Rusiya gərginliyi artırır: Qarabağdakı sülhməramlılar öz missiyasını yerinə yetirə bilmir - Partiya sədri
Tarix: 14-08-2021 15:06 | Bölmə: Slayd
Rusiya gərginliyi artırır: Qarabağdakı sülhməramlılar öz missiyasını yerinə yetirə bilmir

“10 noyabr bəyanatından sonra regionda formalaşan nisbi sabitliyin pozulmasını müşahidə edirik. Sabitliyin pozulmasında Minsk Qrupunun həmsədri olan ölkələr maraqlıdır. Çünki onlar prosesdən kənarda qalıblar. Düşünürlər ki, istiqamət üçtərəfli razılaşmanın həyata keçirilməsi yönündə getsə, onlar prosesə müdaxilə edə bilməyəcəklər. Bu səbəbdən də hərbi vəziyyətin kəskinləşməsində maraqlıdırlar. İstəyirlər ki, razılığın əldə edilmədiyi görüntüsü yaransın və prosesə vasitəçilərin müdaxiləsi üçün əsaslar yaransın”.

Bunu Reyting.az-a Aydınlar Partiyasının sədri, sabiq deputat Qulamhüseyn Əlibəyli Azərbaycan və Ermənistan arasındakı gərginlikdən danışarkən deyib.

Onun sözlərinə görə, vəziyyətin yenidən gərginləşməsi Ermənistan və Rusiya üçün də sərfəlidir: “Çünki Ermənistanın üzərinə götürdüyü öhdəliklər var, amma bundan imtina edir. Bunun üçün əsas axtarmaq lazımdır. Bu halda hərbi sabitliyin pozulması əsas kimi götürülə bilər”.

Q. Əlibəylinin fikrincə, Rusiya da dövlət kimi maraqlıdır ki, üçtərəfli razılaşma başa çatmasın. Çünki proses başa çatdıqdan sonra Rusiyanın bu bölgədə hərbi iştirakına ehtiyac qalmayacaq.

Partiya sədrinin iddiasına görə, Moskva maraqlıdır ki, regionda hərbi baxımdan gərgin durum hökm sürsün: “İstəyirlər elə vəziyyət yaransın ki, Rusiyanın hərbi iştirakının genişlənməsinə bəhanə tapılsın və bölgədə uzun müddət qala bilsin. Bu prosesdə daha çox rol oynayan Rusiyadır.

Bu yaxınlarda məlum oldu ki, Ermənistan ordusunun müəyyən qüvvələri sülhməramlıların nəzarəti altında Laçın dəhlizindən keçərək Xankəndinə gətirilib. Eləcə də Qarabağda olan erməni silahlı dəstələrinin tərki-silah edilməməsi göstərir ki, ruslar Qarabağ probleminin həll edilmədiyini göstərmək istəyirlər. Yəni rusların məqsədi çoxlarının düşündüyü kimi, erməniləri müdafiə etmək deyil, özünün bölgədə iştirakını əbədiləşdirməkdir”.

Keçmiş deputat əmindir ki, indi Qarabağ fonunda bölgədə yaranan gərginliyin memarı Rusiyadır: “Hərbi gərginlik rusların məhsuludur. Bəzi dövlətlər isə siyasi gərginlik fonunda Ermənistana dəstək verməklə bunu inkişaf etdirirlər.

Bəli, bunun qarşılığında Azərbaycan notalar, bəyanatlar verir. Zənnimcə, bu proses davam edəcək. Biz situasiya ilə razı olmadığımızı bildirməliyik. Qeyd etməliyik ki, Azərbaycan nəzarətdən kənarda qalmış ərazilərində süveren hüquqlarını bərpa edəcək. Bunun üçün beynəlxalq hüquqi zəmin yaradılmalıdır k, bu da rəsmi bəyanatlar, notlar, mövqelərlə həyata keçirilməlidir. Belə bəyanatlardan sonra elan etməliyik ki, rus sülhməramlıları öz missiyasını yerinə yetirə bilmir və Azərbaycan istənilən an anti-terror əməliyyatları ilə prosesi başa çatdıra bilər”.

Reyting.az




Bölməyə aid digər xəbərlər