“Onlayn təhsil keyfiyyətli deyil, ənənəvi tədris bərpa olunmalıdır” - Ekspert
Tarix: 20-08-2021 12:11 | Bölmə: Slayd
“Onlayn təhsil keyfiyyətli deyil, ənənəvi tədris bərpa olunmalıdır”

“Yeni tədris ilinin başlanması istər Azərbaycanda, istərsə də dünyada ən ciddi müzakirə predmetinə çevrilib. Pandemiya 2 milyard insanın təhsilinə birbaşa təsir göstərib, 600 milyon insan təhsil prosesindən birbaşa kənarda qalıb”.

Bunu Reyting.az-a təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, Azərbaycan 2020-ci ilin martında - pandemiya dövrü başlayanda tədris prosesinin formatını dəyişib və çevik qərar qəbul edilərək yaranmış problemin aradan qaldırılması üçün "Teledərs", "Virtual məktəb" layihələri hazırlanıb:

“Əlbəttə, bu formatda təhsil keyfiyyətli deyildi. Xüsusən, texniki və təbiət fənlərinin tədrisində ciddi problemlər var idi, eyni zamanda bir çoxunun onlayn dərslərdə iştirakı üçün kompüteri, telefon, internet yox idi. Bu da onlar üçün onlayn tədrisin əlçatanlığının və keyfiyyətinin olmamasına gətirib çıxarırdı. Həmçinin uzun müddət onlayn dərslərdə iştirak uşaqlarda görmə, onurğa sütunu əyriliyi, inkişafdan geri qalma problemlərini ortaya çıxartdı. İndi ən ciddi məsələ 2021-ci ildə ənənəvi dərslərə başlamağımızla bağlıdır. Hesab edirəm ki, biz başlamalıyıq və başlayacağıq da. Ona görə ki, pandemiya dövründə iki dəfə dərslər bərpa edəndə insanlar vaksinasiya olunmamışdı, amma indi 6 milyona yaxın insan peyvənd olunub. Eyni zamanda pandemiya dövründəki davranış qaydalarına yiyələnmişik. Müəllimlərin 70 faizindən çoxu vaksinasiyadan keçib. Bütün bunlar bizim tədrisi ənənəvi qaydada başlamağımızı qaçılmaz edir. Bütün hallarda başlaya bilərik”.

Ekspert qeyd edib ki, ali təhsil müəssisələrində də tədris birmənalı şəkildə başlamalıdır, çünki, tibb, mühəndislik ixtisaslarında onlayn qaydada keyfiyyətli tədris mümkün deyil:

“Bu amilləri nəzərə alaraq pandemiya dövründə tədrisi bərpa etməliyik. Təbii ki, qaydalar dəyişəcək. Auditoriyalarda insanlar əvvəlki kimi çox olmamalıdır, ara məsafə gözlənilməlidir. İxtisas üzrə fənlər ənənəvi, digər fənlər isə onlayn qaydada keçirilə bilər. Çünki ali təhsil müəssisələri tam olaraq onlayn platformalarını quraşdıra bilməyiblər. Qaydaya əsasən ali məktəbə daxil olan 18 yaşdan yuxarı şəxslər vaksin olunmalıdır. Burada belə bir problem ortaya çıxır ki, bu il universitetlərə daxil olanların 40 minə yaxınının yaşı 17-dir və onları vaksinasiyaya 18 yaşı olanda cəlb etmək mümkün olacaq”.

K. Əsədov vurğulayıb ki, peyvənd olunan tələbələrlə olunmayanlar eyni vaxtda dərs prosesində iştirak etməməlidir:

“Problemin aradan qaldırılması üçün I kurslar tədris prosesində birinci növbə, II, III və IV kurslar isə ikinci növbə iştirak etməlidirlər. Bu, yeganə çıxış yoludur”.

Reyting.az




Bölməyə aid digər xəbərlər