müdiri Hacı Əlirza da məsələyə münasibət bildirib. O, Unikal.org–a deyib ki, Hacı Tahir işdən kənarlaşdırmayıb: "Deyilənlər yalandır. Hacı Tahir hazırda öz işinin başındadır”.






Bölməyə aid digər xəbərlər