Pənah Hüseyn: “Ermənistan üçtərəfli sazişin tələbləri ilə barışmağa məhkumdur”
Tarix: 05-01-2021 14:20 | Bölmə: Slayd
Pənah Hüseyn: “Ermənistan üçtərəfli sazişin tələbləri ilə barışmağa məhkumdur”

“Ermənistanda revanş çağırışı ilə ortaya çıxan qüvvələr oldu. Amma erməni cəmiyyəti və xalqı onları müdafiə etmədi. Cəmi bir neçə min adamı toplaya bildilər. Belə görünür ki, Nikol Paşinyan və ətrafı davam gətirərək hakimiyyətlərini qoruyub saxlaya bilsə, Azərbaycanla əlaqələri bərpa etmək istiqamətində müsbət hallar yaşana bilər”.

Bu fikirləri Reyting.az-a Xalq Partiyasının sədri, Azərbaycanın sabiq Baş naziri Pənah Hüseyn “Ermənistan Azərbaycanla əlaqələri bərpa etməyə hazırdırmı” sualına cavabında deyib.

Pənah Hüseyn hesab edir ki, Ermənistanda Azərbaycanla münasibətlərin bərpasında maraqlı dairələr var: “Sadəcə, müharibədən sonra onların səsi zəif çıxır. Amma revanşist çağırışlar ciddi dəstək almadı. Bu isə onu deməyə imkan verir ki, erməni cəmiyyətində az da olsa, özünüqoruma instinkti qalıb. Biz bunun necə olacağını görəcəyik”.

Partiya sədri əlavə edib ki, atəşkəslə bağlı imzalanmış sənəd bəzən Azərbaycanda, daha çox isə ermənilər tərəfindən tənqid edilir: “Amma əlaqələrin bərpası, kommunikasiyaların açılması 10 noyabrda əldə edilən sazişin mühüm müddəalarından biridir. Onun reallaşmasının üzərində durmaq lazımdır. O pozulacaqsa, deməli, bütövükdə sənədin icrası şübhə altına düşəcək. Məncə, nəzərə alınmalıdır ki, burada Azərbaycan və Ermənistan deyil, Rusiyanın da marağı var. Rusiyanın Ermənistanla birbaşa sərhədi yoxdur, Gürcüstan istiqamətindən də ora gediş-gəliş çətindir. Ermənistanda rus hərbi bazası, onun təchizatı məsələsi var. Odur ki, Rusiya da buna maraq göstərir. Türkiyə isə Orata Asiya və Çinə qədər olan böyük İpək yolunun Ermənistan üzərindən keçən xəttinin bərpasında maraqlıdır. Ən azından Azərbaycanın dövlət başçısı və Türkiyə prezidenti səviyyəsində Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində bəyanatlar verilib. Rusiya prezidentinin də ötən ilin sonunda bu istiqamətdə açıqlamaları olub. Güman edirəm ki, Ermənistan bununla barışmağa məhkumdur, çünki onun nicatı həm də bundan keçir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}