Rusiyanı “Taliban” təhlükəsi gözləyir? - Deputatın şərhi
Tarix: 19-08-2021 15:36 | Bölmə: Slayd
Rusiyanı “Taliban” təhlükəsi gözləyir?

“İndiki mərhələdə Rusiya “Taliban”la bağlı təhlükə hiss etməməlidir. Çünki onlar “Taliban” rəhbərliyi ilə müzakirələr aparıblar. Danışıqların əsas mahiyyəti onunla bağlıdır ki, Moskva onların Əfqanıstan sərhəddindən kənara çıxmamasını istəyir.

İndiki mərhələdə “Taliban” da xarici əməliyyatlar həyata keçirmək imkanına malik deyil. Onların daxildə proseslərə nəzarət etməsinə ehtiyac var. Nəzərə alınmalıdır k, artıq daxildə bir neçə əyalətdə də etirazlar başlayıb. Odur ki, Rusiyanı yaxın perspektivdə “Taliban”dan təhlükə gözləmir”.

Bu fikirləri Reyting.az-a Milli Məclisin deputatı, siyasi analitik Asim Mollazadə deyib.

Asim Mollazadə uzaq perspektivdə “Taliban”ın Rusiyaya qarşı təhlükə yaradıb-yaratmamasını qiymətləndirərəkən bildirib ki, hər şey ola bilər. Onun fikrincə, uzaq perspektivi müzakirə etmək üçün Əfqanıstanda hakimiyyətdə kimin olması və dövlətin hansı formada qurulmasını gözləmək vacibdir: “İndiki halda Əfqanıstanda dövlət yoxdur. Puştunlar Əfqanıstan əhalisinin 40 faizini təşkil edir. Bura çoxmillətli və çoxdilli ərazidir. Ona görə də burada kimin dövlət qurmağa qadir olacağı ciddi suallar da doğurur. Əfqanıstanın bu formada vahid dövlət kimi qalıb-qalmayacağı da sual altındadır”.

Analitik düşünmür ki, ABŞ Əfqanıstandan çıxmaqla yaratdığı boşluğu Çin və Rusiya dolduracaq: “İndi hamının iddiaları olacaq. Çünki Əfqanıstanda təbii ehtiyatlar var. Üstəlik, uzun illərdir ki, yarımkriminal qruplar oradan narkotik mərkəzi kimi istifadə edirdi. Məncə, proseslərin hansı istiqamətdə gedəcəyini müşahidə etmək lazımdır. Çünki proseslərin qaynar vaxtı hansısa proqnozlar vermək çətindir”.

A. Mollazadə əlavə edib ki, Əfqanıstanın sabiq vitse-prezidenti də müqavimət hərəkatı yaradıb: “Həmçinin tacik və özbək qruplaşmaları birləşərək müqavimət göstərmək haqqında düşünəcək. “Taliban”ın əlində 50 minlik hərbi qüvvəsi var. Ancaq zamanında əfqan hökumətinin 300 minə yaxın hərbi qüvvəsi olub. İndi bu hərbi qüvvələr bölünüb və hər kəs öz torpağına qaçacaq. Məncə, yaxın dövrdə Əfqanıstanda savaş qaçılmazdır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər