ABŞ kəşfiyyatı Əfqanıstana nəzarət üçün yeni yollar axtarır
Tarix: 18-08-2021 12:59 | Bölmə: Slayd
ABŞ kəşfiyyatı Əfqanıstana nəzarət üçün yeni yollar axtarır

ABŞ ordusu Əfqanıstandan çıxdıqdan sonra bu ölkənin Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) yeni nəzarət yolları axtarır və Əfqanıstana qonşu ölkələrdə hərbi baza yaratmaq variantlarını nəzərdən keçirir.

Reyting.az
xəbər verir ki, bu barədə “Nyu-York Times” qəzeti kəşfiyyat qaynaqlarına əsasən yazıb.

Məqalədə ABŞ ordusunun Əfqanıstandan sürətlə çıxmasından sonra MKİ-nin kəşfiyyat məlumatları toplamaq və terrorla mübarizə əməliyyatları üçün yeni yollar axtardığı qeyd olunur. Bu məsələdə ən münasib seçim Pakistanda daha əvvəllər istifadə edilən hərbi bazalar olduğu deylir, amma ABŞ kəşfiyyatı 2011-ci ildə Usame Bin Ladenə qarşı Pakistandan xəbərsiz bu ölkədə əməliyyat keçirdikdən sonra amerkanlar bu bazalardan çıxarılıb və ölkədən qovulublar. Bundan sonra İslamabad-Vaşinqton münasibətlərində gərginlik yaranıb.

Qeyd olunur ki, yeni anlaşma üçün Pakistan tərəfi Əfqanıstanda keçiriləcək hər hansı bir əməliyyatla bağlı MKİ-nin müəyyən etdiyi hədəflərə dair İslamabada məlumat verilməsi şərtini qoyur.

Amerikalı 3 diplomata istinadla qeyd edilir ki, MKİ-nin ikinci seçimi Qırğızıstan və ya Özbəkistan kimi keçmiş SSRİ respublikalarıdır. Amma Rusiya prezidenti Putinin buna qarşı çıxacağı ehtimal olunur.

“ABŞ rəsmilərinin 20 ildə tirlyonlarla dollar xərclədiyi, 2400-dən çox əsgərini itirdiyi bir ölkədə təhlükəsizliyi təmin edəcək uzunmüddətli bir planı yoxdur”,- məqalədə qeyd edilib.

Bu arada bəlli olub ki, ABŞ-ın Əfqanıstandan çıxmasından sonra MKİ-nin keçmiş direktoru Villiam Burns ötən həftə Pakistana səfər edib. İddiaya görə, Burns Pakistan ordu komandanlığı və hərbi kəşfiyyat müdirliyi ilə məxfi görüşlər keçirib. Həmçinin məlum olub ki, Pentaqon rəhbəri Austin Pakistan ordu rəhbərləri ilə gələcəkdə Əfqanıstanda keçirilməsi ehtimal olunan əməliyyatlar məsələsini sıx-sıx müzakirə edir.

Məqalədə Pakistan xarici işlər naziri Şah Mahmud Kureyşinin “Keçmişi unudun. Baş nazir İmran Xan iqtidarda olduğu müddətdə Pakistanda heç bir ABŞ bazasına icazə verilməyəcəyini demək istəyirəm”,- bəyanatına da xüsusi diqqət çəkilir.

Məqalədə ABŞ rəsmilərinə istinad edərək Pentaqonun Əfqanıstandakı “MQ-9 Reaper” təyyarələri üçün Bəsrə körfəzindəki gəmilərdən istifadə etməyi planlaşdırdığı, ancaq bunun üçün 9 saatlıq uçuş, habelə daha çox yanacaq və vaxt lazım gəldiyi də vurğulanır.

Ekspertlər isə ehtimal edir ki, ABŞ-ın Əfqanıstandan ayrılmasından qısa müddət sonra uzaqdan bu ölkəyə müdaxilə davamlı olmayacaq və bu səbəbdən də bölgəyə hərbçilər göndərilməsinə dair qərar verilə bilər.

Reyting.az




Bölməyə aid digər xəbərlər