13:06 / 16-06-2025
Sabah yağış yağacaq
Türkdilli ölkələr arasında əlaqələr daha da yüksəlir - Politoloq
Tarix: 12-11-2021 14:50 | Bölmə: Slayd
Türkdilli ölkələr arasında əlaqələr daha da yüksəlir

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən VIII Zirvə Görüşü olduqca böyük əhəmiyyətə malikdir”.

Bunu Reyting.az-a politoloq Oqtay Qasımov Azərbayanın 2019-cu ildən sədrlik etdiyi Türdilli Dövlətlərin Əməkdaşlıq Şurası və onun İstanbulda keçirilən VIII Zirvə Görüşü haqqında danışarkən deyib.

O. Qasımov xatırladıb ki, türkdilli dövlətlərin liderlərinin zirvə görşü 1992-ci ildən keçirilir: “O zamandan indiyə qədər müəyyən istisnalarla görüşlər sistemli şəkildə baş tutur. Bu görüşlərin əhəmiyyətinin böyüklüyünə gəldikdə, ilkin dövrlərlə indiki zamanı müqayisə etsək görərik ki, indi türkdilli ölkələr arasında əlaqələrin inkişafı və münasibətlərin səviyyəsi daha yüksəkdir. Əlbəttə, bu məsələdə Azərbaycanın da zəhməti böyükdür”.

Politoloq bir məqama xüsusi diqqət çəkib:

“İlkin dövrlərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Azərbaycan, Türkiyə və Orta Asiyanın 4 respublikasını əhatə edirdisə, indi bura digər dövlətlər də müşahidəçi qismində qoşulur. Macarıstanı da qeyd edə bilərik. Əlbəttə, burada birliyin imici və təsiri rol oynayır. Münasibətlər inkişaf etdikcə digər ölkələr də bu birliyə meyl edəcək”.

O. Qasımov bildirib ki, bu təşkilatda təmsil olunan dövlətlər müxtəlif zamanlarda bir-birinə dayaq dururlar: “2015-ci ildə Rusiya və Türkiyə arasında təyyarə böhranı yarandı, münasibətlər gərginləşdi. Bu zaman Azərbaycan və Qazaxıstan prezidentləri problemi yoluna qoymaq üçün xeyli əmək sərf etdilər. Nəticə etibarı ilə Türkiyə və Rusiya arasında münasibətlər qaydaya düşərək inkişaf etdi. Eləcədə Azərbaycanın Vətən müharibəsi dövründə başda Türkiyə olmaqla, türkdilli dövlətlər Azərbaycanın ərazi bütövlüyünü birmənalı müdafiə etdi. Türkiyənin açıq siyasi və hərbi dəstəyi də mühüm rol oynadı”.


O. Qasımov

Müsahibimiz qeyd edib ki, Azərbaycanın Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına sədrliyi çox effektiv olub, baxmayaraq ki, 2019-cu ildə dünyanı COVİD-19 pandemiyası bürüyüb: “Dünya uzun müddət özünə qapandı. Amma bütün bu sıxıntılara və məhdudiyyətlərə baxmayaraq, Azərbaycan sədr kimi effektiv iş apardı. Həm türkdilli dövlətlərin ikitərəfli münasibətlərinin inkişafında, həm də Azərbaycanın prosesdə iştirakı real oldu. Buna bir örnək gətirə bilərik. Azərbaycan və Türkmənistan arasında ötən il imzalanan keçmiş “Sərdar”, indiki “Dostluq” yatağının işlədilməsinə dair iki dövlət arasında razılaşma oldu. Halbuki son 25 ildə bu yataq iki ölkə arasında mübahisə obyekti kimi qalırdı. Münasibətlər inkişaf etdikcə arada olan belə anlaşılmazlıqlar və ya mübahisə doğuracaq məsələləri həll edə bildik. Sözsüz ki, burada Azərbaycanın mövqeyi də əhəmiyyətli oldu”.

Politoloq əlavə edib ki, Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycanı açıq dəstəkləməsi, savaşdan sonra prezident Ərdoğanın üç dəfə Azərbaycana səfər etməsi, Zəfər paradında iştirakı, Şuşa Bəyannaməsi, Füzuli hava limanının açılışı, Ağalı kəndinə gəlməsi münasibətlərin inkişafının göstəricisidir.

O. Qasımovun fikrincə, pandemiya və digər problemlərə baxmayaraq Azərbaycanın sədrliyi dövründə bu təşkilat daxilində əlaqələr inkişaf edib: “Əlbəttə, könül istərdi ki, əlaqələr daha da yüksək olsun. Ancaq pandemiya dünyanı qapatdı. Hətta buna rəğmən Azərbaycan çox işlər gördü. Bu da türkdilli dövlətlər arasında əlaqələrə və gediş-gəlişlərin sürətlənməsinə öz təsirini göstərdi. Hesab edirəm ki, Azərbaycan bu quruma sədrliyi dövründə effektiv işlədi, bu qurumun işlək hala gəlməsi, onun ayrı-ayrı strukturlarının fəaliyyətinə öz töhfəsini verdi. Türk Şurası baş katibinin müharibə dövründə Azərbaycana səfərləri, bəyanatları, Azərbaycanın haqq işinin türkdilli dövlətlərə və toplumlara çatdırılmasında da bu qurum böyük rolu oldu. Zənnimcə, Azərbayanın bu quruma sədrlik etdiyi dövrü səmərəli hesab etmək olar. Bundan sonra sədrlik Türkiyəyə keçəcək. Ümid edirik ki, Türkiyənin də sədrliyi dövründə estafet eyni templə davam etdiriləcək”.




Bölməyə aid digər xəbərlər