Ermənistanda həyəcan siqnalı: ehtiyatda olan hərbçilər orduya çağırılır
Tarix: 18-08-2021 13:27 | Bölmə: Slayd
Ermənistanda həyəcan siqnalı: ehtiyatda olan hərbçilər orduya çağırılır

“Bu gün Ermənistan ordusunun hücuma keçmək, əməliyyatlar aparmaq və onu idarə etmək gücü yoxdur. Əgər döyüşlər başlasa, onlar yenidən uduzacaq və daha pis məğlub olacaqlar. Ancaq bu o demək deyil ki, onlar bir neçə ilə güc toplayıb buna nail ola bilməzlər”.

Bunu Reyting.az-a hərbi ekspert Azad İsazadə Ermənistanın Azərbaycana qarşı təxribatlarından danışarkən deyib.

Məlumat üçün bildirək ki, Ermənistanda hökumətin müvafiq qərarı olmadan ehtiyatda olan hərbçilər 3 aylıq toplantıya çağırılırlar. Bunun Azərbaycanla sərhəddə hansısa yeni irimiqyaslı toqquşmalara hazırlıq məqsədi daşıdığı bildirilir. Belə bir vaxtda isə Ermənistan ordusunun Naxçıvan istiqamətinə cavabdeh ordu korpusuna həyəcan siqnalı verilib. Ermənistan Müdafiə Nazirliyi 5-ci Ordu Korpusunun şəxsi heyəti həyəcan siqnalı ilə təyinat nöqtələrinə çatdırılıblar. Habelə qoşunların idarə edilməsi məntəqəsi yaradılıb. Digər maraqlı məqam budur ki, 4-cü Ordu Korpusunun (Laçın-Kəlbəcər istiqamətlərində dislokasiya olunub) silahları və texnikaları yoxlanılır.


Azad İsazadə

Azad İsazadə isə deyir ki, gücsüz erməni ordusunun aktivləşməsinin bəlli səbəbləri var: “Xüsusilə, Naxçıvan istiqamətində və Laçın-Kəlbəcər hissəsində həllini tapmayan ərazilər məsələsi var. Onlar həmin əraziləri özününkü hesab edirlər. Məsələn, Naxçıvanda Kərki kəndi bizimdir, amma indi işğal altındadır. Azərbaycan ordusu yazın əvvəlində və yayda yavaş-yavaş öz sərhəddinə çıxmağa başlamışdı. Qara göl ətrafı və digər hissələrdə də. Ermənilər bizimlə sərhəd müqaviləsi bağlamalı, demorkasiya başa çatıdırılmalıdır. Amma bunu etmək istəmirlər. Çünki sərhəddin təsdiq edilməsi Azərbaycanın ərazi bütövlüyünü tanımaqdır. Bu səbəbdən də İrəvan iki dövlət arasında sərhədin demorkasiyasına getmək istəmir. Eyni zamanda Azərbaycan Ordusu irəli gedib dövlət sərhədlərimizə çıxmasın deyə, Ermənistan tərəfi təxribatlar törədir və atəşkəsi tez-tez pozur. Bu yolla ona çalışırlar ki, bizim ordumuz sərhədlərə doğru irəliləməsin, olduğu yerdə qalıb mövqelərini bərkitsin. Ehtimal edirəm ki, təxribatların məqsədi budur”.

Hərbçi ekspert Ermənistan tərəfinin bu təxribatlarla Azərbaycana hücuma keçəcəyinə inanmır: “Ayrı versiyalar da ola bilər: bu, Rusiyanın təxribatıdır, ermənilərə deyirlər ki, cavab qaytarın, baxaq görək nə edə bilirik və s. Versiyalar fərqli ola bilər. Amma güman ki, burada bir neçə amil var. Əsas odur ki, onlar sərhədi tanımır və bu səbəbdən də təxribatlar yaradırlar ki, daimi gərginlik qalsın. Bu da istər-istəməz beynəlxalq səviyyəyə çıxsın”.

A. İsazadə sonda bir daha əlavə edib ki, Ermənistan bütün ordu birləşmələrinə həyəcan siqnalı versə belə, onların indi müharibə aparmaq gücü yoxdur.

Reyting.az




Bölməyə aid digər xəbərlər