Rusiya Ermənistanı fəlakətə aparır - Professor
Tarix: 19-08-2021 14:10 | Bölmə: Slayd
Rusiya Ermənistanı fəlakətə aparır

“Ermənistanın Baş naziri Nikol Paşinyan anlayır ki, ölkəsi Azərbaycan və Türkiyəsiz yaşaya bilməyəcək. Amma Rusiya belə bir yaxınlaşmanı istəmir. Moskva hər zaman Ermənistanı Azərbaycan və Türkiyəyə təzim etməmək üçün təlimatlandırır”.

Bu fikirləri Reyting.az-a professor Rüstəm Məmmədov ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycan və Türkiyə ilə bağlı müsbət mesajlarını şərh edərkən deyib.

Professor bildirib ki, Ermənistanın Türkiyə və Azərbaycanla əməkdaşlıq etmədən inkişafı mümkünsüzdür, getdikcə daha da zəifləyər və hətta erməni dövlətçiliyinin mövcudluğu sual altına düşə bilər. Onun fikrincə, indi Paşinyanın Azərbaycan və Türkiyə ilə bağlı nisbətən müsbət fikirlər işlətməsi, əlaqələrin bərpasından danışması anlaşılandır.

R. Məmmədovun fikrincə, erməni xalqı da başa düşür ki, Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etmədən Ermənistanın gələcəyi yoxdur. Professor iddia edir ki, Azərbaycan və Türkiyə ilə əməkdaşlıq məsələsində erməni xalqı N. Paşinyanı dəstəkləyəcək.

R. Məmmədov deyib ki, N. Paşinyan Azərbaycanla əlaqələri düzəltmək üçün ilk növbədə sülh sazişi imzalamalıdır: “Bu, münasibətlərin yaranması üçün ilk addımdır. Bundan sonra Azərbaycanla əlaqələri düzəltməyə çalışmalıdır. Onların çıxış yolu budur. Azərbaycan sülhə və əməkdaşlığa hazırdır”.

Professorun fikrincə, Türkiyə-Ermənistan münasibətləri Azərbaycan-Ermənistan münasibətlərindən asılıdır: “Əgər Ermənistan Azərbaycanla münasibətləri qaydaya sala bilsə, Paşinyan üçün Türkiyə ilə əlaqələr qurmaq çətin olmayacaq. Ehtimal edirəm ki, Paşinyan əlaqə qurmağa çalışacaq. Aydındır ki, ruslar Ermənistanı fəlakətə aparır. Bu səbəbdən də Ermənistan fəlakətin qapısından dönməlidir. Ümid edirəm ki, Ermənistan hakimiyyəti bu həqiqəti dərk edəcək”.

Reyting.az




Bölməyə aid digər xəbərlər