Nazirlərin Ankara səfərinin təxirə salınması… - Politoloq ziddiyyətli məqamları şərh edir
Tarix: 16-06-2020 16:33 | Bölmə: Slayd
Nazirlərin Ankara səfərinin təxirə salınması… - Politoloq ziddiyyətli məqamları şərh edir

“Rusiya-Türkiyə münasibətləri əslində müttəfiqlik səviyyəsində deyil. Bu münasibətlərdə yumşalma müəyyən amillərlə bağlıdır. Rusiya və Türkiyənin starteji maraqları birmənalı fərqlidir. Bu dövlətlər bir-birinə hansısa güzəştlər edirsə, bu o demək deyil ki, bu ölkələrin münasibətləri uzun illər müttəfiqlik formatında inkişaf edəcək. Vaxtaşırı olaraq Afrikada və Yaxın Şərqdə vəziyyət bu iki ölkənin real münasibətlərini üzə çıxaracaq. Hazırda Liviyada biz bunu müşahidə edirik”.

Bunu Reyting.az-a politoloq Fikrət Sadıqov Rusiya Xarici işlər naziri Sergey Lavrov və Müdafiə naziri Sergey Şoyqunun Ankara səfərinin təxirə salınmasının səbəblərini şərh edərkən deyib.

F. Sadıqov bildirib ki, hazırda Liviyada vəziyyət çox gərgindir. Onun sözlərinə görə, bu gərginliyin aradan qalxması üçün Ankara ilə Moskva arasında razılaşma olmalıdır: “Liviyada Türkiyənin öz, Rusiyanın öz, İranın da öz maraqları var. Rusiya rəsmilərinin Ankara səfəri təxirə salınsa da, İran Xarici işlər naziri Zərif Türkiyədə müzakirələr aparıb. Hələlik Rusiya nümayəndələri ilə təmas alınmır. Görünür ortada problemlər var və bunlar aradan qalxmayana qədər görüş baş tutmayacaq”.

Nazirlərin Ankara səfərinin təxirə salınması… - Politoloq ziddiyyətli məqamları şərh edir
F. Sadıqov

Mütəxəssis hesab edir ki, Ankara ilə Moskva arasında bu mərhələdə razılaşmanın mümkün olmaması Liviyada vəziyyəti bir qədər də gərginləşdirəcək:

“Biz görürük ki, Liviyada qanuni hökumət var. Bu hökuməti BMT də, bir sıra dövlətlər də tanıyır. Ankara isə Liviya qanuni hökumətinə hərbi-siyasi dəstək verir. Bu, ola bilsin ki, hansısa dövlətin narazılığına səbəb ola bilər. Amma heç kim buna müdaxilə etmir, düşünür ki, buna normal yanaşmaq lazımdır. Əslində Rusiya da buna qarşı çıxmır, sadəcə, özünün maraqlarının nəzərə alınmasını istəyir. Məncə, Liviyada qarşıdurma yaxın gələcəkdə davam edəcək”.

Reyting.az




Bölməyə aid digər xəbərlər