











Tarix: 28-11-2016 12:31 | Bölmə: Slayd
Azərbaycan Xocalı soyqırımına hüquqi qiymətin verilməsi ilə bağlı beynəlxalq hərbi tribunala müraciət edəcək.
Bu barədə Milli Məclisdə "Soyqırımı və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasına hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin təqdimatında vitse-spikeri Bahar Muradova bildirib.
B.Muradova qeyd edib ki, soyqırımından 25 il keçməsinə baxmayaraq, bu cinayəti törədənlərdən hələ də heç kim cəzalandırılmayıb. Onun sözlərinə görə, "Soyqırımı və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasına hüquqi aspektlərinin öyrənilməsi” layihəsi hərbi tribunala müraciətlə bağlı araşdırma aparacaq, Xocalı iləbağlı hazırlanacaq yeni qanun layihəsi isə buna hüquqi şərait yaradacaq.
Reyting.az APA-ya istinadla xəbər verir ki, Xocalı soyqırımı iləbağlı hazırlanacaq qanun layihəsinin təsnifatı da açıqlanıb.
"Soyqırımı və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasına hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin Milli Məclisdə (MM) keçirilən təqdimatında MM Aparatının İnzibati vəhərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov bildirib ki, layihə MM tərəfindən 3 ay müddətinə hazırlanıb təqdim olunacaq:
"Azərbaycanın qanunvericilik sistemində belə bir qanun mövcud deyil. Biz beynəlxalq təcrübəyə nəzər salmışıq. Bu qanunun fundamental bazası var. Bu da ilk növbədə inkişaf etmiş dövlətlərdə mövcud olan qanunların, beynəlxalq cinayət tribunallarının və məhkəmə presedentlərinin öyrənilməsindən ibarətdir. Beynəlxalq cinayət deyərkən təcavüz, insanlıq əleyhinə cinayətlər, hərbi cinayətlər, soyqırımı və hələ beynəlxalq cinayət kimi heç bir sənəddə adı keçməyən etnik təmizləmədən bəhs olunur. Qanun layihəsində bunu təsbit edəcəyik”.
N.Səfərovun sözlərinə görə, etnik təmizləmə cinayəti dünyanın heç bir ölkəsinin qanunvericiliyində əksini tapmayıb: "Biz bunun hüquqi bazasının əldə edilməsinə artıq çox yaxınlaşmışıq və bu qanun layihəsində ortaya qoyacağıq. Bundan başqa, qanun layihəsində beynəlxalq cinayətlərin törədənlərin ekstradiyası məsələsi də təsbit olunacaq, onların ikinci dövlətə, yaxud beynəlxalq tribunala verilməsi əksini tapacaq. Hətta qanun layihəsində o da əks olunacaq ki, yuxarıda göstərilənlər baş tutmayacağı təqdirdə Azərbaycanın bununla bağlı hansı cinayət təqiblərinin həyata keçirməsi və sair mümkün ola bilər”.
Bölməyə aid digər xəbərlər