Türkiyənin regionda artan rolu Rusiya və İranı narahat edir - Professor
Tarix: 14-08-2021 12:51 | Bölmə: Slayd
Türkiyənin regionda artan rolu Rusiya və İranı narahat edir

“Müharibə zamanı Rusiya və Azərbaycan əməkdaşlıq etdilər. Amma Rusiya Ermənistanı təhvil vermək fikrində deyildi. Çünki Ermənistan uzun illərdir ki, Rusiyanın xarici siyasətində ön sıradadır. Bunun şərhə ehtiyacı da yoxdur. Bəllidir ki, Rusiya ermənilərlə I Pyotrun vaxtından əməkdaşlıq edir. Nəhayət Azərbaycan və Türkiyə Rusiyanı məcbur etdi ki, müharibə zamanı bitərəf qalsın. Azərbaycan 44 günlük müharibə dövründə İranı vecinə almadı və Ermənistana qalib gəlbi. Bəli, müharibə zamanı İran vasitəçilik rolunu təklif edirdi, amma Bakı ona inanmadı”.

Bu sözləri Reyting.az-a professor Rüstəm Məmmədov deyib.

Onun qənaətincə, 44 günlük Vətən müharibəsi, onun nəticələri və Tehranın yardımçı təklifinin rədd edilməsi İranı həyacanlandırıb: “İran hələ də özünə gələ bilmir. Əlbəttə, onlar düşünürlər ki, necə oldu Azərbaycan Rusiyanın “saqqızını oğurlayaraq” Ermənistanı məğlub etdi. Hesab edirəm ki, indi müşahidə olunanlar növbəti mərhələdir. İran ikibaşlı oyun oynayır, bilir ki, Azərbaycan İran faktorunu Ermənistandan siləcək. İran anlayır ki, Yaxın Şərq proseslərində böyük məğlubiyyətə uğrayır”.


Rüstəm Məmmədov

Professor diqqətə çatdırıb ki, İran heç vaxt Azərbaycanın dostu olmayıb, olmayacaq da:

“İran ömür boyu azərbaycanlılardan istifadə edib. İranda azı 30 milyon soydaşımız yaşayır və bu ciddi faktordur. Orada uzun illərdir ki, İranı parçalamaq fikirləri çox dərindir.

Mən Prezident Aparatında çalışdığım zaman İranın bir səfiri var idi, hərlənib-fırlanıb gəlirdi qəbuluma. Deyirdi, azərbaycanlının azərbaycanlıdan başqa dostu yoxdur, necə olsun ki, azərbaycanlılar İrandan ayrılsın və s. Mən də deyirdim ki, bu sizin daxili işinizdir, bunu özünüz həll edin. Belə şüarlar və ideyalar bizdən gəlmir, biz İranı parçalamaq haqqında düşünmürük. Əlbəttə, oradakı azərbaycanlıların məntiqi başadüşüləndir. Ancaq İran hər zaman istəyib ki, biz Rusiyanın tərkibində qalaq”.

R. Məmmədov əlavə edib ki, azərbaycanlıların birləşmək ideyası həmişə rusları da narahat edib: “II Dünya müharibəsi zamanı belə bir ideya ortaya çıxsa da, reallaşmadı. Bunu da Rusiya istəmədi. Amma keçən bu dövr ərzində heç kim araşdırmadı ki, Rusiya bunu niyə istəmədi. Rusiya uzun illər bu regionda hakimlik edib, indi istəməzdi ki, Türkiyə regionda olsun. Bu mənada Türkiyənin regionda artan rolu həm Rusiyanı, həm də İranı narahat edir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər