Vladimir Jirinovskini NATO-nun tədbirindən qovublar - Foto
Tarix: 13-08-2021 12:49 | Bölmə: Slayd
Vladimir Jirinovskini NATO-nun tədbirindən qovublar

“2002-ci ilin 15-19 noyabrında İstanbulda NATO Parlament Assambleyasının 48-ci iclası keçirilirdi. NATO-nun 19 üzvündən 17 müttəfiq və 11 müşahidəçi ölkəni təmsil edən 350 nümayəndə iclasda iştirak edirdi. Həmin toplantıda Azərbaycandan vitse-spiker Ziyafət Əsgərov və Milli Məclisin NATO Parlament Assambleyasının deputat qrupunun üzvü kimi mən də iştirak edirdim. Bu iclasda Azərbaycan NATO Parlament Assambleyasına assoisativ üzvlüyə qəbul edildi. Bu tədbirdə Rusiyanı Vladimir Jirinovski təmsil edirdi. İclasın gedişində Jirinovski dəfələrlə qarşısındakı mikrafonu yandırdı və icazəsiz çıxış etməyə cəhdlər göstərdi. Dəfələrlə ona xəbərdarlıq edildi, izah olundu ki, icazəsiz çıxış etmək olmaz. Amma Jirinovski bu davranışını davam etdirirdi. Nəticədə təhlükəsizlik xidmətinin nümayəndələri Jirinovskini iclas salonundan çıxardı. Bax, biz indi belə bir qeyri-ciddi siyasətçindən danışırıq”.

Bunu Reyting.az-a Yeni Azərbaycan Partiyasının veteran üzvü, sabiq deputat Musa Musayev Rusiya parlamentinin üzvü və son zamanlar Azərbaycana qarşı kəskin fikirləri ilə gündəmə gələn Vladimir Jirinovskidən danışarkən deyib.

Keçmiş deputat xatırladıb ki, Jirinovski dəfələrlə Azərbaycanın, Gürcüstanın, Türkiyənin əleyhinə çıxışlar edib: “Sözsüz ki, onun dediyi fikir və sözlər ciddi şəkildə rədd edilir. Ancaq hər bir əməlin də həddi olmalıdır. Bu adam partiya rəhbəridir, prezidentliyə namizəd olub, sədri olduğu partiya deputatlarının sayına görə Dumada ikinci yerdədir. Belə məsul vəzifədə olan, illərin deputatı məsuliyyətsiz çıxışlar etməməlidir. Onun Azərbaycan haqqında fikirləri mən də daxil olmaqla, vətəndaşlarımız tərəfindən ikrah hissi doğurur. Mən bu fikirləri rədd edirəm”.


Musa Musayev

Musa Musayev əlavə edib ki, Vladimir Jirinovskinin Azərbaycan əleyhinə çıxışlarına azərbaycanlılar tərəfindən təpkilər və etirazlar göstərilir: “Bu da başadüşüləndir. Ancaq bəzən görürsən ki, Jirinovsikini tənqid edənlərə öz içimizdən təpkilər olur. Mən bunun səbəblərini anlamıram. Bəlkə də bu adamlar elə “Beşinci kolon”un üzvləridir. Jirinovskini dəstəkləyən, müdafiə edən vətəndaşlarımıza başqa nə ad vermək olar? Jirinovski Azərbaycan dövlətinin, xalqının və cənab prezidentimizin əleyhinə çıxışlar edir. Mən, YAP-ın Nəzarət-Təftiş Komissiyasının üzvü və Azərbaycan vətəndaşı kimi bu fikirləri qınayıram və pisləyirəm”.

Müsahibimiz əmindir ki, Jirinovski öz təşəbbüsü ilə danışır və ağlına gələn sərsəm fikirlər səsləndirir: “Bəzən deyirlər ki, bu şəxsi Rusiya rəhbərliyi danışdırır. Amma mən onu məsuliyyətsiz və təlxək hesab edirəm. Bu birinci hal deyil, dəfələrlə əleyhimizə çıxış edib. Hələ bir dövrlər deyirdi ki, Qarabağ Rusiyaya verilməlidir. Türkiyənin, Qazaxıstanın və digər türk-müsəlman dövlətlərinin əleyhinə bunun çıxışları olub”.

Keçmiş deputat hesab edir ki, Rusiya Dövlət Duması və Xarici İşlər Nazirliyi Jirinovski ilə bağlı məsələyə münasibət bildirməli, bu məsuliyyətsiz siyasətçini yerində oturtmalıdırlar. Onun fikrincə, bunun üçün ciddi əsaslar da var: “Azərbaycan dövlətinin və azərbaycanlıların əleyhinə dəfələrlə məsuliyyətsiz çıxışları olub. Bununla bağlı ölçü götürülməlidir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər