Fərda Əsədov: “Zəngəzur dəhlizinin iqtisadi əhəmiyyəti ilə paralel siyasi əhəmiyyəti də var”
Tarix: 17-08-2021 15:39 | Bölmə: Slayd
Fərda Əsədov: “Zəngəzur dəhlizinin iqtisadi əhəmiyyəti ilə paralel siyasi əhəmiyyəti də var”

“Zəngəzur dəhlizinin iqtisadi əhəmiyyəti hər kəs üçün aydındır. Sözsüz ki, iqtisadiyyatın arxasınca siyasət gəlir. Ən azından biz belə fikirləşirik. Əgər belədirsə, yenə də sanki Türkiyəyə qarşı xoflar artmaqdadır. Bu iqtisadiyyatın arxasında Türkiyənin iddialı siyasətini görəndə bəzilərinin narahatlığı artır. Məncə, buna ehtiyac yoxdur. Zəngəzur dəhlizi işlək olmalıdır. Bundan hər kəs fayda götürə bilər”.

Bunu Reyting.az-a Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun şöbə müdiri, şərqşünas alim Fərda Əsədov deyib.

Onun fikrincə, beynəlxalq siyasətin arxitekturasında böyük və qlobalı dəyişikliklər görürük: “Zəngəzur dəhlizinin əhəmiyyəti bəzən belə qlobal dəyişikliklərin kölgəsində qalır, amma həm də onun tərkib hissəsidir.. Əgər bu, qlobal dəyişikliklərin kölgəsində qalırsa, məncə, ona böyük təhlükə və ya narahatlıq kimi yanaşmaq uzaqgörənlik olmazdı. Hesab edirəm ki, bu dəhlizin iqtisadi əhəmiyyəti ilə paralel siyasi əhəmiyyəti də var”.

Alim hesab edir ki, söhbət yenə də yeni tarixi mərhələdən gedir: “Biz görürük ki, bu tarixi mərhələdə sanki keçmişi xatırladan bəzi tarixi görüntülər var. Bu tarixi görüntülər bizi keçmişə qaytarmamalıdır. Çünki keçmişin varisi olan yeni və müasir oyunçular əslində öz tarixindən qopmaq istəməsə gələcək haqqında düşünürlər. Əslində gələcəyi düşünməsələr, heç onların gələcəyi də olmayacaq. Odur ki, dəhlizin açılmasında bütün tərəflərin maraqlı olması məntiq kimi ortaya çıxır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər