Milli valyutamıza növbəti təhlükə: 1 dollar 3-5 manat arasında ola bilər
Tarix: 12-12-2016 17:06 | Bölmə: Slayd

2017-ci ildə Azərbaycan tam üzən məzənnə rejiminə keçəcək. Bu barədə Azərbaycan prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə deyilir.

Qeyd olunur ki, tam üzən məzənnə rejiminə keçidin təmin edilməsi qlobal əmtəə bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsinin Azərbaycanın xarici və daxili iqtisadi balansına neqativ təsirlərini minimuma endirmək, ölkə iqtisadiyyatının beynəlxalq rəqabət qabiliyyətini yüksəltmək, həmçinin, ölkənin malik olduğu xarici valyuta ehtiyatlarının bütövlüyünü təmin etmək məqsədilə Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin 2015-ci il 21 dekabr tarixli qərarı ilə sabit məzənnə rejimindən imtina edilib, üzən-tənzimlənən məzənnə rejiminin tətbiqinə başlanılıb. Tam üzən məzənnə rejiminin tətbiqinə nail olmaq üçün ilk növbədə yaxın və ortamüddətli dövrdə hazırda tətbiq edilən üzən-tənzimlənən məzənnə rejiminin məzmununun bir daha dəqiqləşdirilməsi vacibdir.

Strateji yol xəritəsində bildirilir ki, tam üzən məzənnə həyata keçirilməlidir və bu baxımdan, ilk növbədə yaxın və ortamüddətli dövrdə məzənnə siyasətinin əsas strateji hədəfi kimi idxalın əvəzlənməsi siyasətinin dəstəklənməsi prioritet seçilə bilər. Məhz istehlak səbətində idxal məhsulları payının 69 faiz azaldılmasına nail olma səviyyəsinə uyğun şəkildə məzənnə üçün faktiki tətbiq edilən dəhlizin genişləndirilməsi, ortamüddətli dövrdə isə tamamilə ləğv edilməsi üzən rejimə səmərəli keçidi təmin edəcək.

Üzən məzənnə rejiminə keçidin şərtlərindən biri də daxili maliyyə bazarının inkişafına, bazarda hedcinq və məzənnə risklərindən sığortalanmağa imkan verən digər maliyyə alətlərinin təqdim edilməsinə nail olmaqdır. Bundan əlavə, Mərkəzi Bankın valyuta bazarına müdaxilə strategiyasının hazırlanması və onun maliyyə bazarı iştirakçılarına səmərəli şəkildə kommunikasiyasının təmin olunması istiqamətində tədbirlər də nəzərdən keçiriləcək.

Tam üzən məzənnə rejiminə keçid Mərkəzi Bank, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təmin ediləcək.

"Hökumət aciz qalacaq"

İqtisadçı-ekspert Nemət Əliyev bu barədə fikirlərini "Reytinq"lə bölüşərkən deyib ki, bu qərara görə, gələn il manatın məzənnəsi Mərkəzi Bankın təşkil etdiyi hərraclarda tələb və təklif əsasında müəyyənləşəcək.

N.Əliyevin fikrincə, hazırda buna oxşar oyun oynasalar da, tam üzən məzənnə rejimində heç bir inzibati təsir imkanı olmayacaq. Yəni, dolların məzənnəsi 2 manat da, 5 manat da ola bilər.

İqtisadçı-ekspertin qənaətincə, Azərbaycan hazırda tam üzən məzənnə rejiminə hazır deyil:

"Hesab edirəm ki, bu, çox böyük şokedici hallarla müşahidə olunacaqdır. Onun yaradacağı fəsadların miqyası proqnozlaşdırıla bilinməyən səviyyədə olacaq. Növbəti ilin əvvəlində dolların manat qarşısındakı məzənnəsi 3-5 manat ola bilər. Azərbaycan hökuməti hesab edir ki, dövlət büdcəsinin gəlir hissəsi 16, xərc hissəsi isə 16,6 milyard manat olacaq. Bunu hazırki məzənnə ilə dollara çevirsək, təxminən 9 milyard dollar alınar. Yəqin ki, bu gedişlə işin sonunda rəsmi məzənnə iki manat olacaq. O zaman dövlət büdcəsinin həcmi 8 milyarld dollara düşəcək. Bu pulla nə etmək mümkün olacaq? Təbii ki, o zaman çox ciddi problemlər ortaya çıxacaq və hökumət də bunun qarşısında aciz qalacaq".

"Gələn il ölkədə ağır vəziyyət yaranacaq"

N.Əliyev deyib ki, son iki il ərzində dövlət büdcəsi üç dəfə aşağı düşüb. Onun fikrincə, bu enişlə yanaşı, ölkənin makroiqtisadi göstəriciləri də üç dəfəyə yaxın azalıb:

"İndi ortaya bir yol xəritəsi atıblar. Hökumətin özü də fərqindədir ki, 2025-ci ilə qədər olan dövrdə maliyyə sabitliyindən danışmağa dəyməz. Rəsmilər anlayırlar ki, maliyyə sabitliyini bərpa eləmək elə də asan olmayacaq.

Bunlar niyə baş verib? Ona görə ki, hökumət ölkəyə axın edən külli miqdarda vəsaitləri lazım olan istiqamətlərə sərf etməyib, həmin vəsaitlərin böyük hissəsi ölkə xaricinə daşınıb. İndi deyirlər ki, bizə əlavə 27 milyard da lazımdır. Adama deyərlər ki, 200 milyardla nə elədin ki, 27 milyardla da nə edəsən?

