Dünyanın ən güclü mafiyasının lideri saxlanılıb - Foto
Tarix: 06-08-2021 11:41 | Bölmə: Slayd
Dünyanın ən güclü mafiyasının lideri saxlanılıb

İtaliya mafiyasının ən güclü liderlərindən olan Domeniko Paviglianti İspaniyada həbs edilib.

Reyting.az
xəbər verir ki, Domeniko İtaliyanın məşhur Ndrangheta mafiyasının lideridir.

İki ildən çoxdur axtarışda olan Domeniko İspaniya və İtaliya polisinin birgə əməliyyatı sayəsində paytaxt Madriddə saxlanılıb.

Paviglianti saxlanıldıqdan sonra onun üzərindən Portuqaliyaya aid saxta sənədlər, 6 min avro və altı ədəd mobil telefon aşkar edilib.

Mafiya həyatında “babaların babası” hesab olunan Paviglianti İtaliyanın cənubundakı Kalabria bölgəsində təşkilatlanan Ndrangheta ilə birlikdə 1980 və 1990-cı illərdə adını dünyaya tanıda bilib. Bu illərdə mafiya Avropanın böyük bir hissəsinə yayılaraq qara pulların yuyulmasında, sui-qəsdlərdə və narkotik ticarətində aparıcı olub.


D. Paviglianti

İngiltərə mətbuatının yazdığına görə, 2010-cu ildə amerikalı diplomatın hesablamları ortaya çıxarıb ki, Ndranghetanın fəaliyyətinin maliyyə dəyəri İtaliyanın ümumdaxili məhsulunun 3 faizinə bərabərdir.

Xatırladaq ki, ilk dəfə 1996-cı ildə həbs olunan və ömürlük cəzaya məhkum edilən Pavigliantinin cəzası daha sonra 30 ilə endirilib. 2019-cu ildə cəzasının yanlış hesablandığı bildirilən Paviglianti sərbəst buraxılıb.

Məlumat üçün qeyd edək ki, bu ilin may ayında Avropa Polis Departamenti (Evropol) cinayətkar şəbəkələrə qarşı araşdırma çərçivəsində Almaniya və İtaliyada eyni zamanda əməliyyat keçirib. Əməliyyatda 800-dən çox polis iştirak edib. Həmin vaxt Ndranghetaya qarşı əməliyyatda 31 nəfər saxlanılıb. Şübhəlilər İtaliya, Hollandiya, Almaniya və İspaniyada narkotik ticarəti həyata keçirməklə yanaşı öz aralarında şifrəli əlaqə şəbəkəsindən rabitə kanalı kimi istifadə ediblər.

Həmin vaxt Evropol bildirib ki, əməliyyat nəticəsində yüz minlərlə avro, çoxlu sayda silah-sursat, narkotik maddə, lüsk avtomobillər və zinnət əşyaları ələ keçirilib.

Ehtimal olunur ki, Avropanın ən güclü mafiyalarından birinin liderinin saxlanılması vəziyyəti köklü şəkildə dəyişə bilər.

Reyting.az




Bölməyə aid digər xəbərlər