











Tarix: 14-12-2016 13:55 | Bölmə: Slayd
Ötən həftə Ali Məhkəmə Əmlak Məsələləri Dövlət Komitəsinin sabiq əməkdaşı, bir neçə il bundan əvvəl müəmmalı şəkildə intihar etmiş keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) polkovniki Malik Mustafayevin qardaşı Mətləb Mustafayevin şikayətinə baxaraq, ona, barəsində açılmış cinayət işi ilə bağlı bəraət verib.
Bu qərardan sonra açıqlama verən Mətləb Mustafayev həm özünün həbsi, həm də qardaşının intiahara məcbur edilməsi barədə Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) media vasitəsi ilə müraciət edib.
DTX-dan isə Gününsesi.info-ya bildirilib ki, əgər Mətləb Mustafayev DTX-ya məktubla müraciət edibsə, həmin müraciətə qanunvericilikdə nəzərdə tutulan qaydada və müddətdə baxılaraq cavab veriləcək.
Reyting.az saytı M.Mustafayevin həbsi, qardaşının intiharı ilə bağlı araşdırma apararkən bəlli olub ki, hələ 4 noyabr 2015-ci ildə Mətləb Mustafayev başına açılan oyunlarla bağlı "Bizim yol" qəzetinə geniş müsahibə verib.
2014-cü ildə intihar etmiş Malik Mustafayevin qardaşı Mətləb Mustafayev "Bizim yol"a videomüraciətində Əmlak Məsələləri Dövlət Komitəsinin keçmiş işçisi olduğunu, MTN əməkdaşları tərəfindən təzyiqlərə və qanunsuz həbsə məruz qaldığını deyib və qardaşının bu məsələyə görə intihar etdiyini bildirib.
M.Mustafayev qeyd edib ki, MTN əməkdaşları onu evində həbs edib, qondarma ittihamla nazirliyə aparıblar. O, MTN-nin Baş İstintaq İdarəsində olarkən sifarişin Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovdan gəldiyini öyrənib:
"Daha sonra məni MTN-in Baş İstintaq İdarəsinə apardılar və rəis müavini Təhsin Ağayev, müstəntiq Elşən Murtuzov və Samir Əliyev istintaq hərəkətləri başladılar. Təhsin Ağayevin yanında olarkən, o, rəis Mövlan Şıxəliyevlə telefonla danışırdı. Mövlan Şıxəliyevə kimsə kənardan suallar verirdi, o da həmin sualları Təhsin Ağayevə ötürürdü.
Bildim ki, bu işdə kimsə maraqlı adam var və maraqlananda başa düşdüm ki, bu şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovdur. Suallar onun tərəfindən M.Şıxəliyevə verilirdi, o da T.Ağayevə ötürürdü".
Mətləb Mustafayev sifarişin səbəbini belə izah edib:
"2011-ci ildə Kərəm Həsənov məni heç bir günahım olmadığı halda, guya, "öz ərizəmlə" tutduğum vəzifədən azad etdi. Mən bununla bağlı Xətai Rayon Məhkəməsinə müraciət etdim və o mülki iş hələ də sürünür. Məhkəmələrin heç biri qəti qərar qəbul edə bilmirlər. Çünki Kərəm Həsənovun əli çox uzundur. Onun şantajından, böhtanından, Eldar Mahmudovla olan yaxınlığından qorxan məhkəmə instansiyaları da heç bir qəti qərar qəbul edə bilmirlər".
Şikayətçinin dediyinə görə, o, sifarişçinin kim olduğunu bildikdən sonra da, əvvəlki kimi başqalarına böhtan atmaqla bağlı ifadəvermək təkliflərini tamamilə rədd edib:
"Qardaşım, 31 il MTN-də işləmiş, bu orqanın fəxri əməkdaşı, Qarabağ müharibəsi veteranı, 2011-ci ildən polkovnik rütbəsi daşıyan Mustafayev Malik Nəriman oğlu nazir Eldar Mahmudovun qəbuluna girərək, mənə qarşı aparılan bu kampaniyaya son qoymağı xahiş edib. Eldar Mahmudov isə ona bildirib ki, "sənin qardaşın Mövlan Şıxəliyevin, Elçin Quliyevin tələb etdiyi ifadələri verməsə, nəinki onu, sənin bütün qohum-əqrəbanı həbs etdirəcəyəm".
Bunun nəticəsi də o oldu ki, 17 oktyabr 2014-cü il tarixdə kiçik bacım Hümbətova İradə Nəriman qızının yaşadığı Binəqədi rayonu Rəsulzadə qəsəbəsindəki həyətə Elşən Murtuzovun rəhbərlik etdiyi 10 nəfərlik qara maskalı şəxslər daxil oldular. Onları avtomat gücünəhəyətə çıxararaq, özləri ilə gətirdikləri narkotiki evə qoymaq istəsələr də, alınmadı. Evin altını üstünə çevirdilər və öz məqsədlərinə çata bilmədən getdilər. Qardaşım bu hərəkətlərdən sonra özünə gələ bilmədi".
M.Mustafayev sensasiyalı açıqlamasında qeyd edib ki, qardaşı Mustafayev Malik Nəriman oğlu 6 sentyabr 2014-cü ildə deyib ki, nazir Eldar Mahmudov onunla görüşmək istəyir və onu MTN-ə aparıb:
"Orada məni nazirliyin Antiterror Mərkəzinin rəisi Elçin Quliyev və polkovnik İlqar Əliyev (Bu adam həbs olunduqdan sonra türmədə intihar edib-red.) qəbul etdi. Onlar məndən Prezident tərəfindən vəzifəyə təyin olunmuş şəxslər barəsində yalan, böhtan, iftira xarakterli ifadələr almağa cəhd etdilər. Hədə-qorxu gəldilər, müxtəlif şirnikləndirici vədlər verdilər və mən bunların heç biri ilə razılaşmadım. Sonda dedilər ki, əgər deyilən ifadələri verməsən, özünə və qardaşına problemlər yaranacaq".
