Azərbaycan beynəlxalq qurumların və vasitəçilərin xidmətindən imtina etməlidir
Tarix: 12-06-2020 12:20 | Bölmə: Slayd
Azərbaycan beynəlxalq qurumların və vasitəçilərin xidmətindən imtina etməlidir

Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətindən əl çəkmir, qanunsuz yollarla Dağlıq Qarabağdakı qondarma rejimi dünyaya təqdim etməyə, dünyada yanlış ictimai rəy yaratmağa çalışır.

Reyting.az
xəbər verir ki, belə bir bəyanatla Qarabağ Azadlıq Təşkilatı (QAT) çıxış edib.

QAT bəyan edir ki, işğalçı Ermənistanın Dağlıq Qarabağa düşmən ölkədən üçüncü magistral yol çəkməsinin qarşısı müharibə ilə alınmalıdır.

Bəyanatda bildirilir ki, Ermənistanın bir müddət əvvəl Şuşada təşkil etdiyi “adniçmə” şousu, indi “yolçəkmə” oyunbazlığı da separatçı rejimi dünya dövlətlərinə tanıtmaq məqsədi daşıyır:

“Avropa İttifaqının region üzrə məruzəçiləri birgə bəyanatla bu məsələyə münasibət bildiriblər, Ermənistanın hərəkətlərini qınayıblar və münaqişənin “Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində” həllinin vacibliyini qeyd ediblər. Bu, müsbət hadisə kimi qiymətləndirilə bilər. Amma biz artıq bu cür kağız üzərində qalan bəyanatlarla kifayətlənə bilmərik. Beynəlxalq təşkilatlar bizə əhəmiyyətsiz bəyanatlar göndərir, ermənilərə isə bütün işğalçı və ilhaqçı hərəkətləri üçün geniş şərait yaradırlar”.

QAT bildirir ki, beynəlxalq qurumların, üzdəniraq vasitəçilərin yalançı xidmətlərindən imtina etməli, onları birdəfəlik rədd etməliyik.

“Azərbaycanın Xarici İşlər Nazirliyi də məsələ ilə bağlı açıqlama ilə çıxış etdi, işğalçı ölkənin bu əməllərinə görə gec-tez cavab verəcəyini bildirdi. Bizim artıq “gec-tezi” gözləməyə vaxtımız yoxdur, bu cür mənasız ifadələrlə xalqı aldatmağa son qoyulmalıdır. Biz Qarabağ Azadlıq Təşkilatı olaraq işğalçı Ermənistana qarşı dərhal müharibənin başlamasını tələb edirik. Hakimiyyət ya müharibəni başlamalı, ya da istefa verməlidir”,- deyə, QAT bəyan edir.

Reyting.az




Bölməyə aid digər xəbərlər