











Tarix: 28-11-2016 13:00 | Bölmə: Slayd

Dekabrın 27-də Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi üçün yeni hərrac keçirəcək.
Reyting.az-ın Komitədən əldə etdiyi məlumata görə, vətəndaşlara və potensial investorlara bu hərracda özəlləşməyə çıxarılan 115 dövlət əmlakına sahib olmaq imkanı yaranacaq.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektlərinin əksəriyyəti paytaxtda olmaqla, Gəncə, Sumqayıt, Şirvan, Lənkəran, Balakən və digər bölgələrdə yerləşir.
Özəlləşdirməyə çıxarılan bir çox əmlak torpaq sahəsi və üzərindəki tikili ilə birgə iddiaçılara təklif olunur.
Məlumata görə, Balakəndə yerləşən və 37602,5 kv.m. torpaq sahəsi olan əmlak kompleksinə ən yüksək qiymət – 1 milyon 430 min manat təyin olunub. Paytaxtda isə ən yüksək ilkin qiymətə 2 dövlət əmlakı – Binəqədi və Səbail rayonunda yerləşən istifadəsiz qeyri-yaşayış sahələri təklif olunur. Müvafiq olaraq bu əmlaklar 468 min 400 manat və 460 min manat satış qiyməti ilə hərraca çıxarılıb.
Paytaxtın Qaradağ rayonunda yerləşən 22 saylı avtodayanacaq 442 min manata, Xəzər rayonundakı "Lalə” şadlıq evi isə 356 min manata təklif olunur. Hərraca çıxarılan qeyri-yaşayış sahələrinin 55-i paytaxtda, 1-i Yevlaxda, digəri isəİsmayıllıda yerləşir.
Budəfəki hərracda 24 səhmdar cəmiyyətin nəzarət səhm paketinin 30-45 faizi özəlləşməyə çıxarılıb. Özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında "Mingəçevir Qum-Çınqıl”, "Sabunçu Ticarət-Təchizat”, "Tovuz Məişət”, "Xaçmaz Mexanizasiya Nəqliyyat”, "Xətai Ticarət-108”, "Xırdalan yük nəqliyyat”, "Zabrat Tikinti-Quraşdırma” kimi səhmdar cəmiyyətlər var.
Xatırladaq ki, istənilən şəxs və ya media üzvü hərracda iştirak edərək prosesi izləyə bilər.
Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını vəmülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştiraka dəvət edir.
Qeyd edək ki, hərracda iştirak və əmlaka yiyələnmək üçün cəmi 2 sadə prosedur yetərlidir. Bunun üçün sadəcə Özəlləşdirmə portalına (privatization.az) daxil olub, əmlakı seçib sifariş vermək və10 faiz məbləğində behi elektron qaydada ödəmək zəruridir.
Budəfəki hərracda vətəndaşlara 24 səhmdar cəmiyyəti, 57 istifadəsiz qeyri-yaşayış sahəsi, 24 kiçik dövlət müəssisə və obyekti, həmçinin 10 nəqliyyat vasitəsini özəlləşdirmək təklif olunur. Elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.
Hərrac barədə ictimai məlumatlandırma adıçəkilən portalla yanaşı, həm komitənin rəsmi saytı, həm də facebook səhifəsi vasitəsilə də aparılır. Bundan əlavə, komitənin Özəlləşdirmə portalında onlayn məsləhət pəncərəsi var ki, maraqlı şəxslər əmlaklar və hərrac proseduru barədə istənilən sualı komitəyə ünvanlaya və dərhal cavab ala bilərlər.
Reyting.az
Bölməyə aid digər xəbərlər