Onun sözlərinə görə, MTN-də təklif olunanlarla razılaşmadığı üçün, qısa müddət sonra təzyiqlərə məruz qalıb:
"11 sentyabr 2014-cü ildə Yeni Saray qəsəbəsindəki evimdə ağacları sulayarkən, Hüseyn Əhmədov və Elşən Murtuzovun rəhbərlik etdiyi, Antiterror Mərkəzinin əməliyyatçılarından və xüsusi təyinatlı dəstədən ibarət 16 nəfərlik qrup həyətə doldu. Heç bir sənəd, xidməti vəsiqə, məhkəmə qərarı göstərmədən qollarımı qandalladılar, özləri ilə gətirdikləri tapançanı barmağıma sürtdülər. Sonra məni maşına oturdaraq, Nəsimi rayonu, 20 yanvar küçəsi, 19 b, mənzil 46 ünvanına gətirdilər. Orada saat 16.00-da mənə məhkəmə qərarı göstərdilər, baxmayaraq ki, məni 14.40-da həbs etmişdilər. Tapançanı şkafda əl-üz dəsmalının arasına qoydular, sonra guya onu tapdılar vəməni qandallayaraq, yenidən MTN-ə apardılar. MTN-də məndən ifadə alındı, hansı əsasla tutulduğumu soruşduqda, müstəntiq Elşən Murtuzov bildirdi ki, guya mən İran İslam Respublikasının vətəndaşları Rza və Hüseynlə əlaqəyə girib, silah almışam, gəzdirmişəm, saxlamışam. Mən qətiyyətlə bunu inkar etdim. Bundan sonra məni kameraya, səhəri gün isə yenə istintaqa apardılar. İstintaq dövründə mənimlə Elçin Quliyev, İlqar Əliyev, Azər Mehdiyev, Məhəmməd Qasımov, nazirə yaxın olduğu deyilən Mübariz adlı 60 yaşlı bir zabit- hamısı növbə ilə məndən istintaq hərəkəti apardılar. Baxmayaraq ki, istintaq hərəkətlərini müstəntiqlər aparmalıydı, bu şəxslərin hamısı aparırdı. Onlar mənə təzyiqlə, təhqirlə, təhdidlə iftiralar yağdırırdılar və məcbur etmək istəyirdilər ki, bu iftiralara imza atım".
M.Mustafayev təkrar bəyan edir ki, MTN-də bu zaman sifarişin Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovdan gəldiyini öyrənib.
Göründüyü kimi, komitənin sabiq əməkdaşı Kərəm Həsənovu MTN-nin sabiq və cinayətkar rəhbərliyi ilə sıx işbirliyində ittiham edərək, onun sifarişi ilə qanunsuz həbsini gündəmə gətirir. İndisə onun DTX-ya müraciəti və bu müraciətin araşdırılması komitə sədri Kərəm Həsənova problemlərin yarada biləcəyini istisna etmir.
Bu yerdə onu da qeyd edək ki, Kərəm Həsənovun bir neçə yaxın qohumu, o cümlədən qardaşı və qayınatasının da Eldar Mahmudovun dövründə MTN-də işə görüldüklər haqqında mətbuatda xeyli təkzib edilməyən məlumatlar dərc olunub. Həmin materiallardan aydın olub ki, nə qardaşı, nə də qayınatasının təhlükəsizlik sahəsi üzrə təcrübələri olmasa da, Eldar Mahmudov onlara yüksək vəzifə verib.
Bütün bunların fonunda bir müddət əvvəl Hesablama Palatasının da Kərəm Həsənovun doğulduğu və nəzarətində olan Cəlilabaddakı yeyintiləri ictimailəşdirməsi maraq doğurur.
Palatanın hesabatında qeyd edilir ki, bütün bu tiklilərdə layihə sənədlərdən fərqli olaraq, faktiki ölçü kiçildilməklə pullar təyinatından yayındırılıb. Maraqlı budur ki, belə layihələrin arasında prezidentin fərmanı ilə həyata keçirilməsi nəzərdə tutulan layihə və proqramların sayının çox olmasıdır: "Bir sözlə, Hesablama Palatasının hesabatında açıq şəkildə elan olunub ki, bu rayonda prezidentin tapşırq və göstərişlərinə əməl edilməyib. Elə isə ortaya bu sual çıxır. O rayonda bu tikintiləri kim və yaxud kimə bağlı olan şirkətlər həyata keçirib? Bax, bu sualla bağlı araşdırmalar Kərəm Həsənov və onun deputat qardaşı Malik Həsənovu fakt qarşısında qoyacaq. O zaman üzə çıxacaq ki, icra başçısı Əziz Əzizov əslində Kərəm Həsənov və onun qardaşının sadəcə iş icraçısı gözündə gördükləri rayon rəhbəridir".
Məlumatlı şəxsin sözlərinə görə, bütün bunların təftişi, xüsusi ilə DTX-nın Mətləb Mustafayevin şikayətini araşdırması Kərəm Həsənov və qardaşını çətin vəziyyətlə üzləşdirə bilər.
Reyting.az
Bölməyə aid digər xəbərlər