İqtisadi siyasət kökündən yanlış olub. Əhalinin alıcılıq qabiliyyəti kəskin şəkildə aşağı düşüb, 10 ayda ümumdaxili məhsulun həcmində 32 milyard dollar azalma var. Son iki il ərzində iqtisadi gəlirlərimiz 30 milyardan çox azalıb. Dövlətin büdcəsində 65 faiz azalma var. Valyuta ehtiyatı anbarında 75 faiz faiz enmə var.

Hökumət deyir ki, Azərbaycan iqtisadiyyatı analoqu olmayan şəkildə inkişaf edib. Əgər həqiqətən inkişaf olsaydı, neftin qiymətinin düşməsinə görə bu qədər dərin böhrana yuvarlanmazdıq. Mənə elə gəlir ki, yol xəritəsi, filan - hamısı başlarından eləmək məqsədi güdür. Düşünürəm ki, manatın tam üzən məzənnəyə keçidi ilə bağlı anonsun verilməsi o anlama gəlir ki, hökumət acizdir və hər şeyi Allahın ümidinə buraxacaq. Odur ki, gələn il ölkədə həqiqətən ağır vəziyyət yaranacaq".

Onu da nəzərə çatdıraq ki, prezident İlham Əliyev Maliyyə Sabitliyi Şurasının üzvlərini toplayaraq, onlara konkret tapşırıqlar verib. Bu barədə mətbuata məlumat verən millət vəkili Vahid Əhmədov deyib ki, prezident Azərbaycanda maliyyə sabitliyinin bərpasını təmin edəcək tədbirlər planı hazırlamaq üçün Maliyyə Sabitliyi Şurasına 15 gün vaxt verib.

V.Əhmədov onu da bildirib ki, Şura çox çevik şəkildə həmin tədbirlər planı üzərində işləyir və bu günlərdə dövlət başçısına təqdim olunacaq.

İqtisadçı-ekspert Natiq Cəfərli isə "Reytinq"ə deyib ki, əgər ölkədə "qara valyuta bazarı" varsa, deməli, həmin ölkənin bank sistemində, iqtisadiyyatında ciddi problemlər mövcuddur.

Onun sözlərinə görə, "qara bazar" istənilən ölkənin ayıbıdır, normal maliyyə-bank sistemi olan ölkədə, bazar iqtisadiyyatının, heç olmasa, əlifbası olan ölkələrdə "qara bazar"ın yaranması mümkünsüzdür.

Ekspert deyib ki, valyuta da bir əmtəədir, tələb-təklif prinsipi bu sahədə də keçərlidir.

Məzənnədə daha ciddi dəyişikliklər olacaq

2017-ci ildə manatın tam üzən məzənnə rejiminə keçəcəyi ilə bağlı Azərbaycan prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə qeyd olunanlara gəlincə, N.Cəfərli bildirib ki, manatın tam üzən məzənnə rejiminə keçməsi məsələsində bəzi anlaşılmazlıqlar yaranıb:

"Keçən ilin dekabr ayının 21-dən sonra Mərkəzi Bank manatın üzən məzənnə rejiminə keçməsi ilə bağlı qərar verdi. Üzən məzənnə prinsipinə uyğun olaraq ölkədə manatın məzənnəsinin müəyyən olunacağı bildirilirdi. Mərkəzi Bankın rəhbərliyi də, hökumət də üzən məzənnə sisteminin olduğunu deyirdi. Birdən-birə isə tam üzən məzənnə rejimi ilə bağlı qərarın verildiyini bəyan etdilər. Əslində "tam üzən məzənnə" termini olmur. Normal iqtisadi modellərdə birjalarda oyunçular vasitəsilə milli valyutanın məzənnəsi müəyyən olunur. Qonşu ölkələrimiz olan Rusiyada rublun, Qazaxıstanda təngənin, Gürcüstanda larinin məzənnəsi bu cür müəyyən olunur. Buna heç kim üzən məzənnə demir. Bunu normal bir iqtisadi proses kimi qavrayırlar. İndi tam üzən məzənnəyə keçid elan edilirsə, çox güman ki, 2017-ci ildə manatın məzənnəsində daha ciddi dəyişikliklər gözləniləcək".

Azərbaycanda tam üzən məzənnəyə şərait yoxdur

N.Cəfərli sonda qeyd edib ki, hökumət və Mərkəzi Bank manatın məzənnəsini aşağı səviyyələrdə uzun müddət saxlamaqda maraqlı deyil. Yəni, indiki səviyyəni belə aşağı hesab edirlər.

"Gələn il üzən məzənnə rejiminə tam keçiddən sonra manatın dəyərdən düşməsi daha da sürətlənəcək. Tam üzən məzənnə sisteminə keçmək üçünsə Azərbaycanda şərait yoxdur. Birjalarda valyuta sata biləcək oyunçular yox səviyyəsindədir. Mərkəzi Bank və Dövlət Neft Fondundan sonra bazarda valyuta sata biləcək üçüncü oyunçu yoxdur. Ona görə də adını nə qoyurlarsa-qoysunlar, gələn il də məzənnəni Mərkəzi Bank müəyyən edəcək. Çox güman ki, 2017-ci ildə indikindən daha zəif bir məzənnəni müşahidə edəcəyik",-deyə N.Cəfərli fikrini tamamlayıb.

Reyting.az





Bölməyə aid digər xəbərlər