Azərbaycan və Ermənistan arasında yeni müharibə təhlükəsi artır - Hərbi ekspert
Tarix: 21-08-2021 16:06 | Bölmə: Slayd
Azərbaycan və Ermənistan arasında yeni müharibə təhlükəsi artır

Qarabağdakı 44 günlük Vətən müharibəsindən sonra regionda çox maraqlı proses müşahidə olunur. Ötən gün Ermənistan tərəfi rəsmən etiraf edib ki, ötən ilin noyabrından (müharibə noyabrın 10-da dayanıb) Rusiya Ermənistana müasir silahlar verir və bu daimi prosesdir. Ermənistan rəsmiləri ümid edirlər ki, qısa müddətə erməni ordusunu modernləşdirə biləcəklər.

Azərbaycan da müharibədən sonra öz ordusunu daha da gücləndirir. Bir müddət əvvəl mediada Azərbaycanın İsraildən silah alışına dair 2 milyard dollar dəyərində müqavilə imzaladığı bildirilib. Bu həftənin əvvəllərində isə Azərbaycan rəsmiləri İstanbulda keçirilən silah sərgisində iştirak ediblər.

Müşahidələr deməyə əsas verir ki, həm Ermənistan, həm də Azərbaycan müharibədən sonra yenidən silahlanırlar.

Hərbi ekspert Azad İsazadə Reyting.az-a deyib ki, bir müharibə qurtarsa da, Azərbaycan istədiklərinin hamısına nail olmayıb, Ermənistan isə müharibənin nəticələrindən narazıdır.

Mütəxəssis bildirib ki, sülh müqaviləsi bağlanmayıbsa, hər iki tərəf müharibəyə hazırlaşmalıdır: “Sözsüz ki, bu proses Ermənistan üçün daha uzun və daha ağır çəkəcək. Amma hadisələr göstərir ki, onlar sülh müqaviləsini bağlamağa hazır deyillər. Deməli, zamanla vəziyyət 2015-ci ildəki duruma gəlib çıxacaq. Yəni hər iki tərəf silahlanacaq və müharibənin hər an başlamaq təhlükəsi yaranacaq”.

Hərbi ekspert müharibənin yaxın vaxtlarda başlayacağı ehtimalını real deyil: “Məsələn, ermənilər deyirlər ki, ordularında islahatlar aparırlar. Məlumatlar gəlir ki, dviziyalardan imtina edəcəklər, briqadalar yaradacaqlar və s. Amma mən əminəm ki, Ermənistanda əhali qıtlığı olması səbəbindən bu islahatlar natamam olacaq. Lakin silahlanma gedirsə, aydındır ki, yaxın 1-2 ilə başlamasa da, sonrakı illərdə böyük müharibə ola bilər”.

Azad İsazadə xatırladıb ki, Ermənistan bir çox hallarda silahları Rusiyadan pulsuz alır: “İndiyə qədər olan təcrübə göstərir ki, Rusiya Ermənistana kredit ayırır. Sonradan ermənilər bu pulla Rusiyadan silah alır. Deməli, Rusiyadan asılı olurlar, borc alırlar. Amma real olaraq onlara indiki silah pulsuz verilir. Şəxsən mən zənn etmirəm ki, erməni ordusu yaxın illər ərzində özünü tam bərpa edə bilsin”.

Reyting.az




Bölməyə aid digər xəbərlər