Politoloq: “Mehri dəhlizinin işə düşməsi həm sevindiricidir, həm də...”
Tarix: 30-11-2020 13:36 | Bölmə: Slayd
Politoloq: “Mehri dəhlizinin işə düşməsi həm sevindiricidir, həm də...”

“Mehri dəhlizi Naxçıvanla birbaşa bağlantı baxımından çox strateji yoldur. Amma burada məni həm sevindirən, həm də narahat edən məqamlar var. Müsbət tərəfi odur ki, həm avtomobil, həm də dəmir yolunun açılması Azərbaycanın Naxçıvan və Naxçıvan üzərindən Türkiyə ilə birbaşa kommunikasya yolunun açılması deməkdir”.

Bu fikirləri Reyting.az-a politoloq Toğrul İsmayıl Ermənistan ərazisindən Naxçıvana dəhliz veriləcəyindən danışarkən deyib.

Onun fikrincə, narahatedici məqam odur ki, bu dəhlizə rus əsgərləri nəzarət edəcək: “Yəni həqiqətən təminat verəcəklərmi ki, burada hər hansı bir təxribat olmayacaq? Çünki biz əvvəllər də bu bölgədə təxribatlarla üzləşmişik.

İkincisi, bu yolun açılmasından Naxçıvanla birlikdə Ermənsitan da faydalanacaq. Buna etirazım yoxdur. Amma Rusiya da bu dəmir yolundan özünün Ermənistandakı 102 saylı hərbi bazasına və ya Ermənistanın özünə silah göndərmək üçün istifadə edə bilər. Çünki bu yolla silah və hərbi yüklər göndərmək daha ucuz başa gəlir, daha sürətlidir və maliyyə baxımından sərfəlidir”.

T. İsmayıl qeyd edib ki, 44 günlük müharibə zamanı Rusiya İran vasitəsilə Ermənistana silah-sursat göndərib. Onun sözlərinə görə, bu yolla yükdaşımanın xərci daha baha olub: “Amma buna baxmayaraq ruslar dayanmadan İran üzərindən Ermənistana hərbi yüklər göndərirdi. Bu məsələnin necə olacağı da bəlli deyil. Hesab edirəm ki, dəmir yolunun açılışı zamanı buradan hərbi sahəyə aid malların daşınması qadağan edilməlidir”.

Mütəxəssis xatırladıb ki, Azərbaycan Laçın üzərindən Ermənistanla əlaqə üçün 5 kilometr enində dəhliz verir: “Hesab edirəm ki, eyni şəkildə Mehri dəhlizindən də Azərbaycana verilməsi lazım idi. O zaman bərabərhüquqlu anlaşma əldə edər və bu bizim üçün daha təhlükəsiz, sərfəli olardı. Amma səbrli olmaq lazımdır. Mən Laçın dəhlizini də Azərbaycanın olduğunu deyən mütəxəssislərdənəm və inanıram ki, bu, keçici qərardır. Normal şərtlərlə Ermənistanla münasibətlər düzələrsə, sözsüz ki, Ermənistandan Azərbaycana yollar olacaq. Amma bu o zaman baş verəcək ki, Azərbaycan Ordusu Ermənistanla dövlət sərhədləri boyunca postlarını bərpa edib sərhədə nəzarəti tam həyata keçirəcək”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}