11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
13:06 / 16-06-2025
Sabah yağış yağacaq
Rəsmi Moskva üçtərəfli razılaşma ilə bağlı növbəti bəyanat yayıb
Tarix: 09-11-2021 13:33 | Bölmə: Slayd
Rəsmi Moskva üçtərəfli razılaşma ilə bağlı növbəti bəyanat yayıb

“2021-ci il noyabrın 9-da Rusiya Federasiyasının Prezidenti V.V.Putin, Azərbaycan Respublikasının Prezidenti İ.Q.Əliyev və Ermənistan Respublikasının Baş naziri N.V.Paşinyan tərəfindən tam atəşkəs və bütün hərbi əməliyyatlar haqqında Bəyanatın qəbul edilməsindən bir il ötür. Bu addım qan tökülməsinə son qoymağa və bölgədə dinc həyatın bərqərar olması prosesinə start verməyə imkan yaratdı”.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişin ildönümü ilə bağlı bəyanatında deyilir.

Sənəddə qeyd olunur: “Bu gün qeyd edə bilərik ki, 9 noyabr 2020-ci il tarixli Bəyanatda qeyd olunan razılaşmalar ümumilikdə icra olunur. Eyni zamanda, Bakı və İrəvanın onun bütün müddəalarının daha da həyata keçirilməsinə və ciddi şəkildə yerinə yetirilməsinə sadiq qalması vacibdir.

9 noyabr 2020-ci il tarixli Bəyanata uyğun olaraq yerləşdirilən Rusiya sülhməramlı kontingenti (RMK) regionda vəziyyətin sabitləşməsinə və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verir. Azərbaycanlı və erməni dostlarımız bunu yüksək qiymətləndirirlər.

Rusiya sülhməramlılarının iştirakı ilə 2020-ci il dekabrın 2-dən ümumilikdə 122 hərbi əsir və məhbus geri qaytarılıb. Onlardan 105-i Ermənistana, 17-si isə Azərbaycana qaytarılıb. Öz növbəsində 3 paket mina sahəsi xəritəsi Azərbaycan tərəfinə təhvil verilib.

Sülhməramlılar dinc həyatın qurulmasında fəal iştirak edir. Rayona mütəmadi olaraq humanitar yardımlar çatdırılır, ərazilər təmizlənir (2020-ci ilin noyabr ayından 1937 bina yoxlanılıb, 2311,5 hektar ərazi və 683 km yol təmizlənib, 26 mindən çox partlayıcı obyekt aşkar edilib). Həyat üçün zəruri olan infrastruktur bərpa olunur. 53 minə yaxın qaçqın öz evlərinə qayıdıb.

Regiona 1581 ton humanitar ləvazimatlar (elektrik stansiyaları, mühəndis-yanğın avadanlığı, ilkin tələbat malları) və 800 ton tikinti materialı çatdırılıb. Humanitar minatəmizləmə işləri aparılıb.

Biz qalan humanitar problemlərin operativ şəkildə həlli, o cümlədən bütün məhbusların azad edilməsi, bütün itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasına köməklik edilməsi, həlak olanların cəsədlərinin təhvil verilməsi və minalanmış sahələrin tam dəqiq xəritələrinin təqdim edilməsi üçün səylərimizi davam etdiririk. Mədəni, dini və tarixi irs obyektlərinin təhlükəsizliyinin təmin edilməsi də aktualdır.

Biz tərəfdaşlarımızla birlikdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 11 yanvar 2021-ci il tarixli Bəyanatında təsbit olunmuş Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələri ilə bağlı vəzifələri ardıcıl şəkildə həyata keçirmək niyyətindəyik.

Biz Cənubi Qafqazın iqtisadi və nəqliyyat potensialının üzə çıxarılmasına kömək edəcək maraqlar balansına əsaslanan konkret layihələrin tezliklə işə salınmasının zəruriliyini vurğulayırıq.

Azərbaycan-Ermənistan dövlət sərhədində gərginliyin azaldılması və onun delimitasiyası prosesinə mümkün qədər tez bir zamanda başlanılmasının vacibliyini qeyd edirik.

Biz bütün lazımi məsləhətləri verməyə hazırıq.

Biz, ilk növbədə, regionun qarşısında duran sosial-iqtisadi və humanitar vəzifələrin həlli kontekstində ATƏT-in Minsk Qrupu həmsədrlərinin xətti ilə səylərin davam etdirilməsini vacib hesab edirik. BQXK, BMT QAK, YUNESKO və digər müvafiq beynəlxalq təşkilatların töhfəsi də tələb olunur.

Biz Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşmasına kömək etmək üçün əlimizdən gələni edəcəyik, Cənubi Qafqazın sabitliyinin, təhlükəsizliyinin və iqtisadi inkişafının təmin edilməsinə dair geniş spektrli məsələlər üzrə bütün səviyyələrdə təmasların genişləndirilməsinə yönəlmiş sülh təşəbbüslərini dəstəkləyəcəyik.

Həmçinin Azərbaycan və erməni xalqları arasında etimad mühitinin yaradılması məqsədilə Rusiya Federasiyasının iştirakı ilə Azərbaycan Respublikası və Ermənistan Respublikası ictimaiyyətinin nümayəndələri arasında dialoqun aparılmasına kömək etməyə hazırıq.

Biz Cənubi Qafqaz ölkələri ilə onların qonşuları arasında mehriban qonşuluq münasibətlərinin qurulmasının, qarşılıqlı faydalı regional əməkdaşlığın inkişafının tərəfdarıyıq”.




Bölməyə aid digər xəbərlər