07:33 / 20-06-2025
Əgər Tramp qərar versə...
Professor: “Ermənistanın iki ölkə ilə münasibətləri normallaşdırmaqdan başqa yolu yoxdur”
Tarix: 01-01-2021 22:46 | Bölmə: Slayd
Professor: “Ermənistanın iki ölkə ilə münasibətləri normallaşdırmaqdan başqa yolu yoxdur”

“Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşdirilməsi qanunauyğun prosesdir və bu iş davam etdirilməlidir. Fikrimcə, Nikol Paşinyan erməni siyasətçiləri arasında az-çox erməni xalqını və öz millətini sevdiyi üçün daha məntiqli düşünür”.

Bu fikirləri Reyting.az-a Türkiyədə yaşayan azərbaycanlı professor Toğrul İsmayıl deyib.

Professor əlavə edib ki, uzun illər Ermənistanda hakimiyyətdə olmuş “Qarabağ klan”ı erməni xalqının normal düşünməsinə imkan verməyib: “Onların hakimiyyəti dövründə hər şey Qarabağ problemi və ritorikası üzərində qurulurdu. Paşinyan erməniləri bu böhranlı vəziyyətindən xilas etmək üçün normal düşünür və bu səbəbdən də daha məntiqli davranır. Məntiqli davranmaq nə deməkdir? Əgər Ermənistan bölgədə normal dövlət kimi varlığını sürdürmək istəyirsə, həm Azərbaycan, həm də Türkiyə ilə normal, ikili münasibətlər qurmalıdır. Bu da sülhdən, Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından imtinasından keçir. Bu, eyni zamanda Ermənistanın Azərbaycan və Türkiyə ilə diplomatik münasibətlər qurmasından, daha sonra iqtisadi münasibətləri normallaşdırmaqdan asılıdır”.

Toğrul İsmayıl diqqətə çatdırıb ki, bütün bunların baş verməsi üçün ilk növbədə rəsmi Yerevan həm Azərbaycana, həm də Türkiyəyə qarşı ərazi iddialarından vaz keçməli, bu iki ölkənin ərazi bütövlüyünü tanımalıdır.

Professor xatırladıb ki, nə Azərbaycanın, nə də Türkiyənin Ermənistanın ərazi bütövlüyünə qarşı təxribatçı hərəkətləri olmayıb: “Təxribatı törədən Ermənistandır. Ermənistan bu aqressiv xarici siyasətindən imtina edərsə, regionda sülh və əmin-amanlıq olar. Əslində mən belə olacağına əminəm. Çünki başqa yol yoxdur. Ermənistan normal dövlətə çevrilmək istəyirsə, mütləq Azərbaycan və Türkiyə ilə münasibətlər qurmalıdır. Çünki onun müstəqil dövlət olaraq varlığı bizim onu tanımağımızdan keçir. Başqaları bu regiona gəldi-gedərdi”.

Professor əlavə edib ki, biz bu regionada yaşayırıq, Ermənistanla ortaq sərhədlərimiz var. Digərləri isə bölgəyə gəlmədir. Uzaqdan dəstək verməklə problem tam həll edilməz.

Reyting.az




Bölməyə aid digər xəbərlər