ADP sədri: “Laçın dəhlizini bağlaya, separatçılarla bağlı tədbirlər görə bilərik”
Tarix: 16-08-2021 16:07 | Bölmə: Slayd
ADP sədri: “Laçın dəhlizini bağlaya, separatçılarla bağlı tədbirlər görə bilərik”

“Beynəlxalq hüquqa görə Azərbaycan dövləti öz ərazisində istənilən addımı ata bilər. Bu, əslində bizim süveren hüququmuzdur. Laçın dəhlizini bağlaya, Xankəndi şəhərindəki separatçılarla bağlı tədbirlər də görə bilərik. Hər hansı dövlət bunu bizə qüsur tuta, tənqid hədəfinə gətirə bilməz. Çünki bu, Azərbaycanın süveren hüququdur”.

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Laçın dəhlizi vasitəsi ilə Ermənistandan Xankəndi şəhərinə qanunsuz daşınan erməni ordu birliklərindən danışarkən deyib.

Partiya sədri bildirib ki, rəsmi Bakının xəbərdarlığından sonra Laçın dəhlizinin bağlanması mümkündür: “Biz həm sülhməramlılara, həm də Ermənistana bu hərəkətlərini dayandırmaq üçün xəbərdarlıq etmişik. Həmin ərazi sülhməramlıların nəzarətindədir. Əgər oradan hansısa qanunsuz keçidlər baş verirsə, bunun qarşısını sülhməramlı missiya almalıdır. Əgər onlar qanunsuzluqlara qarşı tədbir görmürlərsə, bu işi özümüz görə bilərik”.

S. Cəlaloğlu hesab edir ki, həmin dəhliz vasitəsilə Azərbaycana təhlükə yaradan malların daxil olmasına qarşı sərt reaksiya verilməlidir. Onun sözlərinə görə, bunun baş verməməsi üçün beynəlxalq təşkilatlar qarşısında hansısa məsələnin qaldırılmasının perspektivini görmür: “Orada əsas məsələ sülhməramlılardır. Onlar belə müəmmalı yüklərin və erməni əsgərlərinin dəhlizə daxil olmasının qarşısını ala bilər. Əgər almırlarsa, deməli, iş bizim üzərimizə düşür”.

ADP sədri əlavə edib ki, o, Laçın dəhlizinin bağlanmasını nəinki mümkün, hətta vacib sayır:

“Əvvəla, diplomatik çərçivəsə Rusiyaya deyə bilrik ki, sülhməramlı missiyanı yerinə yetirə bilmədin, buyur, ölkəni tərk et. Bu halda üştərəfli razılaşmanın şərtlərini Azərbaycan ərazilərində özümüz icra etməliyik. Məncə, bu məsələdə beynəlxalq təşkilatlarla işləməyin hər hansı bir effekti yoxdur. Əsas Türkiyə və Pakistandır. Bu iki dost ölkə ilə məsləhətləşmələr aparmalı, onların dəstəyini almalıyıq. Biz bu kimi addımları təkbaşına da etməməliyik. Çünki indi heç kəs heç nəyi təkbaşına etmir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər