Deputatın oğlu ilə 1 milyon 176 min manatlıq şübhəli müqavilə bağlanıb - Yenilənib
Tarix: 18-08-2021 14:14 | Bölmə: Slayd
Deputatın oğlu ilə 1 milyon 176 min manatlıq şübhəli müqavilə bağlanıb
Cavanşir Feyziyev

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 5 ildir fəaliyyətə başlayıb, pilot layihələr icra edib, amma bununla bağlı normal məlumatlar yaymayıb. Qurumun fəaliyyəti ilə bağlı ciddi suallar var, əlçatan xidmət məsələsi “axsayır”, hələ bir nəfər tanımıram ki, Agentlikdən razılıq etsin”.

Reyting.az
xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, indi də məlum olur ki, Agetlik Buzovna qəsəbəsində 1 illiyə ofis və anbar icarəyə götürüb: “Müqavilənin dəyəri 1 mln. 176 min manatdır. Yəni Agentlik obyekti ayı 98 min manata icarəyə götürüb, özü də Buzovnada”.

İqtisadçı-ekspert bildirib ki, məsələnin maraqlı tərəfi həmin obyektin sahibinin gənc bir insan - Orxan Feyziyevin olmasıdır: “Ola bilər, çox bacarıqlı, təhsilli gəncdir, amma bir məsələ var ki, o, deputat Cavanşir Feyziyevin oğludur. Bu da Azərbaycan fenomenidir. Bütün məmur, deputat, nazir uşaqları doğuşdan bacarıqlı biznesmen olurlar, həmişə tenderlər udurlar, bu "sirri" şotland elm adamları da çözə bilməz”.(Yeni Sabah)

***

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi də məsələyə münasibət bildirib.

Reyting.az
-a göndərilən məktubda bildirilir ki, Dövlət Agentliyi tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki 230 tibb müəssisəsinin dərman, tibbi sərfiyyat, laboratoriya malları, avadanlıq və cihazlara olan ehtiyacı müəyyənləşdirilib. Həmin tibb müəssisələrini sözügedən vasitələrlə təmin etmək və onların düzgün şəraitdə saxlanılmasını təşkil etmək məqsədilə müvafiq məkanın seçilməsi zərurəti yarandığından Agentlik 07.07.2021-ci il tarixində etender.gov.az saytında “Ofis və anbar kompleksinin icarəsi xidmətlərinin satın alınması” üzrə təkliflər sorğusu üsulu ilə satın alınmaya dair elan yerləşdirib.

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tenderin həyata keçirilməsi məqsədi ilə tender komissiyası yaradılıb və tenderin aşkarlıq, şəffaflıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında təşkili təmin edilib.

Agentlik bildirir ki, komissiya tərəfindən tenderdə təkliflər sorğusunun formal tələblərini tam təmin edən və ehtimal olunan qiymətdən aşağı qiymət təklifi verən fiziki şəxs Orxan Cavanşir “Ofis və anbar kompleksinin icarəsi xidmətlərinin satın alınması” məqsədilə keçirilmiş təkliflər sorğusunun qalibi elan edilib.

Agentlik məlumat üçün diqqətə çatdırır ki, 4,3 ha ərazidə yerləşən, ümumi sahəsi 12 553,3 kv. km olan ofis və anbar kompleksi dərman preparatlarının qəbulu, saxlanılması, daşınması üçün hər cür imkana malikdir.




Bölməyə aid digər xəbərlər